Azedu.az

Son 10 ildə ləğv edilən və adı dəyişən ixtisaslar - SORĞU

Tələbə və şagird

Universitetlər

24 Aprel 2025, 13:34
Son 10 ildə ləğv edilən və adı dəyişən ixtisaslar - SORĞU

Ali təhsil sistemində sürətlə baş verən dəyişikliklər əmək bazarının tələbləri və texnologiyanın inkişafı bir sıra ixtisasların aktuallığını itirməsinə və nəticədə universitet proqramlarından çıxarılmasına səbəb olur.

 

Belə ki, əvvəllər əmək bazarında tələbat olan və geniş yayılmış ixtisaslar bu gün rəqabətə davam gətirə bilmədikləri üçün bir çox universitetlərdə ləğv olunub.

 

Maraqlıdır, son 10 ildə hansı ixtisaslar ləğv edilib və ya adı dəyişdirilib?

 

Mövzu ilə bağlı AzEdu.az universitetlərə sorğu ünvanlayıb.

 

Sorğumuza cavab olaraq Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova bildirib ki, ali təhsil müəssisələrində ixtisasların ləğv olunması və ya adlarının dəyişdirilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin təsnifatına uyğun həyata keçirilir:

 

“Son 10 il ərzində UNEC-də 2 ixtisasın adı dəyişdirilib:“Mühasibat uçotu və audit” ixtisasının adı dəyişdirilərək, “Mühasibat”, “Qida məhsulları mühəndisliyi” ixtisasının adı isə “Qida mühəndisliyi” ilə əvəz olunub.

 

Nazirlər Kabinetinin təsnifatına uyğun olaraq, “Dünya iqtisadiyyatı”, “Sənayenin təşkili və idarə olunması”, “Kommersiya”, “Sistem mühəndisliyi”, “Texnoloji maşın və avadanlıqlar mühəndisliyi”, “Çox işlənən malların ekspertizası və marketinqi”, “Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi” adlı ixtisaslar ləğv edilib”.

 

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Media və PR bölməsinin rəhbəri Nicat Abdullayev qeyd edib ki,Nazirlər Kabinetinin 2019-cu il 11 fevral tarixli 45 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) təsnifatı”na əsasən islahatlar aparılmışdır:

 

“Bu islahatlar çərçivəsində əvvəlki 175 ixtisasın sayı 148-ə endirilmiş, bir sıra ixtisasların adları müasirləşdirilmiş və Avropa universitetlərinin təcrübəsinə uyğunlaşdırılmışdır. Bəzi ixtisasların adlarında dəyişiklik edilməsə də, onların təhsil proqramlarının məzmunu yenidən işlənmiş və təkmilləşdirilmişdir.

 

Azərbaycan Memarlıq və İnşaat Universitetində də bu islahatlar çərçivəsində ixtisasların adları dəyişdirilmiş, yeni ixtisaslar yaradılmış və bəzi ixtisaslar da ləğv olunmuşdur.

 

İxtisas adlarında dəyişiklik edilənlər:

 

Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi (əvvəl)– Meliorasiya mühəndisliyi;

Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi – Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi;

Geodeziya və xəritəçilik mühəndisliyi – Geomatika və geodeziya mühəndisliyi;

Yer quruluşu, torpaq və şəhər kadastrı – Yer quruluşu və daşınmaz əmlak kadastrı;

Mühəndis sistemləri və qurğuların tikintisi mühəndisliyi – Kommunikasiya sistemləri mühəndisliyi;

Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi – Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi;

Sənayenin təşkili və idarəedilməsi – Biznesin idarəedilməsi;

İnformasiya texnologiyaları sistemləri – İnformasiya texnologiyaları;

Texnoloji maşın və avadanlıqları mühəndisliyi – Maşın mühəndisliyi.

 

Bu dəyişikliklər müasir sahə tələblərinə uyğun terminologiyanın tətbiqini təmin etməklə yanaşı, tələbələrin ixtisaslaşdığı sahə üzrə bilik və bacarıqlarını daha dəqiq şəkildə əks etdirmək məqsədi daşıyır. Həmçinin, beynəlxalq təhsil sistemlərinə inteqrasiya və əmək bazarının çağırışlarına cavab vermək baxımından əhəmiyyətlidir.

 

Şəhərsalma, Elektrik və elektronika mühəndisliyi, Nəqliyyat mühəndisliyi, Sənaye mühəndisliyi, Dayanıqlı inkişafın idarə edilməsi, İqtisadiyyat və İnformasiya təhlükəsizliyi yeni yaradılmış ixtisaslardır.

 

Yeni ixtisasların təqdim edilməsi, müasir cəmiyyətin inkişafı ilə əlaqədar olaraq ehtiyac duyulan sahələrdə ixtisaslaşmanı təmin etməyə yönəlmişdir. Bu ixtisaslar tələbələrə müasir texnologiyalar və qlobal inkişafın tələbləri üzrə müvafiq biliklər təqdim edərək, onların beynəlxalq səviyyədə rəqabət qabiliyyətini artıracaqdır.

 

Ləğv edilmiş ixtisas Tikinti materialları və məmulatları texnologiyası mühəndisliyi ixtisasıdır.Bu ixtisasın ləğvi təhsil proqramlarının optimallaşdırılması və daha geniş profilli ixtisaslara keçid məqsədilə həyata keçirilmişdir. Eyni zamanda bu addım əmək bazarında tələbatın azalması və daha funksional ixtisaslara üstünlük verilməsi ilə bağlıdır”.

 

Azərbaycan Universitetinin (AU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Lalə Dilanova bildirib ki, təsnifata yeni ixtisasın əlavə olunması, təsnifatda mövcud olan müvafiq ixtisas üzrə təhsil proqramının adı dəyişdirilmədən məzmununun dəyişdirilməsi yaxud təsnifatda mövcud olan müvafiq ixtisas üzrə təhsil proqramının məzmunu dəyişdirilmədən ixtisasın adının dəyişdirilməsi Nazirlər Kabinetinin qərarı ilə mümkündür:

 

“Təbii ki, ali təhsil müəssisələri bu kimi istiqamətlərdə təşəbbüs ilə çıxış edə bilərlər. Biz 2017-ci ildə bakalavriat səviyyəsində 14 ixtisas üzrə qəbul aparırdıq, indi isə  isə bu rəqəm 24-dür. Aradan keçən bu müddət ərzində bəzi ixtisaslar təsnifatdan çıxarılıb. Məsələn, 2020-ci ildə Dünya iqtisadiyyatı, Mühasibat uçotu və audit, Kommersiya, Turizm və otelçilik ixtisaslar Nazirlər Kabinetinin qərarı ilə ləğv edildiyi üçün qeyd olunan ixtisaslara həmin ildən başlayaraq tələbə qəbulu dayandırılıb.

 

Əvəzinə isə II ixtisas qrupuna daxil edilən yeni ixtisaslardan Beynəlxalq ticarət və logistika, Mühasibat, Turizm işinin təşkili ixtisaslarının qəbul planına daxil etmişik”.

 

Azərbaycan Turizm və Menecment Universitetindən (ATMU) qeyd edilib ki, son 10 il ərzində Təhsil proqramlarının yenilənməsi ilə əlaqədar olaraq Turizm və otelçilik ixtisasının adı dəyişdirilərək Turizm işinin təşkili ixtisası kimi qeyd olunmuşdur.

 

Bakı Slavyan Universitetinin (BSU) KİV-lə əlaqələr şöbəsindən verilən məlumata əsasən, son 5 (beş) tədris ili ərzində universitetdə qəbulu ləğv olunan və ya adı dəyişdirilən ixtisas olmayıb:

 

“Əksinə, bu dövr ərzində müxtəlif tədris illərində yeni ixtisaslar və ixtisaslaşmalar üzrə tələbə qəbulu həyata keçirilib. Belə ki, 2022/2023-cü tədris ilində 2 yeni ixtisas Psixologiya və Korreksiyaedici təlim , eləcə də 1 yeni ixtisaslaşma Regionşünaslıq (Balkan ölkələri üzrə); 2023/2024-cü tədris ilində 2 yeni ixtisas Tarix müəllimliyi və Politologiya, həmçinin 2 yeni ixtisaslaşma Filologiya (türk dili və ədəbiyyatı üzrə), Tərcümə (alman dili üzrə); 2024/2025-ci tədris ilində isə 1 yeni ixtisaslaşma Tərcümə (fransız dili üzrə) üzrə tələbə qəbulu həyata keçirilib”.

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyev qeyd edib ki, əsas məqsədi peşəkar bacarıqlara malik pedaqoji kadrlar hazırlamaq olan Azərbaycan Dövlət Pedaqoji Universiteti tələbə qəbulu aparılan ixtisasların məzmununu və onların sayını müasir dövrün və əmək bazarının tələbləri nəzərə almaqla tənzimləyir:

 

“Orta ixtisas təhsil səviyyəsi üzrə “Korreksiyaedici təlim” ixtisasının adı “İnklüziv təhsil” olaraq əvəzlənib.Bakalavr təhsil səviyyəsi üzrə əsas dəyişikliklər isə əsasən, cari ildən tətbiq edilməyə başlanılıb.

 

Əmək bazarının və müasir dövrün tələblərinin, həmçinin də Təhsil ixtisasları qrupu üzrə işçi qrupun ilkin qərarları nəzərə alınmaqla, “Korreksiyaedici təlim” ixtisasının adı “Xüsusi pedaqogika”, “İnformatika müəllimliyi” ixtisasının adı “İnformatika və rəqəmsal bacarıqlar müəllimliyi”, “Riyaziyyat və informatika müəllimliyi” ixtisasının adı isə “Riyaziyyat, informatika və rəqəmsal bacarıqlar müəllimliyi” adı ilə əvəzlənib.

 

Cari ilin tələbə qəbulu prosesində qeyd edilən ixtisaslar üzrə ilk qəbul həyata keçiriləcək. Bunlardan əlavə son illərdə bir neçə yeni ixtisasa qəbul aparılmağa başlanılıb.Magistratura və doktorantura səviyyələri üzrə son illərdə müxtəlif yeni ixtisasaşmalar yaradılıb, burada təhsil idarəetməsi ixtisaslaşmaları geniş yer tutur. Hazırda əmək bazarının tələblərinə uyğun yeni ixtisaslaşmaların da yaradılması İşçi qrupda müzakirə edilir”.

 

Azərbaycan Dillər Universitetindən (ADU) verilən məlumata görə,  universitetdə ləğv olunan ixtisas olmayıb.

 

Xəzər Universitetindən bildirilib ki, son on ildə Xəzər universitəsində heç bir ixtisas ləğv edilməyib.

Putini dəli edəcək qərar - Rusiya TV-lərinin yayımı dayandırılır
Son xəbərlərDaha çox