Rusiyada dövlət hesabına tibbi təhsil alan məzunlar üçün ciddi yeni öhdəlik tətbiq olunur. Belə ki, 2026-cı il yanvarın 1-dən etibarən, dövlət vəsaiti ilə oxuyub məzun olan tibb və əczaçılıq tələbələri bir il ərzində dövlət klinikalarında işləməsələr, aldıqları təhsil xərclərinin üç qatını – təxminən 42 min dolları geri ödəməli olacaqlar.
AzEdu.az xarici mənbədən aldığı məlumata əsasən xəbər verir ki, bu addım Səhiyyə Nazirliyinin təklifi ilə irəli sürülüb və məqsəd ölkədəki ciddi həkim və tibb işçisi çatışmazlığının qarşısını almaqdır. Rəsmi məlumata görə, hazırda Rusiyada 23 min həkim və 63 min orta tibb işçisinə ehtiyac var.
Yeni qaydalar, dövlətin tibbi kadrları öz sistemində saxlamaq və məzunların özəl sektora kütləvi axınının qarşısını almaq istəyi ilə əsaslandırılır. Təklif ictimai müzakirəyə çıxarılıb və yaxın aylarda rəsmiləşdiriləcəyi gözlənilir.
Mövzu Rusiya cəmiyyətində geniş rezonans doğurub. Bəziləri bu addımı sosial ədalət baxımından dəstəkləyir, digərləri isə onu sərt və azadlıq məhdudiyyəti kimi qiymətləndirir.