Azərbaycanın əmək bazarında son illərdə baş verən dəyişikliklər və inkişaf, gənclərin düzgün ixtisas seçiminin nə qədər vacib olduğunu bir daha göstərir. Əgər gənclər əmək bazarının tələblərinə uyğun ixtisas seçməsələr, iş tapmaqda çətinliklərlə üzləşirlər. Bəzi ixtisaslar əmək bazarında çox az tələbat görür. Tələb az olduğu üçün məzun olduqdan sonra həmin sahədə iş tapmaq çətinləşir.
Dövr dəyişdikcə bütün bazarlar kimi əmək bazarının da tələbləri dəyişir. Məlumdur ki, ildən-ilə müəyyən sahələrə tələb get-gedə azalır, bir qisminə isə tələb artır. Hətta bəzi yeni tələblər ortaya çıxır. Buna görə də gənclər ixtisas seçərkən özlərini yaxın və orta gələcəyin əmək bazarına uyğun hazırlamalıdırlar.
İxtisas seçimi insanın gələcək karyerasını müəyyən edən ən mühüm qərarlardan biridir. Lakin bu qərarı verərkən bəzi gənclər ailənin təzyiqi və ya istəyi ilə, yoldaşlarının seçimlərinə uyğun olaraq, peşənin "ad-sanına" və ya prestijinə görə, ən sadə və asan görünən sahələrə yönəlməklə ixtisas seçirlər. Nəticədə həmin sahədə nə maraq, nə də bacarıq formalaşır. Bu da onların peşəkar şəkildə inkişaf etməsinə və sabit iş tapmasına mane olur.
Hazırda əmək bazarında texniki və praktiki bacarıqlara malik kadrlara ehtiyac böyükdür. Lakin bir çox gənc əmək bazarında tələbat olmayan ixtisaslara yönəldiyi üçün, təhsilini başa vursa da, iş tapa bilmir. Məsələn: Mühasib, hüquqşünas və ya iqtisadçı kimi ixtisaslar üzrə məzunların sayı çoxdur, amma iş yerləri məhduddur. Əksinə, qaynaqçı, proqramçı, elektrikçi və ya dizayner kimi peşələr üzrə ciddi kadr çatışmazlığı yaşanır.
Peşə bacarıqları və əmək bazarının tələbləri arasında uyğunsuzluq da gənclərin iş tapmasına böyük əngəl törədir. Təhsil sistemində verilən nəzəri biliklər bəzən real əmək bazarının tələblərinə uyğun olmur. İşəgötürənlər praktiki bacarıqlara və spesifik sahə biliklərinə üstünlük verirlər.
Müasir gənclər üçün iş tapmaq yolunda qarşıya çıxan əsas maneələrdən biri də iş təcrübəsi tələbidir. İşəgötürənlər təcrübəli namizədlərə üstünlük verdiyindən, yeni məzunlar bu tələbi ödəməkdə çətinlik çəkirlər. Universitet və ya peşə məktəbi məzunları, kifayət qədər təhsilli və enerjili olsalar da, bir çox hallarda sadəcə “təcrübən yoxdur” cavabı ilə qarşılaşaraq işə qəbul edilmirlər. Bu vəziyyət həm fərdi səviyyədə motivasiyanın itməsinə, həm də cəmiyyətdə gənclər arasında işsizliyinin artmasına səbəb olur. Gənclərin çoxu hansı peşəyə yönəlməli olduqlarını, əmək bazarının hansı sahələrdə daha çox iş imkanı təklif etdiyini bilmirlər. Bu səbəbdən iş seçimi zamanı yanlış qərarlar verə bilirlər. İşəgötürənlərin təcrübəyə üstünlük verməsi başa düşüləndir – çünki təcrübəli işçi daha az təlim tələb edir və tez uyğunlaşır. Amma gənclər üçün bu tələbin qarşısında belə bir sual yaranır. Təcrübəni harada və necə qazanım, əgər heç bir yer işə götürmürsə? Yeni məzun olmuş bir gəncdən 2-3 illik iş təcrübəsi tələb etmək qeyri-real və ədalətsiz görünür. Beləliklə, gənc nə qədər istedadlı və motivasiyalı olsa da, işə qəbul prosesi artıq bu ilkin tələbdə əngəllənir.
