2024/2025 tədris illəri üzrə xarici ölkələrdə dövlət xətti ilə təhsil alan tələbələrin ümumi sayı 1 111 nəfər olub.
AzEdu.az Dövlət Statistika Komitəsinin "Azərbaycan rəqəmlərdə" adlı məcmuəsinə istinadən xəbər verir ki, 2022-2023-cü tədris ilində bu rəqəm 1004, 2023-2024-cü tədris ilində isə 997 nəfər olub.
Ən çox tələbə göndərilən ölkələr sırasında Türkiyə, Macarıstan, Rusiya Federasiyası və Çin Xalq Respublikası aparıcı mövqe tutur. Xüsusilə Türkiyə hər il artan sayda tələbə qəbul edərək, bu proqram çərçivəsində əsas tərəfdaş ölkə olub. (2022/2023 – 379 nəfər, 2023/2024 - 405 nəfər, 2024/2025 - 478 nəfər). Macarıstan və Rusiya Federasiyası da davamlı olaraq yüksək sayda tələbə qəbul edən ölkələr sırasındadır. Çin isə müəyyən illərdə azalma göstərsə də, ümumilikdə sabit sayla tələbə qəbul edən əsas istiqamətlərdən biri olaraq qalıb.
Bununla yanaşı, bəzi Avropa və Asiya ölkələrinə, o cümlədən İspaniya, Latviya, Koreya Respublikası, Qazaxıstan, Rumıniya kimi dövlətlərə də az sayda tələbə göndərilib. Digər tərəfdən, Almaniya, Avstraliya və Kanada kimi ölkələrə isə bu illər ərzində dövlət xətti ilə tələbə göndərişi qeydə alınmayıb.
Bu rəqəmlər və göstəricilər onu deməyə əsas verir ki, Azərbaycan dövləti gənclərin beynəlxalq təhsil imkanlarına çıxışını genişləndirməkdə davam edir və prioritet ölkələrdə yerləşən nüfuzlu ali təhsil müəssisələri ilə əməkdaşlığı dərinləşdirir. Bu istiqamətdə həyata keçirilən proqramlar ölkənin insan kapitalının inkişafı və beynəlxalq elmi-təhsil əlaqələrinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.