Azedu.az

Distant diplomlar: Dünyada tanınır, Azərbaycanda yox...

Tələbə və şagird

Universitetlər

8 May 2025, 10:18
Distant diplomlar: Dünyada tanınır, Azərbaycanda yox...

Azərbaycanda distant (onlayn) formada alınan xarici diplomlar hazırda rəsmi şəkildə tanınmır. Təhsildə Keyfiyyətin Təminatı Agentliyi bu qərarı distant təhsilin keyfiyyətinə nəzarət imkanlarının zəifliyi ilə əsaslandırır. Halbuki dünya üzrə ABŞ, Avropa və digər ölkələr distant diplomları beynəlxalq akkreditasiyalara əsaslanaraq tanıyır. Ekspertlər hesab edir ki, Azərbaycan fərdi qiymətləndirmə və beynəlxalq standartlara uyğun yanaşma tətbiq etməlidir.

 

Distant təhsil - tələbə və müəllimin eyni fiziki məkanda olmadan, əsasən internet üzərindən dərs keçdiyi təhsil formasıdır. Bu modeldə dərslər onlayn platformalar Zoom, Google Meet, Microsoft Teams, Moodle və s. vasitəsilə keçirilir. Tələbələr evdən və ya istənilən digər yerdən təhsilə qoşula bilirlər. Distant təhsil daha çox əyani təhsilin alternatividir. İnternetə çıxışı olan hər yerdə bu təhsil formasını almaq mümkündür. Distant təhsil müəyyən obyektiv səbəblər üzündən ali təhsil almaq imkanı olmayan və ya yeni ixtisas almaq arzusunu həyata keçirə bilməyənlər üçün real təhsil imkanları təqdim edir. Distant təhsil almaq üçün ödənilən məbləğ də təhsilin digər formaları ilə (əyani, qiyabi) müqayisədə olduqca aşağı olur. Distant təhsil forması həmçinin, əlilliyi, sağlamlıq durumu zəif olan gənclər üçün  də əvəzolunmazdır.

159610

Sadalanan bütün bu üstünlüklərə baxmayaraq,  xaricdə distant (onlayn) təhsil alanların diplomları hal-hazırda Azərbaycanda rəsmi olaraq tanınmır. Bu, Təhsilin Keyfiyyətinin Təminatı Agentliyinin (TKTA) və Nazirlər Kabinetinin qəbul etdiyi qaydalara əsasən belədir.

 

“Təhsil haqqında” Qanunun 13-cü maddəsində distant və eksternat təhsil forması nəzərdə tutulsa da, Nazirlər Kabineti tərəfindən distant təhsilin aparılması ilə bağlı əsasnamələr bu günə qədər təsdiq edilməyib. Nəticədə təhsilini tamamlayan məzunlar öz diplomlarını tanıtmaqda əziyyət çəkirlər.

 

Distant yolla ali təhsil alan Arzu Zeynalova deyir ki, bir ildir diplomunu alıb, amma təsdiqlədə bilməyib: “Distant formada beynəlxalq akkreditasiyalı universiteti bitirmişəm. Bütün fənləri uğurla keçdim, imtahanlar ciddi nəzarət altında oldu. Diplomumu aldım, amma Azərbaycanda deyirlər ki, distant formada olduğuna görə tanınmır. Dünyada qəbul olunan təhsil, bizdə sayılmır. ABŞ və Avropada distant diplomla insanlar dövlət işində işləyir, magistr, doktorantura oxuyur. Amma mən öz ölkəmdə heç bir yerdə istifadə edə bilmirəm. Azərbaycanda dövlət sektorunda işə qəbul zamanı mənim distant diplomum heç nə sayılır Distant təhsil asan deyil. Özün plan qurursan, dərslərə vaxt ayırırsan, tapşırıqları vaxtında təhvil verirsən. Görünyüdü kimi asan deyil. Xaricə gedib oxumaq üçün kifayət qədər maddi imkanım yox idi. Ona görə distant proqram seçdim. Bu daha əlçatan və çevik idi. İndi isə ölkəmdə bu diplomla işə girə bilməməyim böyük haqsızlıqdır. COVID dövründə bütün universitetlər distant tədrisə keçdi və həmin dövrdə verilən diplomlar tanındı. Amma indi eyni təhsil formasını görməzdən gəlirlər”.