Təcrübəsi olmadığı üçün işə götürülməyən Tural Əsgərov deyir ki, artıq 3 ildir ki, işsizdir: “Universiteti bitirmişəm. Diplomum əlimdədir. Oxumuşam, çalışmışam, layihələrdə iştirak etmişəm. Amma hər müraciət etdiyim işdən eyni cavabı alıram: ‘Təcrübən yoxdur’. Bəs o təcrübəni harada və necə qazanmalıyam, əgər heç kim mənə ilk fürsəti vermirsə? Məndə istək var, öyrənmək istəyirəm, işə məsuliyyətlə yanaşıram. Sanki bu keyfiyyətlər heç kimə maraqlı deyil. Bəziləri deyir ‘könüllü işlə’, amma kirayə, yolpulu, gündəlik xərclər... Hər şey pulla ölçülür. Təcrübə üçün aylardır çalışmaq hər kəs üçün mümkün deyil. Nə vaxtsa təcrübəsi olanlar da təcrübəsiz idi. Onlara kim isə ilk fürsəti verdi. Bəs biz niyə bu fürsəti ala bilmirik? İstəyirəm ki, işəgötürənlər bizim potensialımıza baxsın, öyrənmək istəyimizi dəyərləndirsin. Bizə sadəcə bir şans versinlər. Təcrübə yoxdur deyə kənarda qalmaq, imkanlardan məhrum olmaq çox ağırdır. Mənim kimi minlərlə gənc var. Təcrübə yox deyə özünü dəyərsiz hiss edən. İşləmək, özümüzü sübut etmək və dəyərli olmaq istəyirik”.
Bəzən gənclər iş seçərkən daha yüksək əməkhaqqı, rahat şərait və prestijli vəzifə axtarırlar. Bu da onlara real vəziyyətdə uyğun işlərə müraciət etməyə mane olur. Əmək bazarında karyera adətən aşağı pillədən başlayır. Əksər uğurlu peşəkarlar öz sahələrində ilk addımlarını sıravi və sadə vəzifələrlə atmışlar. Təcrübə, məsuliyyət və bacarıqlar yavaş-yavaş formalaşır. Zamanla daha yüksək vəzifələrə çatmaq mümkündür. Amma gənclər bu mərhələləri keçmədən dərhal yüksək mövqedə işləmək istədikdə, rəqabətə davam gətirmirlər və nəticədə kənarda qalırlar.
Təhsilli gənclər daha yaxşı həyat şəraiti, sosial status və maliyyə sabitliyi arzulayır. Bu təbiidir. Lakin əmək bazarında hər zaman yüksək maaşlı və prestijli işlər kifayət qədər olmur. Hər kəsin dərhal arzuladığı vəzifəni tutması mümkün deyil. Bu reallığı qəbul etməyən gənclər aşağı maaşlı işləri "dəyərsiz" sayır, daha sadə vəzifələrə başlamağı özlərinə yaraşdırmır, təcrübə qazandıracaq fürsətləri geri çevirirlər. Bu isə nəticədə uzun müddət işsiz qalmalarına gətirib çıxarır.
