Azedu.az

Kimlər daha çox iş tapır? - ölkədə, yoxsa xaricdə təhsil alanlar...

Tələbələr

Universitetlər

Xaricdə Təhsil

28 Avqust 2025, 17:21
Kimlər daha çox iş tapır? - ölkədə, yoxsa xaricdə təhsil alanlar...

Beynəlxalq təcrübədən görürük ki, bir sıra şirkətlər ali məktəblərdə təqaüd verdikləri tələbələri sonradan dəyərləndirərək, öz şirkətlərində onlara iş yeri təklif edirlər.

Azərbaycana nəzər saldıqda isə sahibkarların ali məktəblərlə o qədər də çox əlaqəli olmadığını müşahidə edirik. Hər hansı bir iş və ya missiya üçün ya xarici mütəxəssislərə, ya da xaricdə təhsil almış həmyerlilərimizə müraciət edirlər.

Bəs niyə sahibkarlar universitetlərlə işləmirlər?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Elçin Süleymanlı bildirib ki, ölkəmizdə bir çox şirkət, xüsusilə mobil rabitə, neft və bank sahəsində fəaliyyət göstərən şirkətlər tələbələr üçün təqaüd proqramları təqdim edir.

“Düzdür, təqaüd verdikləri tələbə sayı çox kütləvi deyil, lakin yenə də bu təşəbbüs alqışlayiqdir. Həmin şirkətlər təqaüd verərkən öz gələcək mütəxəssislərini də seçmiş olurlar. Təqaüd verdikləri tələbələrin böyük hissəsi məzun olduqdan sonra xaricdə təhsil alır, yaxud həmin şirkətlərə işə dəvət olunurlar. Şirkətlərin gələcək kadrlarını bu cür seçməsi və onlara təqaüd verməsi, bütün dünyada tətbiq olunan bir təcrübədir. Düşünürəm ki, digər şirkətlər də buna dəstək verməlidir. Bunu yalnız özlərinə işçi götürmək xatirinə yox, sosial məsuliyyət kimi başa düşməlidirlər”, - deyə ekspert qeyd edib.

Bir çox dövlətin və müəyyən şirkətlərin maliyyələşdirdiyi xaricdə təhsil proqramları mövcuddur:

“Eyni zamanda ölkələrarası müqavilə və universitetlərin təqdim etdiyi təqaüd proqramları var ki, azərbaycanlı gənclər bundan istifadə edir. Bu istiqamətlər müsbət yöndədir, çünki tələbələrimiz xaricdə təhsil alaraq ikinci diplom əldə edir, həmçinin təhsil aldıqları ölkənin şirkətləri ilə də təcrübə qazanırlar. Bunların hamısı müsbət fəaliyyətlərdir. Amma çalışılmalıdır ki, bu proqramlarda iştirak edən tələbələr sonradan ölkəyə qayıtsınlar. Çünki onlar bizim dəyərlərimiz və insan kapitalımızdır. Yaxşı mütəxəssisə tələb çoxdur. Xüsusilə mühəndislik və tibb sahəsində dünyanın əksər ölkəsində kadr çatışmazlığı mövcuddur. Hazır yetişmiş mütəxəssisi bir çox ölkə öz kadırı kimi cəlb etmək istəyir”.

Xaricdə təhsil alanların ölkəmizdə vəzifələrə çəkilməsi müsbət addımdır:

“Lakin burada diskriminasiya olmamalıdır. Xaricdə təhsil alan və almayan şəxslər işə qəbul prosesində ayrı-seçkiliyə məruz qalmamalıdır. Sadəcə olaraq, sahibkarlar müəyyən qabiliyyətləri və ixtisas biliklərini nəzərə alarkən, görür ki, xaricdə oxuyanlar daha təcrübəlidirlər. Amma Azərbaycan universitetlərində təhsil alan, müxtəlif səbəblərdən xaricə gedə bilməyən kifayət qədər yaxşı mütəxəssis mövcuddur. Ona görə də biz yaxşı kadrları itirməməliyik. Yaxşı kadrın meyarı onun bacarıqları, savadı, analitik təfəkkürü və digər peşəkar keyfiyyətləridir”.

Xaricdə təhsil alanlarla ölkəmizdə oxuyanlar arasında fərq qoyulmamalı, istedadlı şəxslər üstün tutulmalıdır:

“Sahibkarların xaricdə təhsil alanları kadr kimi seçməsi, yüksək təhsil almış şəxslərin müsabiqələrdən keçməsi və üstün tutulması normal haldır. Hətta dövlət qulluğuna qəbul zamanı xaricdə təhsil alanların müəyyən mərhələlərdən azad olması da bununla bağlıdır. Yəni dövlət həmin gənclərin ölkənin insan kapitalına daxil olmasında maraqlıdır, çünki onların təhsilinə kifayət qədər vəsait ayrılıb. Həmin şəxslərin ölkəmizdə çalışaraq vətənə fayda verməsi təmin edilməlidir.

Nəticə olaraq, dövlət xaricdə təhsil alan vətəndaşlarımızın geri qayıtmasına şərait yaratmalıdır. Onlar ölkəmizin iqtisadi inkişafı üçün vacibdirlər. Amma bu da yerli təhsili diskriminasiya edərək gerilətməməlidir. Mütəxəssis seçilərkən heç vaxt yerli və xarici təhsil alan arasında fərq qoyulmamalıdır. Seçim yalnız müəyyən qabiliyyət və təcrübəyə əsaslanmalıdır. Unutmamalıyıq ki, həm ölkədə, həm də xaricdə təhsil alanlar Azərbaycan vətəndaşlarıdır və ölkəmizin inkişafına töhfə verməlidirlər”.

Ukraynadan gözlənilməz hücum: Rusiya zavodları bombalanır
Son xəbərlərDaha çox