Azedu.az

İşə götürmürlər, çünki: “Tələbələrin qarşılaşdığı əngəllər

Tələbələr

17 İyul 2025, 10:12
İşə götürmürlər, çünki: “Tələbələrin qarşılaşdığı əngəllər

Bugünkü əmək bazarında gənclərin - xüsusilə də tələbələrin - iş tapmaqda üzləşdiyi əsas çətinliklərdən biri, işəgötürənlərin onları qəbul etməməsidir. Universitetdə təhsil alan və ya yeni məzun olan gənclər tez-tez bu sualla qarşılaşırlar. “Niyə bizi işə götürmürlər?” Bu sual bir çox səbəbdən doğur. Ən çox rast gəlinən səbəb - iş təcrübəsinin olmamasıdır. İş elanı verən şirkətlərin əksəriyyəti “ən azı 1-2 il iş təcrübəsi” tələb edir. Tələbə isə bu təcrübəni haradan əldə etsin? Təcrübə proqramları azdır, olanlar isə ya ödənişsizdir, ya da çox tələbkardır. Bu da tələbələrin real təcrübə qazanmasını çətinləşdirir.

Universitetlər əsasən nəzəri biliklər verir, amma real iş həyatı daha çox praktiki bacarıqlar tələb edir. İşəgötürənlər isə işçi götürərkən həmin şəxsin dərhal faydalı olmasını istəyir. Proqram təminatlarından istifadə bacarığı, yazışma mədəniyyəti, sənədlərlə işləmə qabiliyyəti - bunlar universitetlərdə çox da öyrədilmir.

İş mühitində yalnız texniki bilik deyil, həm də ünsiyyət bacarığı, komanda ilə işləmə, problem həll etmə və məsuliyyətli davranış vacibdir. Bəzi tələbələr bu bacarıqları kifayət qədər inkişaf etdirmədiyi üçün işəgötürənlər onları riskli namizəd kimi görür. Tələbə və ya yeni məzunla işləmək, onu öyrətmək vaxt və resurs tələb edir. Bir çox şirkətlər isə hazır işçi istəyir. Onlar düşünürlər ki, təcrübəsiz biri ilə işləmək zaman itkisinə və keyfiyyət problemlərinə səbəb ola bilər.

Bəzən tələbələr əmək bazarında tələbat olmayan ixtisaslarda oxuyurlar. Nəticədə həmin sahələrdə vakansiyalar az olur və ya ümumiyyətlə olmur. Bu da onların iş tapmaq şansını azaldır.

Mütəxəssislər hesab edirlər ki, universitet dövründə təcrübə proqramlarında iştirak etməli, könüllü fəaliyyətlərlə məşğul olmalı, öz ixtisaslarına uyğun əlavə kurslar keçmək, sertifikatlar toplamalıdır. Əmək bazarını izləmək və tələbat olan bacarıqları mənimsəmək vacibdir.

İnsan Resursları üzrə mütəxəssis Rauf Əliyevinin dediyinə görə, hazırda işəgötürənlərin tələbələri və yeni məzunları işə götürməkdə tərəddüd etməsinin bir neçə əsas səbəbi var. Birincisi və ən geniş yayılan səbəb – təcrübə çatışmazlığıdır. Əksər şirkətlər dərhal nəticə verə biləcək, müəyyən bacarıqlara malik işçilər axtarır. Onlar tələbələrin öyrədilməsinə və istiqamətləndirilməsinə vaxt ayırmaq istəmirlər, çünki bu həm vaxt itkisi, həm də resurs baxımından yük hesab olunur. İkinci məsələ praktiki bacarıqların zəifliyidir. Universitetlər çox vaxt nəzəri biliklər verir, lakin real iş mühitində tələb olunan texniki və kommunikativ bacarıqların formalaşmasına kifayət qədər diqqət yetirilmir. Tələbələr bəzən ofis proqramları, hesabat yazmaq, e-mail etikası, təqdimat bacarıqları və layihə idarəetməsi kimi vacib sahələrdə yetərincə hazır olmurlar: “Üçüncü vacib faktor isə yumşaq bacarıqların (soft skills) olmamasıdır. İşəgötürənlər təkcə bilikli deyil, eyni zamanda komanda ilə işləyə bilən, təşəbbüskar, çevik və məsuliyyətli gəncləri işə cəlb etmək istəyirlər. Bu bacarıqlar çox zaman şəxsi inkişaf, könüllü fəaliyyət və təcrübə ilə formalaşır, amma təəssüf ki, bəzi tələbələr bu istiqamətdə öz üzərində işləmirlər. Bütün bunlarla yanaşı, bəzən işəgötürənlərdə də dəyişiklik zəruridir. Onlar tələbələrə ‘hazır kadr’ kimi yox, potensiallı namizəd kimi baxmalıdırlar. Təcrübə proqramları, mentorluq sistemləri və adaptasiya mərhələləri vasitəsilə gəncləri işə uyğunlaşdırmaq mümkündür. Gənc nəsil sürətli öyrənmə qabiliyyətinə, texnologiyaya uyğunlaşma və yeni yanaşmalar gətirmək bacarığına malikdir. Bu resursdan düzgün istifadə edilməlidir.  Əgər tələbəyə fürsət verilsə və düzgün istiqamətləndirilsə, o, şirkət üçün dəyərli kadra çevrilə bilər. Sadəcə bu prosesə strateji yanaşmaq və investisiya kimi baxmaq lazımdır”.