Mürsəl Namazov hesab edir ki, təhsili, bilikli və bacarıqlı gənclər yüksək maaşlı və prestijli işlərdə çalışmalıdırlar: “Mən oxumuşam, əziyyət çəkmişəm, illərlə imtahanlara hazırlaşmışam, universiteti bitirmişəm. İndi isə mənə deyirlər ki, ‘get sıravi işçi olaraq işə başla’ Xeyr! Mən bu qədər oxuyub sadə bir vəzifə ilə kifayətlənə bilmərəm. Mənim məqsədim yüksək maaş, öz kabinetim, sayılıb-seçilən bir vəzifədir. Kiminsə əmri ilə işləmək, günlərlə masa arxasında sənəd doldurmaq mənim xəyallarıma uyğun deyil. İnsan ya yüksəkdə olar, ya da heç olmaz. Dostlarım deyir, ‘kiçikdən başla, zamanla yüksələrsən’. Amma məncə bu, zaman itkisi və dəyərdən düşməkdir. Əgər mən bu qədər təhsilə, bu qədər zəhmətə rəğmən hələ də gözlədiyim səviyyədə iş tapa bilmərəmsə, deməli, gözləməyə dəyər. Prestijli iş olmayacaqsa, heç başlamamaq daha yaxşıdır. Mən özümə inanıram. Bəlkə də bu yol daha uzun olacaq. Bəlkə bir müddət gözləyəcəyəm. Amma sonunda mənə layiq olan işi tapacağam. Mən sıradan biri olmağa razı deyiləm”.
Millət vəkili Ceyhun Məmmədovun sözlərinə görə, müasir dünya sürətlə inkişaf edir, hər gün bir çox sahələrdə müxtəlif yeniliklərin şahidi oluruq. Bu gün hər bir dövlətin, təşkilatın, ali təhsil müəssisəsinin qarşısında duran ən mühüm məsələlərdən biri bu yenilikləri izləmək, ayaqlaşmaq, həyata keçirdiyi siyasət və fəaliyyətdə tətbiq etməkdir. Bu yolu tutanlar irəliyə addımlayaraq inkişaf edir, ayaqlaşmayanlar isə ciddi sınaqlarla üz-üzə qalırlar: “Bu gün Azərbaycanda hər zaman geniş müzakirə olunan mövzulardan biri də universiteti yeni bitirən gənclərin iş tapmaqda yaşadıqları çətinliklərdir. Bir çox məzunlar uyğun işə qəbul ola bilmədiklərini, buna səbəb isə dil bilikləri və təcrübə tələb edilməsini göstərirlər. Bəs belə bir vəziyyətin yaranmasının səbəbi nədir? Öncə qeyd edək ki, bu günün gəncləri gələcəyin liderləri və idarəçiləridir, Azərbaycan gənci kifayət qədər dinamik, potensiallı və ağıllıdır. Bu potensialı düzgün yönləndirmək və onların inkişafına dəstək olmaq əsas vəzifələrimizdəndir. İndi isə yuxarıdakı suala cavab verməyə çalışaq. Öncə qeyd edək ki, hər bir ali təhsilə hazırlaşan tələbə ixtisas seçimində diqqətli olmalı və düzgün seçim etməlidir. Bir sıra hallarda gənclər daha çox humanitar elmlərə üstünlük verirlər. Bu da bir sıra hallarda eyni ixtisas üzrə yüzlərlə gəncin məzun olmasına və təklifin tələbi üstələməsinə səbəb olur”.
