Yeni tədris ilinin başlanması ilə regionlardan Bakıya qəbul olan tələbələrin sayı artır və onların əsas ehtiyaclarından biri də qalacaq yerin olmasıdır. Bir çox gənc kirayə mənzilə üstünlük versə də, bəzi tələbələr üçün universitetlərin yataqxana imkanları hələ də prioritet hesab olunur.
Bakı şəhərində fəaliyyət göstərən ali təhsil müəssisələrinin çoxu tələbələr üçün yataqxana imkanları təklif edir.
AzEdu.az tələbə yataqxanalarının şəraiti və qiyməti barədə məlumat üçün universitetlərə sorğu göndərib.
Azərbaycan Dövlət Pedaqoji Universitetindən (ADPU) verilən məlumata görə, Bakı şəhərində universitetin 5 tələbə yataqxanası var. Lakin bu yataqxanalardan 4-də ümumilikdə 1603 nəfərdən ibarət 443 məcburi köçkün ailəsi məskunlaşıb.
"ADPU-nun 5 nömrəli yataqxanası isə universitetdə təhsil alan qız tələbələrə xidmət göstərir. Bu yataqxanada 200 nəfərədək xanım tələbə yerləşə bilər. Yataqxanada aylıq ödəniş bir tələbə üçün 85 AZN təşkil edir. Burada tələbələr bütün kommunal, internet xidmətləri, istirahət otaqları və s. ilə təmin olunur. Bütün otaqlar tam təmirlidir.
Yataqxanaya, əsasən, sosial həssas qrupdan olan və əcnəbi xanım tələbələr qəbul olunur".
Xəzər Universitetindən bildirilib ki, universitetin yataqxanası 100 yerlikdir. Ünvan universitənin əsas binasının (Neftçilər kampüsü) yaxınlığında yerləşir. 3 mərtəbədən ibarət yataqxanada yeməkxana da daxil olmaqla hər cür şərait var. Qiymət 120-140 manat arasında dəyişir.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinindən (ADNSU) sorğumuza cavab olaraq bildirilib ki, əvvəlki illərlə müqayisədə yataqxanalarda xüsusi bir dəyişiklik olmasa da, gələcəkdə təmir olunması nəzərdə tutulur. Ancaq bu barədə hələ qərar verilməyib, böyük yataqxanadır və bir neçə kurpusdan ibarətdir.
"Ümumilikdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yataqxanası 320 nəfərlikdir. Burada həm yerli, həm də əcnəbi tələbələr qalırlar, əcnəbi tələbələr adətən üstünlük təşkil edir.
Yataqxana 2 və 3 nəfərlik otaqlardan ibarətdi. Bir otağın qiyməti 100 manatdır. 2 nəfər qaldıqda hər biri 50, 3 nəfər qaldıqda isə 34 manat vəsait ödəyirlər".
Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) aldığımız məlumata görə universitetin 5 yataqxanası mövcuddur. Lakin bu bu binalarda məcburi köçkünlər məskunlaşdığı üçün tələbələr istifadə edə bilmir. Məcburi köçkünlər köçürüldükdən sonra yataqxanalar yenidən qurularaq tələbələrin istifadəsinə veriləcək. Aprel ayında isə müasir standartlara cavab verən Zaqatala filialımızın açılışı oldu. Bura 145 tələbə üçün nəzərdə tutulmuşdur.
Bakı Mühəndislik Universitetindən (BMU) bildirilib ki, oğlan və qızlar üçün 342 nəfərlik iki böyük yataqxana fəaliyyət göstərir. Yataqxanadakı 77 otağın hər biri 4 nəfərlikdir. Universitetin tələbə yataqxanaları müasir tələblərə cavab verir. Bütün mərtəbələrdə istirahət guşəsi və dərs çalışma otaqları var.
Yataqxanalarda camaşırxana fəaliyyət göstərir. Ümumi işlək yerlər və tələbə otaqları hər gün təmizlik işçiləri tərəfindən təmizlənir. Eyni zamanda, otaqlarda və dəhlizlərdə yanğından müdafiə qurğuları, yanğın xəbərverici sistemlər yerləşdirilib.
Kompleksin ətrafında geniş abadlıq-quruculuq işləri aparılıb, tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi üçün hərtərəfli imkan yaradılıb.
Yataqxanalarda əsasən yerli tələbələr yerləşib. Əcnəbi tələbələrdən də yataqxananın imkanlarından istifadə edənlər var.
Qiyməti ayda 100 manat təşkil edir.
Azərbaycan Texniki Universitetindən (AzTU) verilən məlumata görə, yataqxanada qaçqın və məcburi köçkün ailələri məskunlaşıb.
"Son illər binalarda 124 ailə yaşayırdı, lakin artıq 10 ailə işğaldan azad edilən ərazilərdə doğma yurdlarına qayıdıb. Qalan 114 ailə hazırda həmin binalarda yaşayır. Yataqxana kompleksi tamamilə yararsız vəziyyətə düşüb. Binaların vəziyyəti hər hansı yaşayış standartlarına cavab vermir. Su, elektrik və qaz xətləri, habelə kanalizasiya sistemi məcburi köçkünlər tərəfindən öz məişətlərinə uyğun dəyişdirilib. Yataqxana kompleksindəki ərazidə vaxtilə mövcud olmuş idman, sağlamlıq və ictimai iaşə obyektləri, habelə ətraf yollar və yaşıllıqlar tamamilə yararsız hala düşüb. Köçürülmə prosesi tam yekunlaşdıqdan sonra yataqxananın təmir olunması və ya sökülərək yenidən tikilməsi ilə bağlı qərar veriləcək. Daha sonra isə tələbələrin istifadəsinə veriləcək".
ADA Universitetindən bildirilib ki, hazırda tələbə yataqxanası mövcud olmasa da, yaxın illərdə inşa edilməsi planı var.