Azedu.az

Fəlsəfə, Etika, Multikulturalizm... - Bu dərslər ixtisasa nə verir?

Tələbələr

Universitetlər

2 İyun 2025, 13:57
Fəlsəfə, Etika, Multikulturalizm... - Bu dərslər ixtisasa nə verir?

Ali təhsil müəssisələrinin tədris proqramlarında yer alan bütün fənlər tələbənin ixtisas üzrə və ümumi dünyagörüşünün formalaşmasına xidmət etməlidir.

 

Lakin bəzən bu məqsədlə proqramlara daxil edilən bəzi dərslər nə praktik bilik verir, nə də əmək bazarında tələbənin rəqabət qabiliyyətini artırır.

 

Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədovun AzEdu.az-a açıqlama verib.

 

Ekspert bildirir ki, hazırda Azərbaycan universitetlərində tədris olunan fənlərin azı 40 faizi birbaşa ixtisasla bağlı deyil və bu fənlər tələbələr üçün “yalnız dərs yükü” funksiyasını yerinə yetirir. Onun sözlərinə görə, “Fəlsəfə”, “Etika və estetika”, “Azərbaycan multikulturalizmi”, “Mədəniyyətşünaslıq”, “Məntiq”, “Pedaqogika” və “Psixologiya” kimi dərslər, əksər hallarda təkrarlanan və tələbəyə funksional fayda verməyən məzmunda tədris olunur:

 

“Bu fənlər özlüyündə vacib ola bilər, lakin bütün ixtisaslara şablon şəkildə tətbiq edilməsi və ayrılıqda keçirilməsi proqramda artıq yüklənmə yaradır. Eyni məzmun fərqli adlarla bir neçə dəfə tədris olunur. Bu, tədris yükünü genişləndirsə də, keyfiyyətə müsbət təsir etmir".

 

Kamran Əsədov hesab edir ki, bu vəziyyətin əsas səbəbi kurikulumların illərlə dəyişdirilməməsi və modullaşdırmanın gecikməsidir. Kredit sisteminin isə formallıqdan o yana keçmədiyini vurğulayır:

 

“Tələbələrə “seçim” adı ilə heç bir real seçim verilmir. Əslində onlar öncədən müəyyənləşdirilmiş, lakin faydasız fənləri məcburən oxuyurlar. Kreditlər sadəcə yığılır, amma nəticə əsaslı təhsil təmin olunmur".

 

Ekspert dünya təcrübəsinə istinad edərək bildirir ki, inkişaf etmiş ölkələrdə baza fənləri cəmi 6-8 dərsdən ibarət olur və tələbə bunlardan maraq dairəsinə uyğun seçim edə bilir. Onun sözlərinə görə, bu sahədə Azərbaycanda da islahatlar çoxdan zərurətə çevrilib:

 

“Humanitar və ümumi fənlər ya birləşdirilməli, ya da modullar halında qısaldılmalıdır. Məsələn, “Etika”, “Estetika”, ‘Multikulturalizm” və “Azərbaycançılıq” mövzuları vahid fənn daxilində inteqrasiya olunaraq daha effektiv formada tədris edilə bilər. Dərs yükünün azaldılması həm tələbələrin öyrənməyə fokuslanmasına, həm də müəllimlərin elmi fəaliyyətə vaxt ayırmasına şərait yaradacaq. Nəticədə, təhsilin keyfiyyəti yüksələr, məzunların əmək bazarına uyğunlaşma faizi artar. Əgər bir fənn məzuna heç nə qazandırmırsa və onu peşəkar fərq kimi göstərmirsə, o dərhal proqramdan çıxarılmalıdır. Təhsilin keyfiyyəti də, cəmiyyətin etimadı da yalnız bu sual ətrafında verilən dürüst cavablarla formalaşa bilər: bu fənn tələbəyə nə verir?".


Beləliklə, ekspertə görə, ali təhsildə kəmiyyət deyil, nəticə əsaslı yanaşma dominant olmalı, hər bir fənn əmək bazarına inteqrasiya baxımından dəyərləndirilməlidir. Əks təqdirdə, tələbələr illərlə əzbərçiliyə əsaslanan və real həyatla əlaqəsi olmayan biliklərə vaxt itirməkdə davam edəcək.

 

Zeynəb Rzayeva

Bağçalardakı ən ciddi problemlər - Yalançı "özəllər", aldadılan valideynlər
Son xəbərlərDaha çox