Təhsiıl ekspert Elçin Əfəndi bildirib ki, müasir dövrdə bir çox tələbə təhsil aldığı müddətdə maddi ehtiyaclarını qarşılamaq, müstəqil yaşamaq və ya gələcək karyerası üçün təcrübə qazanmaq məqsədilə müxtəlif formalarda işləməyə üstünlük verir: “Tələbələrin əsas problemi zaman məhdudiyyətidir. Həftəlik dərs saatları, ev tapşırıqları, layihələr və imtahanlara hazırlıq tələbənin diqqət və enerji ehtiyacının böyük hissəsini tələb edir. Əgər tələbə gündə 4-6 saatlıq işdə çalışırsa, bu zaman təhsilə ayırdığı vaxt azalır, istirahət rejimi pozulur, nəticədə həm akademik performans, həm də psixoloji durum zəifləyir. Əmək fəaliyyəti ilə məşğul olan tələbələrin bir çoxu dərslərə gecikmə, davamiyyətsizlik və ya dərsdə passiv iştirak kimi problemlərlə üzləşir. İşdən yorğun gələn tələbə dərsdə cəmlənməkdə çətinlik çəkir, müəllimin verdiyi məlumatları diqqətlə dinləyə bilmir. Bu isə biliklərin səthində qalmasına və qiymətlərin aşağı düşməsinə səbəb olur. Gəlir əldə etməyə başlayan bəzi tələbələr üçün təhsil artıq prioritet olmaya bilər. Qısa müddətli qazanc hissi uzunmüddətli karyera planlamasını kölgədə qoyur. Belə hallarda tələbə dərsə sərmayə kimi yox, vaxt itkisi kimi baxmağa başlayır. Bu isə təhsil motivasiyasının aşağı düşməsinə səbəb olur. Əgər tələbə öz ixtisasına uyğun olmayan bir işdə çalışırsa, bu nə tədrisə, nə də gələcək peşəyə fayda vermir. Belə əmək fəaliyyəti nə yalnız tədrisə vaxt azaldır, həm də professional inkişafla əlaqəsiz olduğuna görə əlavə stres yaradır. Bununla belə, bəzi tələbələr təhsillə işi effektiv şəkildə balanslaşdırmağı bacarır. Xüsusilə part-time və ya çevik qrafikli, ixtisasa uyğun sahələrdə işləmək tələbəyə həm təcrübə qazandırır, həm də öyrəndiklərini praktikada tətbiq etməyə imkan yaradır. Lakin bu, tələbənin vaxtını düzgün idarə etmə bacarığından və iş şəraitindən asılıdır”.

Tələbələrin təhsil dövründə əmək fəaliyyəti ilə məşğul olması onların şəxsi və peşəkar inkişafına müəyyən qədər müsbət təsir göstərə bilər. Lakin bu fəaliyyətin nəzarətsiz, plansız və ağır şəkildə həyata keçirilməsi təhsil keyfiyyətinə ciddi zərər vurur. Təhsil müəssisələri və işəgötürənlər tələbələr üçün daha uyğun və dəstəkləyici iş şəraiti yaratmalı, tələbələr isə təhsilin əsas prioritet olduğunu unutmamalıdırlar.

