Polşa hökuməti xarici tələbələr və iqtisadi miqrantlarla bağlı yeni məhdudiyyətləri qüvvəyə mindirib. Tələbə vizası alanların təhsil alması üçün ciddi yoxlama mexanizmi yaradılıb.
AzEdu.az xarici mənbələrdən aldığı məlumata əsasən xəbər verir ki, rəsmi məlumata görə, bu addım “miqrasiyaya nəzarətin bərpası və polşalıların təhlükəsizliyinin artırılması” məqsədini daşıyır.
Yeni qaydalara əsasən:
Xarici tələbələr tədris dilində minimum B2 səviyyəsində dil biliyini sübut etməlidirlər.
Xarici tələbələrin payı universitetlərin ümumi qəbulunun maksimum 50%-ni keçə bilməz.
Universitetlər tələbənin təhsilə başlamadığı halda bu barədə konsulluğu məlumatlandırmalıdır.
İqtisadi miqrantlar üçün isə yerli hakimiyyət orqanları müəyyən peşələrə iş icazəsi verilməsini qadağan edə biləcək.
Qanunsuz məşğulluğa görə cərimələr 50 000 zlotiyə qədər artırılıb.
Qeyd edək ki, son illərdə Polşada xarici tələbələrin sayı sürətlə artaraq 2023-cü ildə 100 min nəfəri keçmişdi. Hazırkı hökumət isə bunun miqrasiyadan sui-istifadə üçün istifadə olunduğunu bildirir.