Bugünkü dövrdə ali təhsil alan tələbələrin qarşılaşdığı əsas çətinliklərdən biri də kirayə ev problemidir. Xüsusilə bölgələrdən paytaxt və böyük şəhərlərə oxumağa gələn tələbələr üçün yaşayış yeri tapmaq ciddi məsələdir. Tələbə yataqxanalarının sayının azlığı və mövcud olanların şəraitsizliyi ucbatından bir çox tələbə kirayə ev axtarmağa məcbur qalır. Kirayə evlərin qiymətləri isə çox yüksəkdir. Bakı kimi böyük şəhərlərdə bir otaqlı evin aylıq kirayəsi 450-500 manatdan başlayır. Bu, orta statistik tələbənin aylıq xərclərini çox üstələyir. Bəzi tələbələr bu xərcləri qarşılamaq üçün 3-4 nəfərlə eyni evdə yaşamaq məcburiyyətində qalırlar.
Son bir neçə ildə Bakının kirayə mənzil bazarında tələb təklifi üstələyib. Vəziyyət o yerə çatıb ki, tələbələrin artıq universitetlərə yaxın ərazilərdə kirayə ev tapması müşkülə çevrilib. Buna görə də tələbələr şəhərin ucuz yerlərinə üz tuturlar.
Kirayə probleminin əsas səbəblərindən biri tələbə yataqxanalarının çatışmazlığıdır. Həmçinin kirayə bazarına nəzarətin zəif olması da qiymətlərin süni şəkildə artmasına səbəb olur. Tələbələrin çoxu bu vəziyyətdə həm maddi, həm də psixoloji cəhətdən çətinlik çəkirlər.
Tələbə Rauf Səmədov bildirib ki, ayda 150-200 manatla dolanmağa çalışan tələbəyə kirayə haqqı 500-600 manat olan evdə qalmaq sərf etmir: “Yataqxanalar isə ya doludur, ya şəraitsiz. Ailəmin yanında qalmaq imkanım yoxdur, çünki başqa şəhərdəyəm. Tələbəlik dövrü insanın həyatında ən məhsuldar, amma eyni zamanda ən çətin dövrdür. Amma bu dövrdə tələbərə güzəştlər olunsa, dəstək verilsə, hər şey daha asan olar. Ucuz, normal şəraitli evlər tək tələbənin rahatlığı üçün deyil, cəmiyyətin gələcəyi üçün də vacibdir. Çünki bu gün ev tapa bilməyən tələbə, sabah bu ölkənin həkimi, müəllimi, mühəndisi olacaq”.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyir ki, Bakıda kirayə mənzil bazarında qiymət artımı surətdə davam edir. Avqustun sonu, sentyabrın əvvəllərində kirayə evlərin qiyməti daha da bahalaşacaq. Şəhər mərkəzinə və ya metrolara yaxın yerlərdə 3-5 mərtəbəli binalarda söküntü işlərinə start verilib. Bu o deməkdir ki, ucuz kirayəlik mənzillər daşınmaz əmlak bazarından çıxır. Digər tərəfdən, həmin binalarda yaşayan sakinlərin əksəriyyəti evləri tikilib onlara təhvil verilənə qədər ən azı 2-3 il yaxın ərazilərdə kirayədə qalmalı olacaqlar. Bu da kirayə bazarında tələbatın, eyni zamanda qiymətlərin artımına səbəb olur. Əvvəlki qiymətlərlə müqayisədə kirayə evlər demək olar ki, 10-20 faiz bahalaşıb:
“Tələbələr bölgələrdən paytaxta gələrkən kirayə mənzil tapmaqda çətinlik çəkirlər. Çünki səbəblərdən biri köhnə binaların artıq sökülməsidir. Digər səbəb isə köhnə binalarda yaşayan sakinlərin özlərinin uzunmüddətli kirayə mənzillərdə qalmasıdır. Bu kimi səbəblərə görə kirayə mənzil bazarında qiymət artımları baş verir. Yaxın gələcəkdə qiymətlər daha ciddi şəkildə bahalaşacaq. Çünki paytaxt ərazisində sökülməli olan yüzlərlə, minlərlə köhnə, çoxmənzilli yaşayış binaları var. Ən ucuz kirayə mənzilləri məhz bu binalarda tapmaq olurdu. Lakin bu binalar söküldükcə onların yerinə yeni yaşayış binaları tikilir. Təəssüf ki, yeni yaşayış binalarında kirayə mənzillərin qiymətləri köhnə binalardakından iki dəfəyə qədər bahadır”.
Ekspertin sözlərinə görə, bir zamanlar, təxminən 90-ci illərin əvvəllərinə qədər ali təhsil müəssisələrinin demək olar ki, hamısının yataqxanaları mövcud idi. Lakin Birinci Qarabağ müharibəsindən sonra məcburi köçkün düşən soydaşlarımızın çoxu tələbə yataqxanalarına da sığındılar. Nəticədə tələbələr kirayə evlərə üz tutdular. Hazırda dövlət yataqxanalarda yaşayan məcburi köçkünlərin bir hissəsi evlə təmin edib. Artıq Qarabağın tikinti və bərpa işləri davam etdiyinə görə, onlar mərhələli şəkildə öz yurd-yuvalarına köç edirlər: " Tədricən tələbə yataqxanalarında məskunlaşan məcburi köçkünlər öz doğma yurd-yuvalarına köçürülürlər. Artıq bu proses başlayıb. Bir çox ərazilərdə tələbə yataqxanaları boşaldılıb. Onların çoxu qəzalı vəziyyətdədir, tələbələrin istifadəsi üçün yararsızdır. Bu səbəbdən məcburi köçkünlərin köçürüldüyü tələbə yataqxanalarının sökülərək yerində müasirlərinin tikilməsi vacibdir. Yataqxanaların sökülərək yerində yenilərinin inşa olunması tələbələrin kirayə problemini də aradan qaldırmış olar. Bakıda yerləşən yataqxanaların əksəriyyəti o qədər qəzalı vəziyyətdədir ki, hər hansı partlayış və zəlzələ nəticəsində o binalar uça, dağıla bilər. Ona görə də ilk növbədə qəzalı yataqxanalar sökülməlidir".
Elnur Fərzəliyev qeyd edib ki, belə yataqxanaların sökülərək yerində yenilərinin inşa edilməsi paytaxtda kirayə mənzillərə təlabatı azaldacaq, qiymətləri isə ucuzlaşdıracaq: “Bu gün paytaxt ərazisində mənzillərin kirayə qiymətlərinin fantastik həddə çatıb. Bu da tələbələr üçün əlçatan deyil. Birotaqlı mənzildə 2 tələbə qalmalıdır. Lakin məcburiyyətdən 3-4 nəfər kirayə pulunu ödəyə bilmələri üçün bir mənzilə yığışır. Say artıqca tələbələrin dərs oxumaları, təhsil almaları çətinləşir. Hər il ölkəmizdə xüsusən, Bakı və digər böyük şəhərlərdə daşınmaz əmlakların satışı və kirayə qiymətlərində artımlar müşahidə olunur. Tələbələr münasib qiymətə universitetə yaxın mənzil tapa bilmədikləri üçün şəhərkənarına üz tuturlar. Lakin bu da vaxtın boşa sərf olunmasına gətirib çıxardır. Çünki günün bir neçə saatını yolda keçirmək məcburiyyətində qalırlar. Tələbələr həm kirayə pulunu ödəyə bilmək, həm öz xərclərini qarşılamaq, həm də valideynlərə dəstək olma1dan ötrü dərsdən sonra əlavə iş tapırlar. Problemlərin həlli getdikcə daha da çətinləşəcək. Ona görə də, tələbə yataqxanaları sökülməli, yerində daha müasir, çoxmərtəbəli binalar tikilməli və tələbələrin ixtiyarına verilməlidir. Nəticədə tələbələrin ev problemi aradan qalxar, həmçinin paytaxt ərazisində mövcud kirayə mənzil bazarında qiymətlərdə nisbətən enmə baş verə bilər".
Ekspert vurğulayıb ki, tələbələr mənzil kirayələmək üçün daha çox paytaxtın Yasamal və Nərimanov rayonlarına üz tuturlar: “Buna səbəb ali təhsil müəssisələrinin böyük əksəriyyətinin Yasamal rayonu ərazisində yerləşməsidir. Xarici ölkələrdən Azərbaycanda təhsil almaq üçün gələn əcnəbi tələbələr, xüsusən də Türkiyədən ölkəmizə gələn tələbələr Bakının Nərimanov rayonunda məskunlaşırlar. Ona görə də bu iki rayonda mənzillərin aylıq kirayə qiymətləri digər ərazilərə nisbətən daha bahadır, tələbat da daha çoxdur”.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucun sözlərinə görə, kirayə mənzil bazarında mənzillərin qıtlığı və qiymətlərin artımı mövsümü xarakter dəyişir. Hər il bu vəziyyət təkrarlanır:
“Rayonlardan Bakıya böyük axın olur, tələbələr ev axtarır. Bu da tələbatı artırır. Nəticədə həm mənzil qıtlığı yaranır, həm də bu hal qiymətlərə xüsusi təsir göstərir, artımla nəticələnir. Qiymətlərin artan templə yüksəldiyini görürük. Bu proses sentyabrın əvvəllərinə kimi davam edəcək. Amma sentyabr ayında biz müəyyən stabilləşmə dövrünü müşahidə edəcəyik. Qiymətlər nisbətən ucuzlaşacaq”.
