Azedu.az

Televiziya gəncləri necə cəlb edir? - Jurnalistlər danışır...

Tələbələr

Universitetlər

Müəllimlər və elm adamları

20 May 2025, 14:32
Televiziya gəncləri necə cəlb edir? - Jurnalistlər danışır...

Bu gün jurnalistika ixtisasını seçənlər, eyni zamanda ali təhsilini başa vurmuş gənc jurnalistlər əsasən televiziyada çalışmaq istəyirlər. Onların böyük əksəriyyəti xəbər saytlarında işləməyə maraq göstərmir, hətta bəzi hallarda təcrübə proqramı üçün onlara edilən təklifləri belə qəbul etmirlər.

 

Bəs görəsən, gənc jurnalistlərin xəbər saytlarına maraq göstərməməsinin əsas səbəbi nədir- maddi şərtlər, iş şəraiti, yoxsa prestij amili? Onların məhz televiziyanı seçməsinin səbəbi nə ilə izah olunur?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Azərbaycan jurnalisti, televiziya tənqidçisi, publisist, filologiya elmləri doktoru, BDU-nun professoru Qulu Məhərrəmli qeyd edib ki,  gənclər televizyada rahatlıq və maaş fərqi görürlər:

160414

“Bu gün jurnalistika təhsil sistemində televiziya öz cazibəsini qoruyur. Bu da televiziya sahəsinin təqdim etdiyi üstünlüklərlə fərqlənmə, tanınma, karyera imkanları və sair bu kimi amillərlə bağlıdır. Televiziyada bu imkanlar daha aktiv və nəzərəçarpan şəkildə mövcuddur. Ancaq bu, xəbər saytlarındakı vəziyyətin tam əks olduğunu göstərmir. Hazırda xəbərçiliklə məşğul olan tanınmış və savadlı jurnalistlərimiz var. Gənclərin televiziya sahəsinə meyli daha çoxdur. Çünki onlar bu sahədə nisbətən daha çox rahatlıq və maaş fərqi görürlər.

 

Hesab edirəm ki, tanınmış xəbər saytları öz PR fəaliyyətlərini düzgün şəkildə həyata keçirə bilsələr, həmçinin jurnalistika təhsil sistemi ilə əlaqə qurub yuxarı kurs tələbələri ilə işləməyə başlasalar, bu problem asanlıqla həll oluna bilər. Bu, əslində çətin məsələ deyil. Artıq bizdə bəzi tələbələr II və III kursdan sonra müxtəlif xəbər saytlarında işləməyə başlayırlar".

 

“Hesab edirəm ki, xəbər saytında və qəzetdə çalışıb daha sonra televizyaya getmək bir jurnalist üçün böyük imkan yaradır”, - deyə müsahibimiz qeyd edib:

 

“Çünki həmin sahələrdə xəbərçilik, reportyorluq, müsahibə götürmək və cəmiyyəti yaxından tanımaq kimi geniş imkanlar mövcuddur. Bunun üçün jurnalistika sahəsində ixtisaslaşmış mütəxəssislərlə, müəllim və tələbələr arasında ciddi və məqsədyönlü iş aparılmalıdır. Tələbələr iş yeri seçimində öz maraq dairələrini və karyera yollarını düzgün müəyyənləşdirməlidirlər. Bəzən gənclər televiziya sahəsinə üz tutur, illərlə gözləyirlər, amma nə onları qəbul edən olur, nə də iş təklifi edən. Sonda qeyd etmək istəyirəm ki, bu istiqamətdə sistemli və məqsədəuyğun fəaliyyətə ehtiyac var".

 

Jurnalist Ruhiyyə Daşsalahlı bildirib ki, televizyada əməkhaqqı sayt və ya qəzetlərdən yüksək deyil, hətta qat-qat aşağıdır. Üstəlik, xüsusi yazı bacarığı da tələb edilmir:

160415

“Fikrimcə, gənclər zamanın nəbzini düzgün tuturlar və bu baxımdan haqlıdırlar. Onlar görürlər ki, ölkədə çoxları addımlarını görüntüyə hesablayır. Məmurlar qəzet və saytlarda öz şəkillərinə baxır, onlardan müsahibə istəyəndə isə ilk sualları bu olur: "Kamera olacaq?"

 

Müşahidələrimə əsaslanaraq deyə bilərəm ki, hətta şəhid ailələrinə baş çəkməyə gedəndə belə, bəziləri bir kəlmə də danışmır, ailənin vəziyyəti ilə maraqlanmır. Amma şəkil çəkilmə vaxtı gələndə, hamı obyektiv qarşısında düzülür, gətirdikləri oyuncağın bir ucundan yapışıb qürurla ön sıraya keçirlər.

 

Əslində, bəzən televiziyalarda əməkhaqqı sayt və qəzetlərdən yüksək olmur, bəzən isə əksinə, daha aşağı olur. Üstəlik, xüsusi yazı bacarığı da tələb edilmir. Belə olan halda, əgər gənclər televiziyaya açıq yol tapa bilirlərsə, qoy bu yolda uğurla irəliləsinlər".

