Xarici dildə təhsil verən bölmələr çox olsa da, təəssüf ki, bu say keyfiyyətlə paralel getmir. Bu gün bir çox tədris müəssələrində bölmənin xarici dildə olmasına baxmayaraq, dərslər Azərbaycan dilində keçilir. Universitetlər, bəzi özəl məktəblər bura daxildir.
Bu barədə AzEdu.az-a açıqlama verən fəlsəfə doktoru İlqar Orucov bildirib ki, xarici dildə tədris aparılmalı olan bölmələrdə tədrisin keyfiyyətsiz təşkil olunması ilə bağlı çoxsaylı fikirlər mövcuddur:
“Mən də bu fikirlərlə razıyam, bu gün bizim ali təhsil müəssisələrimizdə bu kimi problemlər mövcuddur. Belə bölmələrdə təhsil alan tələbələrin xarici dil səviyyəsi ən azı C1 səviyyəsində olmalıdır”.
Ekspertin fikrincə əgər söhbət ingilis dili bölməsindən gedirsə, burada təhsil almaq istəyən tələbənin dil biliyi ən azı IELTS 7.0 səviyyəsində olmalıdır. Amma gəlin baxaq, görək: bu gün ali təhsil müəssisələrində xarici dil bölməsinə qəbul olan tələbədən belə bir sertifikat tələb olunurmu?
“Təəssüf ki, xeyr. Tələbə sadəcə istəyi ilə həmin bölməni seçir və universitet də onun təhsil müddətində formal şəkildə prosesi davam etdirir. Bundan əlavə, xarici dildə dərs deyən müəllimlərin də dil biliyi çox zaman yetərli səviyyədə olmur. Belə olan halda, müəllim tələbəni, tələbə isə müəllimi “yola verir”. Bu da artıq ali təhsilin ciddi problemlərindən biridir”.
Özəl orta məktəblərlə bağlı konkret fikir bildirməsə də, məktəblərdə də xarici dildə dərs deyən müəllimlərin səviyyəsinin çox vaxt yetərli olmadığını qeyd edib:
“Ali təhsil müəssisələrində tədris əsasən müvafiq razılaşmalara əsasən həyata keçirilir. Amma bu məsələdə dövlətin rolu daha böyükdür. Qəbul prosesini Dövlət İmtahan Mərkəzi həyata keçirir və ali məktəblərin əksəriyyəti dövlətə məxsusdur.
Xarici dildə təhsil alan tələbələrin təhsil səviyyəsi gözlənilən keyfiyyəti vermir. Hətta özəl məktəblərdə bu sahədə təhsil alan şagirdlərin də dil səviyyəsi çox zaman aşağı olur. Bu isə göstərir ki, burada formal yanaşma daha çoxdur.
Ümumilikdə problemin kökündə həm müəllim çatışmazlığı, həm də universitetlərin xarici dildə təhsil alan tələbələrin sayını bir növ göstərici kimi istifadə etmək istəyi dayanır. Amma bu yanaşma ilə keyfiyyətli ali təhsildən danışmaq mümkün deyil”.
Zeynəb Rzayeva