Azedu.az

1-ci kurslar təhsil kreditindən hansı hallarda yararlana bilər? - CAVAB 

Tələbələr

25 Avqust 2025, 13:04
1-ci kurslar təhsil kreditindən hansı hallarda yararlana bilər? - CAVAB 

Təhsil Tələbə Krediti Fondu (TTKF) Azərbaycanda ali təhsil alan tələbələrin təhsil haqlarını ödəyə bilmələrinə kömək etmək məqsədilə yaradılmış bir dəstək mexanizmidir.

Universitetə qəbul olan 1-ci kurs tələbələri hansı hallarda 1-ci semestrdən kreditdən yararlana bilər? 

Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı Təhsil Tələbə Krediti Fonduna sorğu ünvanlayıb.

Fonddan sorğumuza cavab olaraq bildirilib ki, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olunan abituriyentlər təhsil qeydiyyat prosesi zamanı paralel olaraq e-ttkf.edu.az portalı üzərindən təhsil tələbə krediti (TTK) üçün müraciət edə bilərlər:

"2025–2026-cı tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlər birinci tədris ilinin ilk semestrindən etibarən təhsil tələbə kreditilərindən yararlanmaq imkanı əldə edirlər. Belə ki, illik 2% və 6% olmaqla təqdim edilən kreditlər müvafiq olaraq sosial və standart növ təhsil tələbə kreditləri kimi təqdim olunur.
Sosial TTK almaq üçün tələbələrin bir sıra sosial statusları olmalıdır. Tələbəyə münasibətdə: ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri olanlar, 3-cü qrup əlilliyi olanlar, ailə başçısını itirməyə görə sosial müavinət və ya əmək pensiyası alanlar.

Valideyninə münasibətdə isə, hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya digər qanuni nümayəndələri: 1 və ya 2-ci qrup əlilliyi varsa, işsiz kimi rəsmi qeydiyyatlıdırsa, yaşa görə sosial müavinət və ya əmək pensiyası alırsa, ailə başçısını itirməyə görə pensiya alırsa, valideynlərdən birinin 1-ci qrup əlilliyi varsa, digər valideyn ona qulluq etdiyinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alandırsa, azadlıqdan məhrumetmə və ya azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsdirsə, qeyd olunan şərtlərdən yalnız biri kifayət edir ki, tələbə sosial növ təhsil tələbə kreditindən yararlana bilsin.

Digər hallarda isə tələbə yalnız standart təhsil tələbə krediti üçün müraciət edə bilər. Bu zaman tələbənin bəzi göstərilən şərtləri ödəməsi zəruridir: Belə ki, tələbə illik təhsil haqqının ən azı 20 faizini özü ödəməlidir. İlk tədris ilinin ilk semestrində tələbənin Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən qəbul imtahanlarında topladığı bal, Fondun fəaliyyətinə ümumi rəhbərliyi həyata keçirən Himayəçilik Şurası tərəfindən müəyyən edilmiş minimum keçid balına uyğun olmalıdır. Bakalavriat səviyyəsi üçün bu minimal bal həddi 250 bal (xüsusi qabiliyyət tələb edən ixtisaslarda 100 bal)-dır. Növbəti semestrlərdə tələbənin təhsil tələbə kreditindən yenidən yararlana bilməsi üçün onun Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) ən azı 71 bal olmalıdır",- deyə TTKF-dan məlumat verilib.

Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...
Son xəbərlərDaha çox