Bu il ali məktəbə qəbul olan abituriyentlər arasında yaşı digər tələbələrdən xeyli fərqlənən namizədlər də var. Onlardan biri Vəfa Cəfərovadır və o, 55 yaşında subbakalavr kimi Sumqayıt Dövlət Universitetinə qəbul olunub.
AzEdu.az bu münasibətlə Vəfa xanımla əlaqə saxlayıb, təəssüratlarını öyrənib.
"Təbii ki, bu yaşda qəbul olma xəbərini eşidən zaman sevindim. Lakin çox istərdim ki, əyani deyil, qiyabi təhsil alım. Hazırda işlədiyim üçün bu, mənə bir az çətinliklər yaradacaq. Özüm “Azəriqaz” İstehsalat Birliyində işləyirəm. İndi isə SDU-da neft-qaz mühəndisliyi ixtisası üzrə təhsilimi davam etdirəcəyəm.
Daha əvvəl kollecdə oxumuşam. 1987-ci ildə Bakı Politexnik Texnikumunda təhsil almışam. 2019-cu ildə bir layihə ilə Azərbaycan Dövlət Neft Akademiyasına qəbul oldum. 2024-cü ildə oxuduğum ixtisas nazirlik tərəfindən təsdiq olunmadığı üçün məni kollecə yönləndirdilər".
İmtahanlara özüm hazırlaşmışam
"94 bal toplamışam, 3 bal attestat balımdır. Oxumaq çətin bir şey deyil. Məqsədin varsa, əlbəttə, bir gün uğur qazanarsan".