Müasir dövrdə ali təhsil müəssisələrinin yalnız tədris funksiyası ilə məhdudlaşması yetərli deyil. Universitetlər həm də tələbələrin şəxsiyyət kimi formalaşdığı, tədqiqat və yeniliklərin yarandığı, sosial və mədəni fəaliyyətlərin həyata keçirildiyi mərkəzlər olmalıdır. Bu baxımdan, kampus sistemi - yəni universitetin bütün əsas fəaliyyət sahələrinin vahid ərazidə cəmləşməsi - qlobal miqyasda uğurlu ali təhsil modellərinin ayrılmaz hissəsinə çevrilib. Dünya reytinqlərində yüksək pillələrdə olan universitetlərin böyük əksəriyyəti geniş və müasir kampuslara sahibdir. Bu, universitetə olan etibarı və onun brend dəyərini artırır.
Kampus - tədris binaları, laboratoriyalar, kitabxanalar, tələbə yataqxanaları, idman və istirahət zonaları, texnoparklar və digər funksional obyektlərin yerləşdiyi inteqrasiya olunmuş bir məkandır. Belə bir struktur həm akademik, həm də sosial baxımdan tələbələr və müəllimlər üçün kompleks şərait yaradır.
Universitet kampusu təhsil və inkişaf mərkəzi hesab olunur. Gənclərin həm bilik, həm də şəxsiyyət olaraq formalaşmasında mühüm rol oynayır. Bu səbəbdən, hər bir müasir universitetin kampusu olmalıdır. Kampusun olması müəllimlər, tələbələr və elmi işçilər eyni məkanda olduqda qarşılıqlı əlaqə və əməkdaşlıq artır. Laboratoriyalar, kitabxanalar, auditoriyalar eyni ərazidə toplandıqda resurslardan daha səmərəli istifadə olunur. Kampusda yataqxanalar, yeməkxanalar, idman zalları, səhiyyə mərkəzləri kimi əsas xidmətlər bir yerdə olur. Tələbələr dərsə, kitabxanaya və sosial fəaliyyətlərə asanlıqla çıxış əldə edirlər. Kampusda oxuyan tələbələr universitetlə daha güclü bağ qurur. Kampus həyatı tələbələr arasında birlik və həmrəylik yaradır. Regionlardan və digər ölkələrdən gələn tələbələr üçün kampusda qalmaq həm rahat, həm də daha təhlükəsiz olur. Universitetin kampusunun olması - yalnız yerli tələbələr üçün yox, beynəlxalq tələbələr üçün də seçim meyarıdır. Müasir, təhlükəsiz və inteqrasiya olunmuş kampus xaricdən tələbə cəlb etməyin ən təsirli yollarından biridir. Müasir dövrdə universitet seçimi abituriyentlər üçün təkcə tədris proqramları ilə məhdudlaşmır. Onlar həm də təhsil alacaqları mühitin imkanlarına, sosial şəraitə, texniki infrastruktur və tələbə həyatının keyfiyyətinə diqqət yetirirlər. Bu kontekstdə universitetin kampusa sahib olması mühüm üstünlük kimi çıxış edir. Tədris, yaşayış, istirahət və innovasiya fəaliyyətlərini bir araya gətirən kampus modeli universitetin cazibədarlığını artırır və nəticədə daha çox tələbə cəlb etməsinə səbəb olur. Kampus yalnız tədris sahəsi deyil, həm də tələbələrin fərdi və peşəkar inkişaf etdiyi mühitdir. Kitabxanalar, laboratoriyalar, yataqxanalar, idman kompleksləri və sosial mərkəzlər vahid ərazidə toplandıqda, bu, tələbələrə rahat və funksional həyat tərzi təqdim edir. Belə kompleks mühit universiteti abituriyentlər üçün daha cəlbedici edir, çünki onlar yalnız dərs deyil, həm də yaşamaq və inkişaf etmək üçün uyğun yer axtarırlar.
Müasir tələbələr kampusdakı həyatlarını tez-tez sosial mediada paylaşırlar. Estetik baxımdan gözəl və funksional kampus görüntüləri, tələbə tədbirləri, klub fəaliyyətləri və digər vizual materiallar universitetin pulsuz və effektiv tanıtım vasitəsinə çevrilir. Bu, həm yerli, həm də beynəlxalq səviyyədə potensial tələbələrin diqqətini cəlb edir.
Xarici tələbələr üçün universitet seçimi zamanı kampus həyatı xüsusi önəm daşıyır. Onlar yalnız keyfiyyətli təhsil deyil, eyni zamanda yaşaya biləcəkləri, sosiallaşa biləcəkləri və təhlükəsiz mühitdə yerləşə biləcəkləri bir universitet axtarırlar. Yaxşı təşkil olunmuş kampus sistemi olan universitetlər bu tələbləri qarşılayaraq, beynəlxalq tələbə sayını artırmağa müvəffəq olurlar.
Universitetin kampusa sahib olması, onun təkcə təhsil müəssisəsi deyil, eyni zamanda tələbə həyatının mərkəzi olduğunu sübut edir. Belə mühit tələbələrin rahat, təhlükəsiz, sosial və akademik cəhətdən zəngin bir həyat sürməsini təmin edir. Bu isə universitetin nüfuzunun artmasına və daha çox tələbə cəlb etməsinə səbəb olur. Beləliklə, kampus – universitetin brendinin ayrılmaz hissəsi, strateji üstünlüyü və davamlı inkişaf vasitəsidir.
Dünyaca məşhur olan bir çox universitetlər yalnız təhsil keyfiyyəti ilə deyil, həm də müasir, geniş və funksional kampusları ilə seçilirlər.
ABŞ-ın Harvard Universitetinin kampusunda 200-dən çox bina, çoxsaylı kitabxanalar, muzeylər, laboratoriyalar var. Dünyanın ən qədim və nüfuzlu kampuslarından biri sayılır.
Böyük Britaniyanın Oksford Universitetinin kampusu 30-dan çox kolleci olan bir kompleksdir. Tarixi binalar, yaşayış yerləri, tədris və araşdırma mərkəzləri bir yerdədir.
ABŞ-ın Stanford Universitetinin kampusunun ərazisi təxminən 33 kvadrat kilometrdir. Dünyanın ən böyük kampuslarından biridir. Bu kampusun laboratoriyaları, idman kompleksləri, yaşıl sahələri mövcuddur.
Sinqapurun National Universiteti yüksək texnologiya ilə təchiz olunmuş kampusu ilə məşhurdur. Uniersitet özü Asiyada aparıcı universitetlərdən biridir.
Çinin Tsinghua Universiteti Asiyanın ən güclü universitetlərindəndir.Böyük kampusunda tələbə şəhərciyi, texnologiya mərkəzləri və idman infrastrukturu var.
Türkiyənin Sabancı Universitetinin kampusunun ərazisi 1 milyon m² sahədir. Tələbələr burada dərs, yaşayış və istirahət imkanlarını eyni məkanda əldə edir. Sadalanan bu universitetlərin kampusları təhsil infrastrukturu, yataqxana və yaşayış şəraiti, təhlükəsizlik, müasir texnologiyalar, sosial və mədəni fəaliyyətlərə görə nümunədir.
Azərbaycanda isə kampusu olan 1-2 universitet var. Yaxın iki il ərzində Qarabağ Universitetinin də geniş kampusunun inşası nəzərdə tutulub.
Əməkdar elm xadimi, professor Şahlar Əsgərov hesab edir ki, kampus universitetin elmi və akademik ruhunun mərkəzidir. Müəllim, tələbə və tədqiqatçılar bir məkanda toplandıqda, elmi müzakirələr, ideya mübadiləsi və tədqiqat əməkdaşlıqları daha asan baş tutur. Bu, elmi fəaliyyətin intensivliyini artırır. Universitetin kampus sisteminə malik olması, onun sadəcə təhsil müəssisəsi deyil, həm də intellektual və sosial mərkəz kimi fəaliyyət göstərməsinə zəmin yaradır. Bu baxımdan, kampus yalnız fiziki bir məkan deyil, həm də strateji inkişaf vasitəsidir və müasir universitet modeli üçün zəruridir: “Kampus strukturu təhsil və tədqiqat fəaliyyətlərinin eyni məkanda cəmləşməsinə imkan yaradır. Dərs otaqları, laboratoriyalar, kitabxanalar və tədqiqat mərkəzləri vahid ərazidə olduqda müəllim-tələbə münasibətləri möhkəmlənir. Multidissiplinar əməkdaşlıqlar asanlaşır, elmi fəaliyyətin məhsuldarlığı artır. Bu, universitetin reytinqinə və akademik nüfuzuna müsbət təsir göstərir”.
Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, dünya standartlarına uyğun gələn, müasir tələblərə cavab verən kampuslara malik ali təhsil müəssisəsində oxumaq bu günün tələbəsinin başlıca arzusudur.Təbii ki, yeni yaradılacaq kampuslarda yerli tələbələrimizlə birlikdə əcnəbi tələbələr də məskunlaşacaq. Kampus elə bir məkandır ki, burada bütün tələbələr bir-biri ilə eyni ailənin üzvləri kimi mehriban davranır, bir-biri ilə ünsiyyət qurur, dostluq edir, birlikdə idmanla, kompüterlə, müxtəlif intellektual fəaliyyət növləri ilə məşğul olurlar. Bu da onların dünyagörüşünün sürətli inkişafına təkan verir: “Tələbə nəinki təhsili ilə, həmçinin gündəlik məişəti ilə də bağlı özünə lazım olan hər bir şeyi kampus daxilində tapa bilir. Universitetin kampus məkanında yerləşməsi mahiyyətcə çox önəm daşıyır. Kampusu tələbə şəhərciyindən fərqləndirən cəhət onun əhatə dairəsinin çoxşaxəli və çoxçeşidli olmasıdır. Müasir kampusda elektron kitabxanalar, elmi laboratoriyalar, kompüter mərkəzləri, tələbələrin idman növləri ilə məşğul olması üçün klublar, stadionlar, üzgüçülük hovuzları, dərnəklər, tibb məntəqələri, alış-veriş mərkəzləri, poçt və s. fəaliyyət göstərir”. Universitetlərin böyük əksəriyyətinin hələ də kampusunun olmaması orada təhsil alan tələbələrin kirayə evə olan ehtiyacı ilə nəticələnir. Bu isə, hər şeydən əvvəl, həm tələbənin vaxtının itməsinə, həm də onun bir növ təhsil mühitindən yayınmasına səbəb olur. Bu həm də onların maddi vəziyyətinə də mənfi təsir edir. Məhz bu nüans üzərində ciddi düşünmək lazımdır ki, kirayə evlərdən yalnız tələbələr deyil, əhalinin ən müxtəlif təbəqələrinin nümayəndələri də istifadə edir. Odur ki, tələbələrin bəzən xarakterində təzahür edən ən gözlənilməz dəyişikliklərin səbəbini, məncə, ilk növbədə onların tələblərinə cavab verməyən, mühiti naməlum olan kirayə evləri tutmağa vadar olması faktında axtarmaq lazımdır. Universitetin kampusu təhsilin keyfiyyətini artırır, tələbənin inkişafını təmin edir və beynəlxalq rəqabət qabiliyyətini yüksəldir. Hər bir ali təhsil müəssisəsi uzunmüddətli strategiyasında kampus infrastrukturunun qurulmasını və genişləndirilməsini əsas prioritetlərdən biri kimi müəyyən etməlidir”.
SSRİ dövründə Azərbaycanda universitetlər əsasən şəhər daxilində ayrı-ayrı binalarda yerləşdirilirdi. Yəni kampus konsepti yox idi. Sovet ali məktəb sistemi “akademik binalar şəhər mərkəzində yerləşməlidir” prinsipi ilə idarə olunurdu. Bu səbəbdən Bakı və digər şəhərlərdə yerləşən çoxlu universitetlər fərqli ünvanlarda və dar sahələrdə fəaliyyət göstərir.
Kampus qurmaq üçün geniş torpaq sahəsi, infrastruktur və illərlə davam edən böyük maliyyə yatırımı tələb olunur. Bir çox dövlət universitetlərinin büdcəsi məhduddur; özəl universitetlər isə maliyyə riski səbəbilə bu addımı atmır.
İnvestisiya yönümlü uzunmüddətli planlama tələb olunduğu üçün kampus layihələri tez-tez təxirə salınır. Yüksək maliyyət kampus layihələrinin reallaşmasını çətinləşdirir. Bakı kimi sıx məskunlaşmış şəhərlərdə böyük torpaq sahələri tapmaq çətindir. Mövcud universitetlər artıq tikili vəziyyətdədir və onların genişlənməsi real deyil. Yeni universitetlərin şəhər mərkəzinə yaxın kampus qurması praktik olaraq mümkün olmur. Torpaq çatışmazlığı və şəhər sıxlığı kampus quruluşuna imkan vermir.
Dövlət səviyyəsində planlı təşviq və dəstək mexanizmləri yeni-yeni formalaşır. Azərbaycan universitetləri hələ də ənənəvi – fakültə mərkəzli idarəetmə modelindən istifadə edir. Kampus modeli isə tələbə mərkəzli və inteqrasiya olunmuş yanaşma tələb edir. Bu keçid üçün həm idarəetmədə islahat, həm də mədəni dəyişiklik lazımdır.
Yeni qurulan universitetlər mərkəzdənkənar kampus modellərinə üstünlük verməlidir. Dövlət, kampus qurmaq istəyən universitetlər üçün vergi güzəştləri, torpaq ayrılması və maliyyə dəstəyi təqdim etməlidir. Universitet idarəçiliyində tələbə mərkəzli yanaşma və inteqrasiya gücləndirilməlidir.
Nərmin Qarazadə