 

Arzu Zeynalova hesab edir ki, əsas məsələ təhsilin distant yoxsa əyani olması deyil, proqramın məzmunu və keyfiyyətidir. Əgər distant proqram ciddi şəkildə aparılırsa, niyə tanınmasın?

 

Distant yolla alınan diplomların tanındığı ölkələr əsasən bu formadakı təhsili rəsmi və hüquqi olaraq qəbul edən dövlətlərdir. Demək olar ki, əksər Avropa ölkələrində distant yolla alınan diplomlar tanınır və qəbul olunur.

 

ABŞ-da distant təhsil rəsmi şəkildə tanınır. Bu şərtlə ki, onlayn diplomların tanınması üçün proqramlar regional akkreditasiyaya malik osun.  İşə qəbul zamanı onlayn diplomlar əyani diplomlarla eyni səviyyədə qəbul edilir Xüsusilə dövlət və texniki sahələrdə.

 

İngiltərə və Şotlandiyada da “Open University” və digər universitetlərdə distant proqramlar geniş yayılıb. Tanınma üçün QAA akkreditasiyası (Quality Assurance Agency for Higher Education) vacibdir. Diplomda "distant" ifadəsi çox vaxt yazılmır və hüquqi cəhətdən əyani diplomla eyni hüquqdadır.

 

Almaniyada “Fernstudium” (uzaqdan təhsil) qanunidir. “SRH Fernhochschule”, “IUBH” kimi ali məktəblər distant diplomlar verir. Diplomlar Almaniyanın Təhsil Nazirliyi (KMK) tərəfindən tanınır və dövlət sektoru daxil olmaqla istifadə edilə bilir.

 

Kanada Onlayn proqramlar "Distance Education Accreditation" və “eCampus Ontario” kimi təşkilatlar tərəfindən akkreditasiyadan keçir. Distant diplomlar xüsusilə texnoloji və idarəetmə sahələrində tanınır. İmmiqrasiya və iş icazəsi prosesində də qəbul edilir.

 

Avstraliyada distant proqramlar Avstraliyanın rəsmi akkreditasiya orqanı olan TEQSA tərəfindən nəzarətdə saxlanılır. Diplomlar əyani təhsillə hüquqi baxımdan eynidir.

 

Skandinaviya ölkələri - Norveç, İsveç, Finlandiyada da distant proqramlar dövlət tərəfindən maliyyələşdirilir və tam tanınır. İştirakçılar dövlət sektorunda onlarla eyni hüquqa malikdir.

 

Hindistanda 2022-ci ildən etibarən UGC (University Grants Commission) distant diplomların rəsmi tanınmasını təmin edib. Lakin yalnız UGC-nin siyahısında olan universitetlərdə alınan diplomlar qəbul edilir.

 

Azərbaycan kontekstində distant təhsilin əsas problemlərindən biri də tədris prosesinin şəffaflığı ilə bağlıdır. Distant təhsildə tələbələrin biliyinin qiymətləndirilməsi ənənəvi təhsil ilə müqayisədə daha çətin olur. Belə ki, onlayn imtahanlarda saxtakarlıq və digər qeyri-etik davranış risqləri yüksəkdir. Təhsildə Keyfiyyət Təminatı Agentliyi məhz bu kimi problemləri əsas gətirərək distant təhsilin tanınmasının hazırkı mərhələdə mümkün olmadığını bildirir. Distant təhsilin tanınmamasının digər səbəbi ölkədə bu sahədə keyfiyyət təminatı sisteminin inkişaf etməməsidir. Məsələn, distant təhsilin standartlarının müəyyən edilməməsi, təhsil müəssisələrinin bu formatda tələbələrə lazımi səviyyədə bilik verib-verməməsini qiymətləndirmək üçün mexanizmlərin olmaması əsas çətinliklərdən biridir. Beynəlxalq təcrübədə distant təhsilin tanınması üçün ciddi akreditasiya tələbləri tətbiq olunur.

 

ABŞ-da "Council for Higher Education Accreditation" (CHEA) və "Distance Education Accrediting Commission" (DEAC) kimi qurumlar distant təhsil proqramlarını təsdiqləyir və onların standartlara uyğunluğunu təmin edir. Azərbaycanda isə bu cür mexanizmlər hələ mövcud deyil.

 

Təhsil eksperti  Kamran Əsədovun sözlərinə görə, xarici universitetlərdə distant formada təhsil alanların diplomlarının Təhsildə Keyfiyyətin Təminatı Agentliyi tərəfindən tanınmaması ciddi problemlər yaradır. Bu vəziyyət yalnız fərdi səviyyədə tələbələrin təhsil hüquqlarını məhdudlaşdırmır, eyni zamanda ölkənin əmək bazarına təsir göstərir, eləcə də Azərbaycan təhsil sisteminin qlobal təhsil məkanına inteqrasiyasını çətinləşdirir: “Hazırda TKTA yalnız əyani və qiyabi formada xaricdə təhsil alanların diplomlarını tanıyır, bu isə Azərbaycanda təhsil alanlarla xaricdə distant təhsil alanlar arasında hüquqi bərabərsizliyə gətirib çıxarır. “Qlobal miqyasda distant təhsil 21-ci əsrin əsas təhsil modellərindən birinə çevrilib. Pandemiya dövrü ilə birlikdə onlayn təhsil sistemləri kütləvi şəkildə inkişaf etdi və dünyanın ən nüfuzlu universitetləri – Harvard, MIT, Oxford, Cambridge kimi ali məktəblər belə distant təhsil proqramlarını genişləndirdilər. UNESCO-nun hesabatına görə, dünyada ali təhsil alan tələbələrin təxminən 20 faizi tamamilə distant formada oxuyur. ABŞ-da isə bu göstərici 30 faizə qədər yüksəlib və 2030-cu ilə qədər distant təhsil alanların ənənəvi təhsil alan tələbələrlə eyni səviyyəyə çatacağı proqnozlaşdırılır. Böyük Britaniyada Açıq Universitet və London Universitetinin onlayn təhsil proqramları vasitəsilə hər il on minlərlə tələbə ali təhsil alır və onların diplomları heç bir məhdudiyyət olmadan tanınır. Türkiyədə Anadolu Universiteti, İstanbul Universiteti və digər dövlət universitetləri distant təhsili tam rəsmiləşdirib və məzunlarının diplomlarını dövlət və özəl sektor bərabər əsaslarla tanıyır. Almaniya, Kanada və Avstraliya kimi ölkələrdə də distant təhsil ali təhsilin qəbul edilmiş və qanuni formalarından biri sayılır. Avropa Ali Təhsil Məkanına (EHEA) üzv olan ölkələrin əksəriyyəti distant təhsili akkreditasiya standartlarına uyğun olaraq tanıyır”.

159609

Ekspert qeyd edir ki, digər ölkələrlə müqayisədə Azərbaycanda distant təhsilə qarşı yanaşma daha məhdudlaşdırıcıdır: “TKTA tərəfindən xaricdə distant formada alınan diplomların tanınmamasının əsas arqumenti distant proqramların keyfiyyətinə nəzarətin çətin olması ilə bağlıdır. Lakin bu yanaşma tamamilə problemli görünür, çünki distant formada təhsil verən bir çox universitetlər artıq beynəlxalq akkreditasiyadan keçib və ali təhsildə keyfiyyət təminatı sahəsində ciddi nəzarət mexanizmlərinə malikdirlər. Məsələn, ABŞ və Avropada fəaliyyət göstərən ABET (Accreditation Board for Engineering and Technology), AACSB (Association to Advance Collegiate Schools of Business), AMBA (Association of MBAs) və digər qurumlar ali təhsil müəssisələrinin həm əyani, həm də distant proqramlarını qiymətləndirir və keyfiyyət standartlarına uyğun olduğunu təsdiqləyir. Azərbaycanda isə TKTA heç bir fərdi qiymətləndirmə aparmadan ümumi bir yanaşma tətbiq edir və distant diplomları avtomatik olaraq tanımır. Bu isə bir çox tələbələrin xarici universitetlərdə təhsil almaq imkanlarını məhdudlaşdırır və əmək bazarında onların hüquqlarını məhdudlaşdıran süni baryerlər yaradır”.

 

Kamran Əsədovun dediyinə görə, distant təhsil üzrə diplomların tanınması məsələsi yalnız tələbələrin hüquqları ilə bağlı deyil, həm də Azərbaycan ali təhsil sisteminin beynəlxalq rəqabət qabiliyyətinə təsir edən bir faktordur: “Hazırda minlərlə azərbaycanlı tələbə Böyük Britaniya, Türkiyə, ABŞ və digər ölkələrin distant təhsil proqramlarına yazılır, lakin məzun olduqdan sonra onların diplomları Azərbaycanda tanınmadığı üçün iş tapmaqda çətinlik çəkirlər. Nəticədə, bu tələbələr ya xarici ölkələrdə işləməyə üstünlük verirlər, ya da Azərbaycan daxilində qeyri-rəsmi şəkildə fəaliyyət göstərməyə məcbur qalırlar. Bu isə ölkənin insan kapitalının inkişafına mənfi təsir göstərir və təhsil siyasətində ciddi boşluqların olduğunu göstərir”.

 

Kamran Əsədov hesab edir ki, məsələnin həlli üçün bir neçə istiqamət üzrə dəyişikliklər aparıla bilər. Birincisi, distant təhsil diplomlarının tanınması üçün TKTA tərəfindən beynəlxalq akkreditasiya standartlarına əsaslanan fərdi qiymətləndirmə mexanizmi hazırlanmalıdır. Yəni distant təhsil proqramları avtomatik olaraq rədd edilməməli, əksinə, onların keyfiyyəti və akkreditasiyası nəzərə alınmalıdır. Məsələn, dünya reytinqlərində yer alan və akkreditasiyadan keçmiş universitetlərin distant proqramları tanına bilər. Bu yanaşma artıq Avropa ölkələrində tətbiq olunur. Almaniya, Fransa və Hollandiya kimi ölkələrdə distant diplomların tanınması üçün keyfiyyət təminatı agentlikləri universitetlərin akkreditasiyasını və məzmun uyğunluğunu yoxlayır. Azərbaycan da bu praktikadan istifadə edə bilər və distant təhsil alanların diplomlarını fərdi qaydada qiymətləndirərək tanınmasını təmin edə bilər.

159611

Dünyanın bir çox universitetləri artıq distant təhsili tamamilə onlayn deyil, müəyyən əyani komponentlərlə birlikdə təqdim edir. Yəni, tələbələr bəzi dərsləri onlayn alır, lakin praktiki dərsləri və ya seminarlarda iştirak etmək üçün universitetə gedirlər. Bu model Böyük Britaniyada London Universitetinin beynəlxalq proqramlarında, ABŞ-ın Harvard Extension School-da, Avstraliya və Kanada universitetlərində geniş yayılıb. Azərbaycan da bu yanaşmanı tətbiq edərək, tamamilə onlayn olmayan, müəyyən dərəcədə əyani iştirak tələb edən distant təhsil diplomlarını tanıya bilər. Distant təhsil diplomlarının tanınmaması problemini həll etmək üçün qanunvericilik səviyyəsində dəyişikliklər edilməlidir. Hazırda “Təhsil haqqında” qanunda distant təhsil nəzərdə tutulsa da, onun xarici universitetlər üçün tətbiq olunması ilə bağlı aydın mexanizmlər yoxdur. Bu boşluq aradan qaldırılmalıdır. Əgər distant təhsil rəsmi olaraq qanunla tanınırsa, o zaman xarici universitetlərdə distant təhsil alan şəxslərin diplomları da müəyyən şərtlər daxilində tanınmalıdır. Bunun üçün TKTA universitetlərə və proqramlara fərdi yanaşmalı, yalnız akkreditasiyadan keçmiş və dünya miqyasında tanınan distant proqramları qəbul etməlidir.

 

Distant təhsilin tanınmaması yalnız fərdi tələbələrə deyil, bütövlükdə Azərbaycanın rəqəmsal transformasiyasına da mənfi təsir göstərir. İnformasiya texnologiyaları, mühəndislik, biznes və bir çox digər sahələrdə distant təhsil effektivdir və bu sahələrdə çalışan mütəxəssislər üçün onlayn təhsil daha rahat və əlçatandır. Məsələn, proqramlaşdırma sahəsində dünyanın ən nüfuzlu onlayn kursları olan Stanford, MIT və Harvard universitetlərinin təqdim etdiyi distant proqramlar beynəlxalq şirkətlər tərəfindən qəbul edilir. Əgər Azərbaycan bu diplomları tanımırsa, bu, ölkədə rəqəmsal iqtisadiyyatın inkişafına mənfi təsir göstərəcək və IT sahəsində kadrların yetişməsində ciddi maneələr yaradacaq.

 

Azərbaycanın təhsil siyasəti beynəlxalq təhsil trendlərinə uyğunlaşdırılmalıdır. Əks halda, distant təhsil alan tələbələr ölkəni tərk edərək başqa ölkələrdə iş tapmağa üstünlük verəcəklər. Türkiyə, Rusiya, Qazaxıstan kimi qonşu ölkələr artıq distant təhsil diplomlarını tanıyır və bu sahədə çevik hüquqi mexanizmlər hazırlayırlar. Əgər Azərbaycan bu dəyişiklikləri etməzsə, rəqabətə davam gətirə bilməyəcək və beynəlxalq əmək bazarında yerini itirəcək.

 

“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyir ki, məsələnin həlli üçün tədrici və balanslı yanaşma tələb olunur. TKTA distant diplomları avtomatik rədd etmək əvəzinə, onların keyfiyyətini dəyərləndirməli və akkreditasiya meyarlarını müəyyən etməlidir. Bu, həm tələbələrin hüquqlarını qoruyacaq, həm də Azərbaycanın ali təhsil sisteminin qlobal standartlara uyğunlaşmasını təmin edəcək: “Nazirlər Kabinetinin qəbul etdiyi “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na görə, distant formada alınan​ diplomların tanınması nəzərdə tutulmayıb. Sənədin 4-cü maddəsində tələbənin “hər bir tədris ili ərzində təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması ” və​ “tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması” nəzərdə tutulub. Müxtəlif vaxtlarda təhsil rəsmiləri müxtəlif səbəblərdən, həmçinin​ distant formada təhsilə nəzarət imkanlarının yetərli olmadığını əsas gətirərək bu təhsil forması ilə alınan diplomları tanımağa ehtiyatla yanaşıblar. Proses xeyli vaxtdır ki, bu qaydada davam edir. ​ Baxmayaraq ki, Azərbaycanda iki il tədris distant formada aparılıb və hökumət bu qaydada verilən diplomlarımızı tanıyıb. Amma nüfuzlu xarici universitetləri distant formada bitirənlərin diplomları ölkədə hələ də tanınmır".

 

Osman Gündüzün fikrincə, bu yanaşma düzgün deyil: "İndiki zamanda tələbələri distant formada təhsil almaqdan məhrum etmək, həmçinin öz universitetlərimizə də bu təhsil forması üzrə lisenziya verilməsindən imtina etmək yanlış addımdır.​ Bununla biz həm universitelərimizi, həm də yeni ixtisaslara can atan gənclərimizi sanki arxadan tutub saxlayırıq. Dünyanın, qloballaşmanın,​ texnologiyaların və əmək bazarının indiki inkişaf səviyyəsində diplomların tanınması üçün​ tətbiq dilən “təhsil aldığı ölkənin ərazisində məcburi olmaq” prinsipi gənclərimizin və​ təhsilalanların hüquqlarını xeyli məhdudlaşdırır. Sürətlə dəyişən əmək bazarının tələblərinə uyğun olaraq yeni ixtisaslara yiyələnməyin, ixtisas artırmağın mühüm əhəmiyyət kəsb etdiyi bir zamanda belə bir absurd”prinsipin rəhbər tutulması nəinki gənclərin müasir tələblərə uyğun formalaşmasının qarşısnı alır, eyni zamanda ölkəmizin rəqabətə davamlılığı üçün ciddi problemlər yaradır. Ümid edirəm hökumət, Elm və Təhsil Nazirliyi distant formada alınan diplomların tanınması üçün daha ağlabatan bir yanaşma tətbiq edəcək”.

 

Məsələ ilə bağlı münasibət öyrəndiyimiz Təhsildə Keyfiyyət Təminatı Agentliyindən bildirilib ki,  bəzi kütləvi informasiya vasitələrində, eləcə də bəzi xaricdə təhsil şirkətlərinin müvafiq elanlarında vətəndaşlarımız qiyabi və əyani təhsilalma formaları üzrə “onlayn” şəkildə müxtəlif xarici ölkələrin universitetlərində təhsil almağa təşviq olunur və sonda diplomların tanınacağı vədi verilir.  Agentlik tərəfindən diplomların  tanınması yalnız ənənəvi təlim metodlarına əsaslanan formal qaydada əyani və qiyabi təhsilalma formasında əldə olunmuş kvalifikasiyalara münasibətdə həyata keçirilir. Yaxın gələcəkdə bu qaydaların dəyişdirilməsi nəzərdə tutulmur.

 

Nərmin Qarazadə

Pakistanla Hindistan arasından dəhşətli dö*yüş başladı
Son xəbərlərDaha çox