Azedu.az

Universitetə qəbul - Xarici bölmələr üçün əlavə dil imtahanı OLMALIDIR

Tələbələr

Universitetlər

Müəllimlər və elm adamları

28 May 2025, 09:18
Universitetə qəbul - Xarici bölmələr üçün əlavə dil imtahanı OLMALIDIR

Müasir dövrdə xarici dildə təhsil almaq qlobal əmək bazarında rəqabətə davamlı kadrların hazırlanmasında mühüm rol oynayır. Bu səbəbdən, ali təhsil müəssisələrində həmin dillərdə aparılan tədrisin keyfiyyəti və tələbələrin dil hazırlığı xüsusi əhəmiyyət kəsb edir.

 

Lakin bəzi tələbələr xarici bölmədə təhsil almaqlarına baxmayaraq həmin dilə yetəri qədər hakim deyil. Bəs tələbələrin dil səviyyəsi yoxlanılmadan xarici bölməyə qəbul olması doğru sayıla bilərmi? 

 

AzEdu.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov xarici dil bölməsi üzrə təhsil almaq istəyənlərin dil biliklərinin heç bir yoxlama olmadan qəbul olunmasının həm pedaqoji, həm də təhsil keyfiyyəti baxımından ciddi uyğunsuzluq yaratdığını bildirib:

 

“Hal-hazırda Azərbaycan universitetlərində xarici dil bölməsində təhsil alan tələbələrin əhəmiyyətli hissəsi real olaraq tədris dilini kifayət qədər mənimsəməyib. DİM-in magistratura və bakalavriat səviyyəsində keçirdiyi imtahanların nəticələri də bunu sübut edir. 2024-cü ildə magistratura imtahanlarında ingilis bölməsi üzrə iştirak edənlərin 37%-i hətta minimum 5 balı belə toplaya bilməyib. Bu, birbaşa olaraq dil biliklərinin yoxlanılmamasının nəticəsidir”.


Həmsöhbətimiz qeyd edib ki, “Təhsil haqqında” Qanunun 13.1.3-cü maddəsində təhsilalanın təhsili sərbəst seçmə hüququ göstərilir:

 

“Amma bu seçim “müvafiq tələblərə və meyarlara” uyğun aparılmalıdır. Əgər bir gənc ali təhsili ingilis, fransız və ya alman dilində almağı planlayırsa, həmin dil üzrə baza səviyyəli biliklərinin yoxlanılması zəruridir. Əks halda, dərsləri başa düşməkdə çətinlik çəkəcək, öyrənmə tempi zəifləyəcək və bu da ümumi akademik göstəricilərə mənfi təsir göstərəcək. Nəticədə, tələbə ya təhsildən uzaqlaşır, ya da sadəcə formal şəkildə diplom əldə edir. Bu isə nə təhsil siyasətinə, nə də əmək bazarına uyğun gəlmir.

 

Beynəlxalq təcrübəyə nəzər yetirdikdə görürük ki, əksər ölkələrdə xarici dildə təhsil almaq istəyənlər üçün dil biliyini təsdiqləyən sənəd və ya imtahan nəticəsi tələb olunur. Almaniyada ali məktəbə ingiliscə daxil olmaq istəyən abituriyentlərdən TOEFL və ya IELTS nəticələri tələb olunur. Türkiyədə YÖS imtahanı verən xarici vətəndaşlardan, eyni zamanda ingilis bölmələrinə daxil olmaq istəyənlərdən YDS və ya digər dil biliyi təsdiqləyici sənədlər təqdim etmək istənilir. Finlandiyada və Hollandiyada isə ingilisdilli proqramlara qəbul üçün beynəlxalq dil imtahanı nəticəsi (ən az B2 səviyyəsi) şərtdir”.

 

Azərbaycan təhsil sistemində isə vəziyyətin əksinə olduğunu bildirən ekspert xarici dil bölməsinə seçim zamanı abituriyentin həmin dildə oxumağa qadir olub-olmamasının heç yoxlanılmadığı bildirib:

 

“Halbuki bu bölmələrdə dərslər rəsmi olaraq yalnız həmin dildə aparılmalıdır. Əslində isə, reallıqda bir çox universitetdə müəllimlər dərsi azərbaycanca izah edir, slaydı ingiliscə təqdim edir, imtahanda tələbə qeyri-formal yollarla sualları cavablandırır. Bu isə həm tədris prosesini formalaşdırır, həm də diplomun keyfiyyətini zəiflədir.

 

Əgər dil bilikləri əvvəlcədən ölçülməzsə, universitetə qəbul sadəcə formal prosedura çevrilir və tələbə üçün real akademik mühitə keçid mümkün olmur. Eyni zamanda, bu, beynəlxalqlaşma hədəfləri ilə də ziddiyyət təşkil edir. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda (2013) qeyd olunur ki, ali təhsil beynəlxalq rəqabətə davamlı olmalı və tələbələrə keyfiyyətli tədris mühiti təqdim edilməlidir. Xarici dildə təhsil almaq istəyənlərin hazırlıqsız şəkildə bu mühitə daxil edilməsi isə bu hədəfə ziddir.

 

Buna görə də xarici dil bölməsi seçən abituriyentlər üçün minimum dil biliyinin yoxlanılması məqsədilə əlavə imtahan və ya attestat göstəricilərinə əsaslanan diferensial seçim sistemi tətbiq olunmalıdır. Ən azı dil üzrə DİM-in sınaq qiymətləndirilməsi və ya məktəbdaxili nəticələrə əsaslanan səviyyə qiymətləndirilməsi aparılmalıdır. Bu tədbir həm tədrisin keyfiyyətini artırar, həm də tələbələr üçün real bacarıqlara əsaslanan təhsil imkanlarını formalaşdırar”.

 

Kamran Əsədov universitetlərə qəbul zamanı bu cür yoxlamaların gələcəkdə xarici tələbələrlə yerli tələbələrin inteqrasiyasını da asanlaşdıracağını vurğulayıb:

 

“Çünki oxşar dil səviyyəsində olan tələbələr arasında akademik əməkdaşlıq və qrup işi daha səmərəli həyata keçirilə bilər. Təhsildə şəffaflıq, səmərəlilik və keyfiyyət prinsiplərinə sadiq qalmaq üçün belə bir tədbir təkcə zəruri deyil, həm də təcili şəkildə tətbiq olunmalıdır”.

 

Zeynəb Rzayeva

Kiyev Moskva ilə Bakı arasında təxribat törətməyə hazırlaşır
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox