Universitetlərdə kollekviumlarla yanaşı müəllimlər tələbələrdən bir neçə sərbəst işdə tələb edirlər. Lakin tələbələr daha yüksək qiymət almaq üçün və ya əziyyət çəkməmək üçün sərbəst işləri kiməsə yazdırmağa üstünlük verirlər. Hətta bəzi sosial şəbəkələrdə sərbəst işlərin yazılması üçün səhifələrdə var.
Mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov bildirib ki, universitetlərdə sərbəst işlərin tələb olunması, ilk növbədə, tələbələrin tədqiqat bacarıqlarını inkişaf etdirmək, analitik düşüncə qabiliyyətlərini artırmaq və müstəqil işləmək vərdişlərini formalaşdırmaq məqsədi daşıyır:
“Lakin təəssüf ki, bəzi hallarda bu məqsəd praktiki olaraq reallaşmır. Tələbələrin sərbəst işləri yazdırması problemi akademik etikanın pozulması ilə yanaşı, təhsilin keyfiyyətinə mənfi təsir göstərir və bu prosesin məqsədini ciddi şəkildə şübhə altına alır.
Sərbəst işlərin yazdırılması bir neçə səbəbdən qaynaqlanır. Əvvəla, bəzi tələbələr sərbəst işləri özləri yazmağa motivasiya tapmır. Bunun səbəbi ya dərsin onların maraq dairəsinə uyğun olmaması, ya da mövzunun onlara çətin gəlməsidir. Digər tərəfdən, sərbəst işlərin miqdarı çox olduqda tələbələr arasında yüklənmə yaranır və bu, onların plagiat və ya kənar kömək axtarmağa meyillənməsinə səbəb olur.
Sosial şəbəkələrdə sərbəst işlərin yazılması üçün səhifələrin və xidmətlərin mövcudluğu isə bu problemi daha da gücləndirir. Bu, yalnız tələbə səviyyəsində deyil, həm də təhsil sisteminin bütövlükdə akademik intizamı təmin etməkdə çətinlik çəkdiyini göstərir. Əgər sərbəst iş tələbə tərəfindən yazılmırsa, bu işin məqsədi tamamilə itir və tələbə üçün heç bir inkişaf təmin etmir.
Sərbəst işlərin vacibliyinə gəldikdə isə, bu format düzgün idarə olunduqda təhsil prosesinə böyük töhfə verə bilər. Tələbə sərbəst şəkildə tədqiqat aparmağı, mənbələrlə işləməyi, məlumatı təhlil etməyi və nəticələr çıxarmağı öyrənir. Lakin bu məqsədə çatmaq üçün bir neçə dəyişiklik tələb olunur”.
Ekspert qeyd edib ki, sərbəst işlərin miqdarı və keyfiyyəti diqqətlə nəzərdən keçirilməlidir:
“Çoxlu sayda tapşırıq vermək əvəzinə, daha az, lakin daha keyfiyyətli və düşünülmüş tapşırıqlar tələb olunmalıdır. Tələbənin maraqlarını nəzərə alan və praktik problemlərin həllinə yönəlmiş mövzular təyin edilməlidir. Bununla yanaşı, sərbəst işlərin yerinə yetirilmə prosesində tələbələrə dəstək göstərilməli, onların suallarına cavab verilməli və istiqamət verilməlidir.
Müəllimlər üçün də sərbəst işlərin qiymətləndirilməsi prosesi daha obyektiv və detallı olmalıdır. Hazır şablonlardan istifadə edilməsi və ya işin keyfiyyətinə lazımi diqqətin yetirilməməsi tələbələrin motivasiyasını aşağı salır. Müəllimlər tələbələrə yalnız nəticəni deyil, həm də prosesin özünü qiymətləndirməyi aşılamalıdır.
Digər tərəfdən, universitetlərdə akademik etika qaydaları sərtləşdirilməli və sərbəst işlərin yazdırılması halları ilə ciddi şəkildə mübarizə aparılmalıdır. Plagiat yoxlama sistemlərinin tətbiqi genişləndirilməli, tələbələrin öz işlərini yazmasının əhəmiyyəti vurğulanmalıdır. Bu, tələbələrdə məsuliyyət hissini artıracaq və sərbəst işlərin mənasını daha yaxşı anlamağa kömək edəcək.
Sərbəst işlərin təhsil prosesində əhəmiyyəti böyükdür, lakin onların düzgün təşkil olunmaması bu əhəmiyyəti ciddi şəkildə azalda bilər. Universitetlər bu problemin həlli üçün həm tələbələrə, həm də müəllimlərə dəstək olmalı, prosesi daha şəffaf və məqsədəuyğun hala gətirməlidir. Əks təqdirdə, sərbəst işlər formal bir tələbdən başqa bir şey olmayacaq və tələbələr üçün əlavə yüklənmədən başqa heç nə ifadə etməyəcək”.