Azedu.az

"Diplom işi yazmaq təhsil məqsədinə ziddir"

Tələbələr

Universitetlər

6 İyun 2025, 15:10
"Diplom işi yazmaq təhsil məqsədinə ziddir"

Dövlət attestasiya imtahanlarının ləğv olunması və tələbələrin ixtisas üzrə bacarıqlarının semestr ərzində və istehsalat təcrübəsi zamanı qiymətləndirilməsi ali təhsil sistemində mühüm bir dönüş nöqtəsi kimi qiymətləndirilir.

 

Bu yeni yanaşma tələbələrin biliyinin bir dəfəlik imtahanla deyil, təhsil müddətində mərhələli şəkildə ölçülməsini hədəfləyir.

 

Lakin belə bir şəraitdə bəzi universitetlərin hələ də diplom işi tələbini saxlaması suallar doğurur: bu, tələbələr üçün əlavə yük və stress yaratmırmı? İxtisas üzrə bacarıqlar praktik yollarla qiymətləndirilirsə, diplom işi əlavə mərhələ kimi nəyə xidmət edir?

 

Mövzunu AzEdu.az-a şərh edən təhsil eksperti Kamran Əsədov bildirib ki, bu dəyişiklik ali təhsildə qiymətləndirmə yanaşmalarının modernləşdirilməsi istiqamətində atılmış mühüm addımdır. Onun sözlərinə görə, belə bir struktur islahat fonunda bəzi universitetlərin diplom işini məcburi saxlaması normativ və pedaqoji baxımdan ziddiyyətli vəziyyət yaradır:

 

“Əgər ali təhsilin əsas məqsədi tələbənin kompetensiya əsaslı biliklərə yiyələnməsidirsə, bu halda buraxılış işinin əlavə qiymətləndirmə mərhələsi kimi saxlanması mübahisəlidir. “Təhsil haqqında” Qanunun 13.1.1-ci maddəsinə əsasən ali təhsilin məqsədi şəxsiyyətin intellektual, yaradıcı və peşə bacarıqlarını inkişaf etdirməkdir. Eyni zamanda, Nazirlər Kabinetinin 2010-cu ildə qəbul etdiyi qaydalara əsasən, diplom işinin olub-olmamasına universitetlər öz nizamnamələri çərçivəsində qərar verir. Bu isə ali məktəblərə muxtariyyət yaratsa da, eyni ixtisas üzrə müxtəlif yanaşmaların olması qiymətləndirmədə qeyri-bərabərlik yaradır.

 

Düzgün təşkil olunduğu halda diplom işi tələbənin araşdırma bacarığını, sistemli düşünmə qabiliyyətini və elmi yazı mədəniyyətini inkişaf etdirə bilər. Xüsusilə tarix, biologiya, hüquq, psixologiya kimi elmi-tədqiqat yönümlü ixtisaslar üçün bu faydalı ola bilər. Lakin problem ondadır ki, əksər universitetlərdə bu proses formal xarakter daşıyır. Tələbələrin əksəriyyəti ya işi özü yazmır, ya da plagiatdan istifadə edir. Təhsil İnstitutunun 2022-ci ildə apardığı araşdırmaya görə, buraxılış işlərinin 60%-dən çoxu orijinal deyil.

 

Bundan başqa, rəhbər müəllimlərin eyni anda onlarla tələbəyə kuratorluq etməsi səbəbindən nəzarət və keyfiyyət təminatı da zəifləyir. Bu isə nəticədə diplom işini həm tədrisə faydasız, həm də tələbə üçün əlavə stress, bürokratik və maliyyə yükünə çevirir.

 

Qərbi Avropa və Şimali Amerika ölkələrində diplom işi yalnız elmi-tədqiqat yönümlü sahələrdə tətbiq olunur. Məsələn, Almaniyada tətbiqi ixtisaslarda diplom işi əvəzinə layihə təqdimatları və istehsalat təcrübəsi ilə qiymətləndirmə aparılır. ABŞ-da isə tələbəyə diplom işi və ya praktiki layihə arasında seçim imkanı verilir. Finlandiya və Estoniyada “capstone project” adlı yekun layihələr tətbiq olunur".

 

Kamran Əsədov hesab edir ki, Azərbaycanda isə bu çeviklik hələlik normativ sistemə tam oturmayıb:

 

“Eyni ixtisas üzrə bir universitet diplom işi tələb edir, digəri isə təkcə istehsalat təcrübəsini qiymətləndirir. Bu da təhsil modelinin parçalanmasına, tələbədə motivasiya itkisinə və sistemə inamsızlığa səbəb olur.

 

Əgər diplom işi qalacaqsa, bu yalnız elmi tədqiqat potensialı olan ixtisaslarda tətbiq olunmalı, real rəhbərlik, plagiat yoxlaması və metodoloji dəstək olmalıdır. Digər ixtisaslarda isə bu mərhələ portfoliolar, layihələr, təcrübə hesabatları və ya kompleks qiymətləndirmə ilə əvəzlənməlidir. Eyni zamanda universitetlərə verilmiş muxtariyyət vahid monitorinq və nəticə hesabatı mexanizmləri ilə müşayiət olunmalıdır ki, bu sərbəstlik keyfiyyət yönümlü idarəetməyə çevrilsin.

 

“Əgər bu addımlar atılarsa, ali təhsildə qiymətləndirmə daha çevik, tələbə yönümlü və səmərəli olacaq. Əks halda, diplom işi sadəcə formal mərhələ olaraq qalacaq və ali təhsilin məqsədlərinə zidd şəkildə prosedur yükünə çevriləcək", - deyə Kamran Əsədov fikrini tamamlayır.

İrandan şok zərbə - Rusiya səfirliyini də vurdular!
Son xəbərlərDaha çox