Əməkdar elm xadimi, professor Şahlar Əsgərov hesab edir ki, bütün ali məktəblərin yataqxanasının olması vacibdir. Bunun üstünlükləri düşündüyümüzdən daha çoxdur. Yataqxana tələbələri hədsiz dərəcədə sosiallaşdırır. Ən başlıcası isə yataqxananın olması valideynlərnə böyük iqtisadi köməkdir. Çünki yataqxana olmayanda, tələbə məcbur qalıb kirayə ev tutur. Kirayə pulu da valideynlər üçün əlavə xərc deməkdir.
Professor bildirib ki, bir neçə nazirliyin görə bilmədiyi işi bir yataqxana ilə həll etmək mümkündür: "Kitabxanalar qədər yataqxanalar da universitetin vacib hissəsidir. Hətta deyərdim, ən vacib hissəsidir. Universitetləri kitabxanasız təsəvvür etmək mümkün olmadığı kimi, yataqxanasız da təsəvvür etməməliyik. Yataqxananın universitet üçün nə demək olduğunu yalnız təhsili idarə edənlər dəqiq bilər. Bizim təhsilə baxışımız primitiv olduğundan yataqxanaya baxışımız da primitivdir. Biz təhsilin əsasını bünövrədən düz qoya bilmirik. Təhsilə baxış fəlsəfəsi dəyişməlidir. Dəyişməsə, təhsilimizin səviyyəsi elə olduğu kimi qalacaq".
Ş.Əsgərovun dediyinə görə, yataqxanası olan universitetə xaricdən çoxlu sayda tələbə də gələr: "Biz özümüzü bu axından da məhrum edirik.Yataqxana şəraitində gəncləri milli ruhda tərbiyə və sosiallaşdırmaq daha asandır. Milli birliyin, vətənpərvərliyin toxumları da yataqxanada əkilir. Yataqxananın üstünlükləri düşündüyümüzdən daha çoxdur".
Millət vəkili Musa Qasımlı qeyd edib ki, universitetlərimizdə yataqxanaların olmaması və ya çatışmaması tələbələr üçün böyük problemlərdən biridir. Yataqxana ilə təmin olunmağın bir çox tərəfləri var:
"Rayonlardan təhsil almağa gələn tələbələrin bir qisminin kirayə ev tutub yaşamaq imkanları yoxdur. Bu yük valideynlərin üzərinə düşür. Ona görə də bəzən tələbələr yaxşı təhsil almaq yerinə, vəziyyətdən çıxmaqdan ötrü işləməyə üstünlük verirlər. Yataqxana probleminin olması ölkəmizə xaricdən gəlib təhsil alanlar üçün problem yaradır. Müasir universitetləri yataqxanasız təsəvvür etmək olmur. Xaricdən gələn tələbələr yataqxana olmadığından ölkəmizə üz tutmurlar. Beləliklə, ali məktəblərimiz xarici ölkələr üçün mütəxəssis hazırlayan mərkəzlərə çevrilə bilmir. Əgər mərkəzə çevrilərsə, onun çox böyük siyasi və ictimai əhəmiyyəti olar. Azərbaycanda diplom almış şəxslər ölkəmizin təbliğatçısına çevriləcəklər. Yataxanaların az olması və çatışmamasının nəticələrindən biri universitetlərimizin beynəlxalq reytinqlərə daxil ola bilməməsinə gətirib çıxarır".
M.Qasımlı qeyd edib ki, universitetlərimizin özlərinin yataqxana tikmək imkanları çox məhduddur. "Ona görə də universitetlər iş adamları ilə, şirkətlərlə bu məsələləri həll edə bilərlər. Bu, beynəlxalq təcrübədə də var. Bəlli şirkətlər yataqxanaları tikirlər, müəyyən ödənişlərlə tələbələr orada qalır və bir müddətdən sonra onları universitetlərin balansına keçirirlər".
Nərmin Qarazadə