 

Jurnalist Rizvan Fikrətoğlu qeyd edib ki, xəbər saytlarında daha sərt redaksiya rejimi və yüksək operativlik tələbi mövcuddur. Televiziyada çalışan jurnalistlərin isə araşdırma və yazı bacarıqları zamanla zəifləyə bilər:
160416

“Son illərdə jurnalistika ixtisası üzrə təhsil alan, bu sahədən məzun olan gənclərin, eləcə də qeyri-ixtisas sahələrindən jurnalistikaya gələnlərin televiziyaya üstünlük verməsi və xəbər saytlarına maraqsız yanaşması psixoloji, sosial və peşəkar səbəblərlə izah oluna bilər.

 

İlk olaraq, burada məşhurluq və vizual görünmə arzusu ön plana çıxır. Televiziya efirə çıxmaq imkanı yaratdığı üçün ictimai tanınma, aura və bəzən media ulduzu ilə assosiasiya olunmaq istəyinə səbəb olur. Gənclər üçün bu, təkcə iş imkanı deyil, həm də şəxsi brend formalaşdırmaq fürsəti kimi dəyərləndirilir".

 

“Ümumiyyətlə, jurnalistika ixtisasını seçənlərin əksəriyyəti bu peşəni reportyor, xəbər aparıcısı və ya efir jurnalisti kimi təsəvvür edir”,- deyə müsahibimiz qeyd edib:

 

“Xəbər saytlarında işləmək isə əsasən yazı yazmaq və masa arxasında işləməklə əlaqələndirilir. Bu isə daha çox “gizli əmək” kimi görünür. Yəni, yalnız jurnalistin adı görünür və bu, geniş ictimai diqqət cəlb etmir”.

 

Həmsöhbətimiz bildirib ki, əməkhaqqı məsələsi də burada önəmlidir. Bəzi şəxslər xəbər yazmaqda zəif ola bilər, lakin danışıq qabiliyyəti yüksək olduğu üçün televiziya sahəsində daha uğurlu ola bilərlər:

 

“Digər tərəfdən, televiziyada əməkhaqqı daha yüksək, iş şəraiti daha komfortlu ola bilər. Bu səbəblər həmin şəxslərin televiziyanı seçməsinə gətirib çıxarır. Bununla belə, qeyd etmək lazımdır ki, xəbər saytları elmi jurnalistikaya, analitik yanaşmaya və mətn üzərində düşünməyə daha yaxın sahədir.

 

Qeyd edilməlidir ki, xəbər saytlarında daha sərt redaksiya rejimi və yüksək operativlik tələbi mövcuddur. Televiziyada çalışan jurnalistlərin isə araşdırma və yazı bacarıqları zamanla zəifləyə bilər. Bundan əlavə, bəzi gənclər televiziya sahəsində karyera yüksəlişinin daha mümkün olduğunu düşünürlər.

 

Mən tövsiyə edərdim ki, jurnalistika təhsili verən ali məktəblərdə xəbər saytlarında praktikanın dəyəri artırılsın. Başa düşmək lazımdır ki, xəbər saytlarında çalışan jurnalistlər daha çevik, operativ və yaradıcı olurlar. Jurnalistika karyerasına başlayan gənclər üçün xəbər saytları böyük əhəmiyyət daşıyır. Çünki burada onlar yazı texnikasını mənimsəyir və mühüm peşə bacarıqları əldə edirlər.

 

Vizual görüntülər cəmiyyətimizdə daha çox diqqət çəkir. İnsanlar düşünürlər ki, televiziya onlara daha çox prestij qazandıracaq. Doğrudur, bu bir qədər belədir”.

 

“Lakin yaxşı jurnalist olmaq üçün tanınmaq vacib deyil. Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə kimi dahilərin televiziyası olmamışdı. Onlar öz qələmləri ilə dərin izlər buraxmış və Azərbaycan mətbuatının əsasını qoymuşlar”, - deyə R.Fikrətoğlu vurğulayıb.

 

AzEdu.az-a mövzu ilə bağlı açıqlama verən jurnalist, Məzahir Məmmədli qeyd edib ki, gənclər daha çox maddi imkanları nəzərə alıb iş seçimi edirlər:

160417

"Bu gün Azərbaycanda jurnalistika ixtisası üzrə kadr hazırlayan üç ali təhsil müəssisəsi fəaliyyət göstərir. Bunlardan biri Bakı Dövlət Universitetidir (BDU). Bu ali məktəb uzun illərdir jurnalistika sahəsində ixtisaslaşmış və peşəkarlardan ibarət komanda ilə çalışır. Universitet əmək bazarının tələblərinə uyğun mütəxəssislər yetişdirə bilir. Bakı Slavyan Universiteti (BSU) və Azərbaycan Dillər Universitetində (ADU) də jurnalistika ixtisası tədris olunur. Lakin bu ali məktəblərdə maddi-texniki baza baxımından müəyyən çatışmazlıqlar mövcuddur.

 

Hazırda Azərbaycanda həm rəsmi, həm də özəl "YouTube" platformalarında yayımlanan kifayət qədər kanal var. İlkin olaraq, hər bir şəxs çalışdığı sahə üzrə maddi tələbatını ödəməyə çalışır. Digər bir məsələ isə gənc jurnalistlərin tez bir zamanda “populyar” olmaq istəməsidir. Bu baxımdan da televiziya onlar üçün daha cəlbedici görünür".

 

Kiyev Moskva ilə Bakı arasında təxribat törətməyə hazırlaşır
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox