Azedu.az

Elmə marağım məni xaricdə təhsilə yönəltdi

Tələbələr

Xaricdə Təhsil

13 Avqust 2025, 15:57
Elmə marağım məni xaricdə təhsilə yönəltdi

2025/2026-cı tədris ili üzrə Dövlət Proqramı çərçivəsində 125 bakalavriat, 356 magistratura və 19 doktorantura səviyyəsində olmaqla, ümumilikdə 500 nəfər təhsil almaq hüququ qazanmışdır.

Bu tələbələrdən biri də “Imperial College London”a qəbul almış Məryəm Nəzirovadır.

O, bu il Kimya mühəndisliyi ixtisası üzrə Azərbaycan-Fransız Universitetini (UFAZ) bitirib. 

AzEdu.az onun təəssüratlarını öyrənib.

“Ümumiyyətlə, mən uşaqlıqdan elmlə maraqlanmışam. Bu sahəyə olan marağım məni hələ 8-ci sinifdən etibarən kimya mühəndisliyini seçməyə sövq edib.

Bu ixtisas kimyanı, fizikanı, biologiyanı, riyaziyyatı - bir çox elm sahələrini birləşdirir. Mən də düşündüm ki, əsl elm həvəskarı olaraq bu sahə mənə uyğundur.

Lakin bakalavr təhsilimi başa vuranda hiss etdim ki, qazandığım biliklər həm hazırda işlədiyim sahədə, proses mühəndisi kimi, gələcəkdə mükəmməl bir mütəxəssis olmaq üçün yetərli deyil. Bu səbəbdən magistr təhsili almağa qərar verdim və araşdırmalar nəticəsində öyrəndim ki, Imperial College London bu sahədə mənə əla fürsətlər təqdim edir.

Beləliklə, bu universitetin Kimya mühəndisliyi və biotexnologiya üzrə magistr proqramına qəbul oldum.
Həm maddi dəstək almaq, həm də gələcəkdə ölkəmə bir mütəxəssis kimi töhfə vermək məqsədilə Dövlət Proqramına müraciət etdim. 

Qəbul xəbərini aldığım gün dostlarımla gəzirdim. Telefonuma SMS gəldi ki, "Zəhmət olmasa kabinetinizi yoxlayın". Mesajda qəbul olunduğum bildirilmişdi. Təbii ki, ilk olaraq bu xəbəri yanımda olan dostlarım bildi.
Sonra valideynlərimə, bacıma və digər yaxınlarıma da xəbər verdim. Daha sonra isə iş yoldaşlarım da bu xəbəri öyrəndilər və hamı çox sevindi.

Daha əvvəl xaricdə uzun müddət qalmamışam. Lakin 2023-cü ildə UFAZ-ın ən yaxşı 5 tələbəsi üçün təşkil etdiyi yay məktəbi çərçivəsində Fransanın Strasburq şəhərində, Strasburq Universitetində olmuşam. Orada yataqxanada qalırdım və dərslərdə iştirak edirdim. Bu da mənə müəyyən qədər adaptasiya təcrübəsi qazandırdı. Düşünürəm ki, bu dəfəki uzun müddətli xaricdə qalmağım da mənim üçün çətin olmayacaq”.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox