Azedu.az

Universitetlərdə “İngilis bölməsi”: “Dərslər kağız üzərində ingiliscədir, əməldə yox”

19 May 2025, 09:35
Universitetlərdə “İngilis bölməsi”: “Dərslər kağız üzərində ingiliscədir, əməldə yox”

Dörd il ərzində tələbələrə sistemli şəkildə akademik və kommunikativ dil bacarıqları öyrədilməyib. Əgər bir tələbə ixtisasının dili olaraq ingilis dilində təhsil aldığını iddia edir, lakin 5 bal səviyyəsində belə dil göstəricisi sərgiləyə bilmirsə, bu artıq sistemli böhrandır.

 

“Problem yalnız müəllimlərin dil bacarığı ilə məhdudlaşmır, eyni zamanda kurikulumların ingilis dilinə uyğunlaşdırılmaması, resurs çatışmazlığı, metodoloji hazırlığın zəifliyi və tələbələrin passiv təlim mühitində inkişaf edə bilməməsi ilə daha da dərinləşir”.

 

Bu sözləri AzEdu.az-a Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov söyləyib.

 

“Azərbaycanda dövlət universitetlərində “ingilis bölməsi” adı altında fəaliyyət göstərən bakalavriat proqramlarının əksəriyyəti formal xarakter daşıyır və təhsil keyfiyyəti baxımından ciddi problemlərlə üz-üzədir. Bu bölmələrdə tədrisin ingilis dilində keçirilməsi yalnız kağız üzərində nəzərdə tutulur.

 

Real vəziyyət isə tam fərqlidir: dərslərin böyük əksəriyyəti Azərbaycan dilində aparılır, müəllim heyətinin əhəmiyyətli hissəsi akademik ingilis dili səviyyəsinə malik deyil, tələbələr isə bu dilə yalnız terminoloji səviyyədə, o da əsasən ezber yolu ilə bələd olurlar. Bu hal həm təhsil prosesinin mahiyyətini, həm də məzunların rəqabət qabiliyyətini ciddi şəkildə sual altına alır”.

 

Ekspert qeyd edib ki, bu problemin nəticələri konkret faktlarla da sübut olunur:

 

Dövlət İmtahan Mərkəzinin magistratura səviyyəsi üzrə 2024-cü il imtahan nəticələrinə görə, ingilis bölməsi üzrə bakalavriat təhsili almış yüzlərlə tələbə ingilis dili fənnindən minimum 5 bal belə toplaya bilməyib. Bu isə onu göstərir ki, dörd il ərzində tələbələrə sistemli şəkildə akademik və kommunikativ dil bacarıqları öyrədilməyib. Əgər bir tələbə ixtisasının dili olaraq ingilis dilində təhsil aldığını iddia edir, lakin 5 bal səviyyəsində belə dil göstəricisi sərgiləyə bilmirsə, bu artıq sistemli böhrandır.

 

Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 6.3-cü maddəsində qeyd olunur ki, tədris prosesi seçilən təhsil proqramına və dilinə uyğun şəkildə təşkil olunmalıdır. Yəni “ingilis bölməsi” adı altında fəaliyyət göstərən ixtisaslarda dərs yalnız ingilis dilində keçirilməlidir. Bu hüquqi norma pozulduğu halda tələbə aldadılır, onun təhsil hüququ pozulur və nəticədə diplom real bacarıqları əks etdirmir”.

 

“Qanunla nəzərdə tutulmuş proqram dilində tədris aparılmırsa, bu, həm də ali təhsil müəssisəsinin akkreditasiya və etibarlılıq məsələlərini gündəmə gətirir”, - deyə ekspert bildirib:

 

“Dünya təcrübəsində ingilis bölməsi adlandırılan ixtisaslar ciddi şəkildə dil və akademik keyfiyyət baxımından nəzarətdə saxlanılır. Məsələn, Almaniyada və Skandinav ölkələrində ingilisdilli proqramlarda müəllimlərin CEFR üzrə minimum C1 səviyyəsində ingilis dili sertifikatı tələb olunur. Hətta bəzi universitetlərdə dərs deyəcək müəllimlərdən beynəlxalq səviyyədə tanınan IELTS və ya TOEFL nəticələri təqdim etmək tələb edilir. Tələbələr isə təhsilə başlamazdan öncə akademik ingilis dili hazırlığı kursları keçir və bu mərhələdə uğur qazanmayan tələbələr ixtisasa buraxılmır. Azərbaycanda isə bu nəzarət mexanizmləri ya mövcud deyil, ya da formal şəkildə tətbiq olunur.

 

Problem yalnız müəllimlərin dil bacarığı ilə məhdudlaşmır, eyni zamanda kurikulumların ingilis dilinə uyğunlaşdırılmaması, resurs çatışmazlığı, metodoloji hazırlığın zəifliyi və tələbələrin passiv təlim mühitində inkişaf edə bilməməsi ilə daha da dərinləşir. Bəzi hallarda dərsliklər belə Azərbaycan dilindən tərcümə edilərək, keyfiyyətsiz və anlaşılmaz şəkildə təqdim olunur. Nəticədə, tələbələr nə tədris proqramının nəzərdə tutduğu bilik və bacarıqları mənimsəyə bilir, nə də beynəlxalq əmək bazarında rəqabətə davamlı olur”.

 

K. Əsədov vurğulayıb ki, bu vəziyyət dəyişməsə, Azərbaycan ali təhsili “ingilis bölməsi” adı altında gələcəkdə həm yerli, həm də beynəlxalq səviyyədə etibar itkisi ilə üzləşəcək:

 

“İki əsas istiqamətdə dəyişiklik zəruridir: birincisi, ingilis bölməsi üzrə fəaliyyət göstərən bütün ixtisaslarda tədris dilinə ciddi nəzarət mexanizmi tətbiq olunmalı, müəllimlərin dil səviyyəsi rəsmi şəkildə yoxlanmalıdır. İkincisi, tələbələrə təhsil müddətində real dil bacarığı qazandıracaq kommunikativ, praktik və akademik yazı əsaslı proqramlar tətbiq olunmalıdır. Əgər bu tədbirlər görülməzsə, “ingilis bölməsi” anlayışı sadəcə diplom üzərində qalan bir ifadə olaraq qalacaq və bu da təhsilin keyfiyyətinə, ölkənin beynəlxalq akademik reputasiyasına və tələbələrin gələcəyinə mənfi təsir göstərəcək”.

TƏCİLİ! Gərnginlik dayanmır - İran PUA-larla vurulur
Son xəbərlərDaha çox