Azərbaycanda təhsil haqlarının əməkhaqqı səviyyəsinə nisbətdə yüksək olması, minlərlə gəncin ali təhsildən məhrum qalmasına və onların xarici ölkələrə üz tutmasına səbəb olur. Bu vəziyyət uzunmüddətli perspektivdə ölkədə beyin axınına, ixtisaslı kadr çatışmazlığına və cəmiyyətin inkişaf potensialının zəifləməsinə gətirib çıxara bilər.
Artan təhsil haqları cəmiyyətin müəyyən təbəqələrində ciddi narahatlıq doğurur.Nəzərə alsaq ki, hər il minlərlə abituriyent məhz maddi imkansızlıq səbəbindən ali təhsil ala bilmir, təhsil haqlarının artması vəziyyəti daha da ağırlaşdıra bilər.
Bəs universitetlər tələb etdikləri yüksək təhsil haqqına uyğun təhsil verə bilirlərmi?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən iqtisadçı ekspert Günay Hüseynova bildirib ki, 11 il ərzində məktəbin verə bilmədiyi bilik və bacarıqları şagirdin 2 saatlıq imtahanda nümayiş etdirməsi mümkün deyil:
“İqtisadçı kimi hər zaman təhsilin ödənişli olmasına qarşı olmuşam. Ali təhsilə və orta ixtisas təhsilinə ölkəmizdə xüsusi maraq mövcuddur. Bir sıra xarici ölkələrdə uşaqlardan soruşanda: "Gələcək planın nədir, nə olmaq istəyirsən?", əksəriyyəti cavab verir: "Filan sahədə çalışıb çox pul qazanmaq istəyirəm", Bizdə isə ibtidai sinifdən uşaqların ali məktəb arzusu var".
Ekspert deyir ki, ölkədə insanlar ayda 400 manat maaş alırsa, universitetlərin illik 1500 - 2000 manat təhsil haqqı tələb etməsi anlaşılmazdır:
“Hər kəsə məlumdur ki, məhz təhsil haqqı səbəbindən ali təhsil ala bilməyən, yaxud oxuduğu müddətdə ödəyə bilmədiyi üçün universitetdən xaric edilən minlərlə tələbə var. Təhsil qurumları və bəzi təhsil ekspertləri deyir ki, abituriyent yaxşı oxusun, dövlət sifarişi ilə qəbul olunsun. Bəs 11 il ərzində məktəbin verə bilmədiyi təhsili şagird 2 saatlıq imtahanda necə nümayiş etdirsin?
İldən-ilə niyə xaricə tələbə axını artır? Xaricdə təhsil əcnəbi tələbələr üçün də pulsuz deyil, amma həmin tələbə də, valideyni də bilir ki, bu, gələcəyə qoyulan kapitaldır və nəticəsini artıqlaması ilə alacaqlar. Azərbaycanda isə təhsilə edilən bu qədər maneə gəncləri öz ölkəsində təhsil almaqdan çəkindirir".
Günay Hüseynovanın fikrincə, bir gəncin təhsil arzusunu çətinləşdirmək, əslində onun bütün həyat arzularını puç etmək deməkdir:
“Sonra da deyirlər ki, beyin axını gedir, ölkədə iqtisadiyyatın müxtəlif sahələrində mütəxəssis çatışmazlığı var. Gənclərin arzularına, inkişaf imkanlarına mane olmaqla, əslində cəmiyyətin intellektual və iqtisadi potensialı zəiflədilir”.