Hər il minlərlə abituriyent Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan qəbul imtahanlarında iştirak edir. Onlardan onlarla şəxs 600 və daha yüksək bal toplayaraq böyük uğura imza atır. Lakin təəssüf ki, bu qədər yüksək nəticə göstərmələrinə baxmayaraq bəzi abituriyentlər ali təhsil müəssisəsinə qəbul ola bilmirlər. Bu, həm abituriyentlər, həm də valideynlər üçün məyusedici olsa da, bu hallar təsadüfi deyil - çox vaxt seçim strategiyasında buraxılan səhvlər və texniki detallara laqeyd yanaşma nəticəsində baş verir. Demək olar ki, hər il eyni hal təkrarlanır. Bu il də qəbul imtahanlarından 600-dən yuxarı bal toplamış 10 nəfər abituriyent tələbə adını ala bilməyib kənarda qaldı.
600 və daha artıq bal toplamaq abituriyentin biliyinin yüksək səviyyədə olduğunu göstərir. Lakin qəbul prosesi təkcə bal əsasında həyata keçirilmir. Ali məktəbə qəbul müsabiqə yolu ilə baş verir, yəni hər ixtisas üzrə ən yüksək bal toplayan abituriyentlər seçilir. Əgər seçilmiş ixtisas üzrə yerlər azdırsa və bu yerlərə 650-700 bal arası nəticə göstərənlər üstünlük təşkil edirsə, 600 bal toplayan abituriyent orada yer tuta bilmir.
Ali təhsil müəssisələrinə qəbul zamanı abituriyentlərə 15-dən artıq ixtisas kodu seçmək imkanı verilir. Lakin 600-dən yuxarı bal toplasa da, bəzi abituriyentlər ərizələrində 3-5 ixtisas kodu göstərirlər. Bu məhdud seçimlərin hamısı üzrə keçid balları abituriyentin topladığı baldan yüksək olduqda, heç bir yerə qəbul olunmur. Halbuki daha geniş və balanslı seçim edilsəydi, abituriyent rahatlıqla qəbul ola bilərdi. Bəlkə də istədiyi ixtisasa yox, amma eyni fakültənin başqa bir istiqamətinə.
Bəzi abituriyentlər yalnız ən prestijli və rəqabətli ixtisasları seçir - məsələn, Tibb, Hüquq, Beynəlxalq Münasibətlər, Kompüter mühəndisliyi və s. Bu sahələrdə qəbul balları adətən çox yüksək olur. Əgər bu sahələr üzrə yerlərə balı onlardan bir qədər yüksək olan abituriyentlər düşübsə, 600 bal belə kifayət etmir. Lakin alternativ ixtisas yazılmadıqda, müsabiqədən kənarda qalmaq qaçılmaz olur.
Bəzi ixtisaslarda dövlət sifarişli (ödənişsiz) yerlərin sayı çox azdır. Bu zaman yüksək bal toplamaqla yanaşı, yer sayı və digər abituriyentlərin nəticələri də qəbul şansına təsir edir. Çox vaxt 600 bal toplamaq belə bu azsaylı yerlərə qəbul üçün kifayət etmir.
Bəzi abituriyentlər yalnız dövlət sifarişli yerləri seçir və ödənişli yerləri nəzərə almırlar. Halbuki eyni ixtisas üzrə ödənişli yerlərin keçid balı daha aşağı ola bilər. Əgər ödənişli yer seçilməyibsə, qəbul şansı itir.
Bəzən abituriyentlər sənədlərini səhv kodla təqdim edir, seçimləri vaxtında təsdiqləmir və ya sistemdə texniki səhvlərə yol verirlər. Bu cür hallarda, yüksək nəticələr olsa da, texniki olaraq müsabiqədə iştirak etmək mümkün olmur.
600-dən yuxarı bal toplamaq böyük əzmkarlıq və əmək tələb edir. Lakin qəbul prosesində yalnız bal yox, doğru seçim strategiyası, düzgün sənəd təqdimatı və real yanaşma mühüm rol oynayır. Əgər seçilən ixtisaslar üzrə keçid balları abituriyentin balından yüksəkdirsə və ərizədə başqa alternativlər yoxdursa, nə qədər yüksək bal toplansa belə, abituriyent müsabiqədən kənarda qalır. Halbuki daha geniş və strateji seçim edilsəydi, həmin abituriyent başqa bir ixtisasa rahatlıqla qəbul ola bilərdi.
İxtisas kodlarının sayından tam istifadə etmək abituriyentin qəbul ehtimalını əhəmiyyətli dərəcədə artırır. Əgər müəyyən ixtisaslara qəbul olunmaq arzusu varsa belə, alternativ ixtisaslar da ərizəyə daxil edilməlidir. Bu, ehtiyat tədbiri olmaqla yanaşı, həm də abituriyentin əməyi və yüksək nəticəsinin itməsinin qarşısını alır.
