Samux rayon Milli Qəhrəman Eltun İsgəndərov adına Əhmədbəyli kənd tam orta məktəbinin məzunu Fidan Mirzəyeva heç bir hazırlığa və repetitor yanına getmədən Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olunub.
Hüquqa hazırlıq kursuna getmədən, yalnız öz zəhməti və planlı çalışma ilə qəbul olan Fidan, təcrübəsini AzEdu.az-a bölüşüb.
O, qəbul xəbərini aldıqda yaşadığı həyəcanı, günlərini necə səmərəli təşkil etdiyini və imtahana hazırlaşacaq gənclərə tövsiyələrini danışıb.
“Qəbul xəbərini alanda çox həyəcanlı idim. Bu həyəcan narahatlıq deyildi. Çəkdiyim əziyyətin yerdə qalmayacağına əmin idim. Əmin idim ki, qəbul olacağam. Sevincimi də ilk olaraq ailəmlə bölüşdüm.
Valideynlərim repetitor yanına getməyimi təklif etmişdilər. Düşünürdüm ki, hazırlıq mənim üçün əlavə yük, vaxt itkisi olar. Çünki gün ərzində kifayət qədər dərs oxuyurdum və özümə güvənirdim. Artıq 9-cu sinifdə müəllimsiz də özüm öyrənə bildiyimi sınaqdan keçirmişdim.
Günlərimi dəqiq qrafiklə bölürdüm. Hər gün 8-10 saat dərs oxuyurdum. Məsələn, səhər saat 10-da başlayıb axşam saat 11-ə kimi fasilələrlə hazırlaşmışam. Buna görə də hazırlığa ehtiyac duymadım.
Peşə seçimim isə çoxdan bəlli idi. Mənim arzularım arasında başqa sahə olmayıb, həmişə hüquq oxumaq istəmişəm. Uşaqlıqdan bu istək vardı və bu gün ona nail oldum. Gələcəkdə magistraturanı xaricdə oxumaq barədə planlarım da ola bilər.
İmtahana hazırlaşacaq gənclərə tövsiyəm odur ki, ilk gündən özlərinə məqsəd qoysunlar. Ən əsası isə o məqsədə inansınlar. Əgər inanıb əzmlə çalışsalar, hər şey mümkündür".