Millət vəkili deyir ki, bu gün dünyada bir çox yeni ixtisaslar yaranmaqdadır. Kompyuter elmlərinə, media sahəsinə və mühəndisliyə maraq daha da artmaqdadır. Bu reallıqları nəzərə alaraq gənclər yeni sahələrdə bilik və bacarıq qazanmağa üstünlük verməlidirlər. Burada digər bir mühüm məsələ ondan ibarətdir ki, tələbələr ali təhsil aldıqları müddətdə universitetin verdiyi biliklərlə kifayətlənməməli, əlavə biliklər əldə etməli, daima üzərlərində işləməlidirlər. Bütün hallarda peşəkar mütəxəssis kimi yetişmək üçün onlar təhsillə bərabər, təhsil aldıqları ixtisas üzrə təcrübə keçməyi də unutmamalıdırlar. Hazırda ölkəmizdə bunun üçün kifayət qədər imkan və potensial var. Bu gün biz informasiya texnologiyaları dövründə yaşayırıq. İnternet, kompyuter bizim qarşımızda yeni imkanlar açır. Evdən çıxmadan da yeni biliklər əldə edə, yeni ixtisaslara yiyələnə bilərik. Üzərimizə düşən bu imkanlardan doğru yararlanmalıyıq. Bununla yanaşı hər bir tələbə dil biliklərini inkişaf etdirməlidir. Mütləq xarici dil bilməlidir. Bu gün əksər qurumlarda və şirkətlərdə obyektiv və subyektiv səbəblərdən bu tələblər irəli sürülür. Digər bir mühüm məsələ informasiya texnologiyaları ilə bağlıdır. Hər bir tələbənin kompyuterdən yaxşı anlayışı olmalı, bu sahədə müxtəlif proqramları öyrənməli, yenilikləri izləməlidir. Qeyd etdiyim kimi dünyada sürətli inkişaf gedir, bu inkişafla ayaqlaşanlar öz sahələrində irəliləyə biləcəklər. Burada şirkətlərin də üzərinə ciddi vəzifə düşür. Onlar da gənclərə həssas yanaşmalı onlara özlərini formalaşdırmaq üçün mümkün qədər şans verməlidirlər”.
Ceyhun Məmmədovun sözlərinə əsasən, ümumi müşahidələrə görə bu gün Azərbaycanda ziddiyyətli bir vəziyyət yaranıb. İşəgötürənlər təcrübəli işçi olan gənclərə üstünlük verirlər: “Deyərdim ki, bu gün Azərbaycanda əksər müəssisələr uyğun və yaxşı işçi axtarışındadırlar. İşəgötürənlərin əksəriyyəti yaxşı işçi, məzunlar isə iş tapa bilmədiklərindən narazıdırlar. Qeyd etdiyim kimi, hər iki tərəfin üzərinə məsuliyyət düşür. Universiteti bitirən, bəzən öz ixtisasının sirlərinə bələd olmayan, dil və kompyuter biliklərinə yiyələnməyən məzunları şirkətlər bir çox hallarda işə götürməkdən imtina edirlər. Dəfələrlə özümün də iştirak etdiyim müsahibələrdə bəzi məzunların dil üzrə təhsil almağına baxmayaraq, həmin dili orta səviyyədə bilmədiklərinin şahidi olmuşam. Belə olan halda ixtisası olan dili bilməyən gənci işə götürməyən şirkəti qınamaq olmur. Şirkətin inkişaf etməsi üçün bilikli gənclərin işə cəlb olunması xüsusi önəm daşıyır. Ona görə, dəyərli gənclər, davamlı üzərinizdə işləyin, dil və informasiya texnologiyaları sahəsində biliklərinizi artırın, mütləq bədii ədəbiyyat və fərdi inkişaf kitabları mütaliə edin. Gələcək daim üzərində işləyənlərin, bilik və bacarıqlarını artıranlarındır. Bir daha qeyd edirəm, universitet sizə müəyyən biliklər əldə etməyə kömək etsə də, siz üzərinizdə ciddi işləməli, bilik və bacarıqlarınızı artırmalısınız ki, işəgötürənlərin “Səni nə üçün işə götürməliyik?” Sualına da hazır olmalısınız”.