Təhsil eksperti Kamran Əsədov bildirib ki, bir çox abituriyentlər Dövlət İmtahan Mərkəzinin dərc etdiyi "Abituriyent" jurnalında əvvəlki illərin ballarına baxaraq seçim edirlər. Lakin plan yerləri və real statistikaya nəzər yetirmədən yalnız müəyyən ixtisasları yazmaları onların müsabiqədən kənarda qalmasına gətirib çıxarır:
"Hər il minlərlə abituriyent ali məktəblərə qəbul olmaq üçün seçim prosesindən keçir. Bu zaman onların əsas məlumat mənbələrindən biri Dövlət İmtahan Mərkəzi tərəfindən dərc olunan "Abituriyent" jurnalı olur. Jurnalda əvvəlki illərə aid ixtisaslar üzrə keçid balları, qəbul planı və digər statistik məlumatlar təqdim olunur. Lakin təəssüf ki, bir çox abituriyent bu jurnalda göstərilən ötən illərin keçid ballarına kor-koranə əsaslanaraq ixtisas seçimi edir və nəticədə müsabiqədən kənarda qalırlar. Əvvəlki illərin keçid ballarına baxmaq, təxmini fikir formalaşdırmaq üçün faydalıdır. Lakin bu ballar sabit və dəyişməz göstəricilər deyil. Hər il ixtisaslar üzrə plan yerlərinin sayı dəyişə bilər, yeni fakültələr açıla və ya bağlana bilər, hətta eyni ixtisas üzrə universitetlərin reputasiyası və abituriyent marağı da dəyişiklik göstərə bilər.
Ötən il 600 balla qəbul olunan bir ixtisasa bu il 10 yer əvəzinə cəmi 3 yer ayrılıbsa, keçid balı avtomatik olaraq yüksələcək. Digər tərəfdən, bir ixtisas üzrə maraq azalıbsa və plan yeri artırılıbsa, keçid balı aşağı düşə bilər. Yəni abituriyent yalnız 2024-cü ildə keçid balı 602 idi deyə 2025-ci ildə də həmin balın kifayət edəcəyini düşünsə, böyük riskə girir. Hətta 620 bal toplayan abituriyent belə hüquq ixtisasına qəbul ola bilməyib. Abituriyentlər topladıqları balın əvvəlki illərdə həmin ixtisaslara qəbul üçün kifayət etdiyini düşünürlər. Amma nəzərə almırlar ki, hər il plan yerlərinin sayı və digər namizədlərin göstəriciləri dəyişir".
Ekspertin sözlərinə görə, ən çox rast gəlinən səhvlərdən biri də budur: abituriyentlər seçim etdikləri ixtisasların bu il üçün ayrılmış plan yerlərinə diqqət etmirlər. Halbuki plan yeri, keçid balına birbaşa təsir göstərən ən mühüm amillərdəndir. Məsələn, əgər bir ixtisas üzrə ötən il 20 plan yeri olub və bu il həmin yerlərin sayı 5-ə düşübsə, keçid balı nəzərəçarpacaq dərəcədə artacaq. Lakin abituriyent yalnız ötən ilki 600 balı əsas götürür və 605 bal toplayaraq inamla həmin ixtisası yazır. Nəticədə, həmin ixtisasa 630 bal və yuxarı nəticə göstərənlər daxil olur, abituriyent isə heç bir yerə qəbul olunmur: “Sadəcə keçid balına baxaraq seçim etmək, plan yerlərinə və illik abituriyent axınına fikir verməmək, rəqabətli ixtisaslara həddindən artıq bel bağlamaq – bütün bunlar abituriyentləri risk altına salır. Bəzi abituriyentlər isə “ötən il bu ixtisasa 590 balla qəbul olunublar, mən 620 toplamışam - demək ki, düşəcəyəm” düşüncəsi ilə digər ehtiyat seçimləri yazmırlar. Beləliklə, yalnız bir neçə ixtisasa bağlanmaq, qəbul şansını sıfırlayır”.
Təhsil eksperti Məzahir Məmmədlinin sözlərinə görə, 600-dən yuxarı bal toplayan abituriyentlər 3 kateqoriyadan olan şəxslərdir. Birincisi, Bakıda fəaliyyət göstərən özəl liseylər özlərinin reytinqlərini qaldırmaq üçün ümumi statistikanı verəndə bəyan edirlər ki, məktəbimizdən bu qədər abituriyent 600-dən yuxarı bal toplayıb. Xarici universitetlərə qəbul oluna bilmir, amma buradakı statistikada göstərilirlər. Onlar da başqalarının haqqına girməmək üçün necə gəldi ixtisas seçir, adı da qalır ki, düşə bilmədi. İkincisi, bunlar bir başa ixtisas seçimində iştirak etmək istəyirlər:
"Məsələn, gələcəyin həkimi, hüquqşünası olmaq istəyirlər. Bu adamlar bir, yaxud da iki ixtisas seçir. Üçüncüsü, düzgün kodlaşma apara bilmirlər. Düzgün kodlaşma apara bilməyəndə problem yaşayırlar, nəticə də budur. Bu onun üçün faciədir. Bu adam illərini xərcləyib, repetitor yanına gedib. Hər ili ona hardasa 10-15 minə başa gəlib. Hardasa 100 minə yaxın pul itirib, ali məktəbə də girə bilməməsi böyük kədərdir.
Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, keçid balı müəyyən ixtisas üzrə müsabiqədə iştirak edən abituriyentlərin sayı, həmin ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələrindən asılı olaraq müəyyən olunur'. İxtisas seçimi öncəsi müsabiqə vəziyyəti təhlil edilərkən, xüsusilə IV ixtisas qrupunda tibb ixtisasını seçmək istəyən abituriyentlərə öz istəkləri ilə yanaşı, müsabiqə vəziyyətinin reallıqlarının nəzərə alınması tövsiyə olunub: “Lakin bəzən abituriyentlər yenə də məhdud sayda ixtisas seçirlər. Məsələn, bu qrupda 10 abituriyent 600-dən yuxarı bal toplasa da, ərizələrində məhdud sayda ixtisas kodu göstəriblər və nəticədə müsabiqədən keçməyiblər. Həmin yerlərə daha yüksək bal toplayan abituriyentlər qəbul olunub və keçid balı yüksək olub".
Nərmin Qarazadə