Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Goranboy Olimpiya İdman Kompleksində Gəncə Dövlət Universitetinin (GDU) tələbələrinin iştirakı ilə “Poliqon” gənclərin hərbi-vətənpərvərlik düşərgəsi keçirilib.
Düşərgənin açılışında Gənclər və İdman Nazirliyinin nümayəndələri, Goranboy Rayon İcra Hakimiyyətinin rəsmiləri, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi İntiqam Hüseynov, universitetin İdman Klubunun məşqçisi, 44 günlük Vətən müharibəsinin iştirakçısı Orxan Əliyev və universitetin 50-dən çox fəal tələbəsi iştirak edib.
AzEdu.az xəbər verir ki, tədbirdə çıxış edən GDU-nun İdman Klubunun sədri Xaqani Umudov düşərgənin gənclərdə vətənpərvərlik ruhunu daha da artırmaq, onları sağlam həyat tərzinə təşviq etmək məqsədilə təşkil olunduğunu söyləyib.
Gənclər və İdman Nazirliyinin nümayəndələri gənclər arasında keçirilən hərbi-vətənpərvərlik düşərgəsinin məqsədindən və həyata keçirilən işlərdən söhbət açıblar, gənclərin yüksək vətənpərvərlik ruhunda yetişdirilməsinə görə universitet rəhbərliyinə təşəkkürlərini çatdırıblar.
Çıxışlardan sonra düşərgə hərbi simulyativ formatda təşkil olunub. GDU-nun tələbələrindən ibarət “Mübarizlər”, “Aslanlar”, “Canavarlar”, “Şahinlər” və “Əqrəblər” adlı komandalara Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan hərbçiləri tərəfindən sıra, topoqrafiya, mühəndis, komandir, kəşfiyyat, atəş hazırlığı və digər hərbi təlimlər keçirilib. Bununla yanaşı, gənclər üçün maraqlı idman və hərbi-idman oyunları, intellektual oyunlar və “Məclisi-üns” bədii gecəsi təşkil edilib.
Yekun nəticələrə əsasən, “İgidlər” komandası I, “Əqrəblər” II, “Aslanlar” isə III yerə layiq görülüb.