Sosioloq Yusif Nəbiyevin dediyinə görə, bir çox hallarda əmək bazarının tələblərinə uyğun gəlməyən ixtisaslara yönəlmiş gənclər iş tapa bilmədiklərini bildirirlər: "İş tapmaq hər zaman aktual bir məsələdir və müxtəlif aspektlərdə müzakirə mövzusu olaraq qalır. Mövzunu dəyərləndirmək üçün bəzi əsas anlayışları nəzərə almaq lazımdır ki, doğru nəticəyə daha yaxın ola bilək. “İş tapmaq” nə deməkdir? Bu, fərdin öz bilik və bacarıqlarını iqtisadi dəyərə çevirmək üçün imkan axtarması deməkdir. Əslində, burada əsas məsələ satışdır, yəni iqtisadi münasibətlərin bir parçası kimi əmək bazarında dəyərini sübut etməkdir. Əmək bazarında isə əməyə həmişə ehtiyac var. Suallar isə belədir: Mövcud əmək bazarının tələblərinə uyğun bilik və bacarıqlara sahibikmi? Bizim təklif etdiyimiz peşə və bacarıqların həmin bazarda tələbi varmı? Ölkəmizdə karyera yönləndirilməsi sahəsində əhəmiyyətli boşluqlar var, məktəb və universitetlərdə gənclərə əmək bazarına hazırlıq yönündə kifayət qədər məlumat verilmir. Bu səbəbdən, gənclər çox vaxt faydasız istiqamətlərə yönəlir, vaxt, enerji və maddi resurs itirirlər, nəticəsi də təəssüf ki, müsbət olmur".
Yusif Nəbiyevin sözlərinə görə, əmək bazarı hələ də canlıdır və hələ də yaxşı kadrlara ehtiyac var: "Şikayətlər olsa da, bunların böyük hissəsi subyektiv səbəblərə dayanır – yanlış ixtisas seçimi və ya əmək bazarında tələb görməyən sahəyə gedilməsi, ya da əmək bazarında tələb olsa belə, öz imkanlarının o sahənin tələblərinə cavab verə bilmədiyi bir ixtisas seçilməsi. Bəzi obyektiv səbəblər də var. Əvvəla təhsil get-gedə qloballaşan xarakter alıb. Artıq bir çox gənc xaricdə yüksək səviyyəli universitetlərdə təhsil alır. Bu gün bir Azərbaycan gənci işə müraciət edərkən, onun rəqibləri sadəcə BDU-dan, ADNSU-dan və ya ADA-dan məzun olmuş şəxslər olmurlar. Onlar artıq Avropanın, Amerikanın, Yaponiyanın universitetlərindən məzun olmuş gənclərimizlə yarışırlar. Bəzən təcrübə faktoru gənclərin işə qəbul almaqda qarşılarını kəsir. Lakin bunun da çarəsi var. Bir çox şirkət təcrübəçi maaşı ilə, bəzən isə qeyri-rəsmi formada ödənişsiz şəkildə təcrübəçilər qəbul edirlər. Lakin bir çox gənc buna adətən isti baxmır. Bunu boşa çəkilmiş əziyyət və ya istismar kimi görürlər. Gənclərə ən önəmli tövsiyə nə qədər gec deyil, əmək bazarını dərin analiz etməyə çalışıb özlərini, öz gələcəklərini o əmək bazarının sabahına uyğunlaşdırmağa, paralelləşdirməyə çalışsınlar".
Təhsil eksperti Kamran Əsədovun fikrincə, "Təhsilini başa vurmuş gənclərdən işə qəbul zamanı təcrübə tələb olunması onlara ciddi problemlər yaradır. Gənclərin əksəriyyəti ali təhsili bitirdikdən sonra kifayət qədər iş təcrübəsinə malik olmadıqlarına görə iş tapmaqda çətinlik çəkirlər".
K. Əsədov qeyd edib ki, əsas problem universiteti yenicə bitirmiş gənclərdən iş təcrübəsinin tələb olunmasındadır: "Burada əsas sual yaranır: Təcrübəni harada toplasınlar? Universitetlərin 3-4-cü kurslarında keçilən istehsalat təcrübələri (praktika) gənclərin ilk təcrübə yığma mərhələsi olaraq çox önəmlidir. Ancaq bu təcrübələr çox zaman işəgötürənlər tərəfindən rəsmi iş təcrübəsi kimi qəbul edilmir və nəzərə alınmır. Bu praktika dövrlərinin təcrübə kimi rəsmi qeydə alınması və sertifikatlaşdırılması gənclərin əmək bazarına daha asan inteqrasiya olmasını təmin edə bilər. Yəni istehsalat təcrübəsində (praktikada) olanda tələbələr ilə rəsmi ƏMAS sistemində müqavilə imzalanmalı və rəsmi qeydiyyat həyata keçirilməlidir”.
Ekspert hesab edir ki, təhsil müəssisələri ilə işəgötürənlər arasında əməkdaşlıq artırılmalı, praktika proqramları təcrübənin keyfiyyətini yüksəltməli və bu dövrlər rəsmi iş təcrübəsi kimi tanınmalıdır: "Bu addım həm gənclərin iş axtarışında qarşılaşdıqları təcrübə tələblərini qarşılamağa, həm də işəgötürənlərə gələcəyin peşəkarlarını formalaşdırmağa kömək edəcək. Gənclərə təcrübə qazanmaq üçün daha çox imkan yaratmaqla, onların inkişafına və gələcək karyeralarına dəstək göstərməliyik".
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri, hüquqşünas Sahib Məmmədov bildirib ki, hazırkı təhsil sistemi praktik vərdişləri olan məzun yetişdirə bilmir. Bu da həmin məzunların əmək bazarına daxil olmasında problemlər yaradır: “İşəgötürən istəyir ki, qəbul elədiyi adam işə peşəkar səviyyədə başlasın. Amma bizim təhsil sistemimiz hələ belə kadr yetişdirə, mütəxəssis hazırlaya bilmir. Ümumi iqtisadi fəal əhalinin 22 faizini gənclər təşkil etməsi böyük rəqəm deyil, amma gənclər arasında da işsizlik istisna deyil”.
XXI əsr bütün sahələrdə texnoloji inkişaf əsridir. Bu dövrün tələblərinə uyğun ixtisaslar seçilməsi, mütəxəssislər hazırlanması olduqca vacibdir. Tez-tez qeyd olunduğu kimi, gələcəyin ən çox tələb olunan ixtisasları informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, kompüter mühəndisliyi ixtisaslarıdır. Sadalanan ixtisaslar üzrə mütəxəssislərə indi də tələbat çoxdur. Gələcəkdə bu tələbat daha da artacaq. Dünyanın aparıcı universitetlərində artıq neçə illərdir ki, sözügedən ixtisaslar üzrə mütəxəssislər hazırlanır.
Bu gün dünyada olduğu kimi, Azərbaycanda da informasiya texnologiyaları sahəsinə tələbat artır. Bu sahədə tələb olunan ixtisaslar arasında proqramlaşdırma, kibertəhlükəsizlik, süni intellekt, məlumat analitikası və rəqəmsal marketinq mühüm yer tutur. Eyni zamanda, 3D çap, robototexnika və nanotexnologiya mühəndisliyi kimi ixtisaslar da gələcəkdə önəmli olacaq. Azərbaycan, yaşıl iqtisadiyyat və enerji keçidi sahəsində yeni bacarıqlara ehtiyac duyur. Bu sahədə ixtisaslaşmış mütəxəssislər, həmçinin Qarabağ və Şərqi Zəngəzurda yeni iş imkanları ilə qarşılaşa bilərlər.
İngilis dili müəllimlərinə olan tələbat artmaqdadır. Xarici dilləri yaxşı bilən şəxslər, həmçinin tərcüməçilik və tədris sahələrində də iş tapmaqda çətinlik çəkməzlər.
Bankçılıq, mühasibatlıq, investisiya və risk idarəetməsi sahələrində mütəxəssislərə ehtiyac var. Bu sahələrdə işləmək istəyənlər üçün analitik düşüncə və maliyyə bilikləri vacibdir.
Nərmin Qarazadə