Millət vəkili Razi Nurullayevin dediyinə görə, tələbələrin işləməsi yaxşı haldır. Amma gərək onların təhsil və iş saatı toquşmasın: “Müasir dövrdə bir çox tələbə təhsil aldığı müddətdə maddi ehtiyaclarını qarşılamaq, müstəqil yaşamaq və ya gələcək karyerası üçün təcrübə qazanmaq məqsədilə müxtəlif formalarda işləməyə üstünlük verir. Lakin bu əmək fəaliyyəti tələbələrin əsas funksiyası olan təhsil alma prosesinə necə təsir edir? Suallar və narahatlıqlar haqlıdır: tədris yükü ilə iş həyatını paralel aparmaq mümkündürmü, yoxsa bu, təhsilin keyfiyyətini aşağı salır? Məlumdur ki, tələbələrin bir çoxu bölgələrdən gəlir. Əksəriyyəti də, maddi problemi həll etmək üçün işləməyə məcburdurlar. 3-4 saat üçün də tələbələri işə götürmək istəmirlər”.

Tələbələrin əsas problemi zaman məhdudiyyətidir. Həftəlik dərs saatları, ev tapşırıqları, layihələr və imtahanlara hazırlıq tələbənin diqqət və enerji ehtiyacının böyük hissəsini tələb edir. Əgər tələbə gündə 4-6 saatlıq işdə çalışırsa, bu zaman təhsilə ayırdığı vaxt azalır, istirahət rejimi pozulur, nəticədə həm akademik performans, həm də psixoloji durum zəifləyir.

Əmək fəaliyyəti ilə məşğul olan tələbələrin bir çoxu dərslərə gecikmə, davamiyyətsizlik və ya dərsdə passiv iştirak kimi problemlərlə üzləşir. İşdən yorğun gələn tələbə dərsdə cəmlənməkdə çətinlik çəkir, müəllimin verdiyi məlumatları diqqətlə dinləyə bilmir. Bu isə biliklərin səthində qalmasına və qiymətlərin aşağı düşməsinə səbəb olur. Gəlir əldə etməyə başlayan bəzi tələbələr üçün təhsil artıq prioritet olmaya bilər. Qısa müddətli qazanc hissi uzunmüddətli karyera planlamasını kölgədə qoyur. Belə hallarda tələbə dərsə sərmayə kimi yox, vaxt itkisi kimi baxmağa başlayır. Bu isə təhsil motivasiyasının aşağı düşməsinə səbəb olur.

Əgər tələbə öz ixtisasına uyğun olmayan bir işdə çalışırsa -məsələn, texnologiya ixtisasında oxuyub satış məsləhətçisi işləyirsə, bu nə tədrisə, nə də gələcək peşəyə fayda vermir. Belə əmək fəaliyyəti nə yalnız tədrisə vaxt azaldır, həm də professional inkişafla əlaqəsiz olduğuna görə əlavə stres yaradır.

Bununla belə, bəzi tələbələr təhsillə işi effektiv şəkildə balanslaşdırmağı bacarır. Xüsusilə part-time və ya çevik qrafikli, ixtisasa uyğun sahələrdə işləmək tələbəyə həm təcrübə qazandırır, həm də öyrəndiklərini praktikada tətbiq etməyə imkan yaradır. Lakin bu, tələbənin vaxtını düzgün idarə etmə bacarığından və iş şəraitindən asılıdır.

Tələbələrin təhsil dövründə əmək fəaliyyəti ilə məşğul olması onların şəxsi və peşəkar inkişafına müəyyən qədər müsbət təsir göstərə bilər. Lakin bu fəaliyyətin nəzarətsiz, plansız və ağır şəkildə həyata keçirilməsi təhsil keyfiyyətinə ciddi zərər vurur. Təhsil müəssisələri və işəgötürənlər tələbələr üçün daha uyğun və dəstəkləyici iş şəraiti yaratmalı, tələbələr isə təhsilin əsas prioritet olduğunu unutmamalıdırlar.

Nərmin Qarazadə

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox