Artıq ali məktəblərdə tədris ili yavaş-yavaş yekunlaşır. Bu dövrdə müəllimlər sərbəst işləri təhvil almağa hazırlaşırlar.
Bəs sərbəst işlərin tələbələr üçün nə kimi faydası var?
Mövzu ilə bağlı AzEdu.az-a danışan təhsil eksperti Əmrah Həsənli qeyd edib ki, sərbəst işlər tələbələrə akademik dildə yazmağı, fikirlərini sistemli şəkildə ifadə etməyi və əsaslandırmağı öyrədir:
“Tədris planlarında sərbəst işlərin yer almasının əsas məqsədi tələbələrə fənn üzrə bilikləri daha dərindən mənimsəmək, araşdırma aparmaq və müstəqil işləmə bacarıqlarını inkişaf etdirmək imkanı yaratmaqdır. Bu işlər eyni zamanda tələbəni akademik yazı mədəniyyəti, elmi analiz və nəticə çıxarma bacarıqları ilə tanış edir. Sərbəst işlər – düzgün istiqamətləndirildiyi halda - tələbənin həm fərdi, həm də peşəkar inkişafı üçün olduqca faydalı bir alət ola bilər.
Tələbələr sərbəst işləri yerinə yetirərkən müxtəlif mənbələrlə işləməyi, məlumat toplamağı, təhlil etməyi və bu məlumatlar əsasında nəticə çıxarmağı öyrənirlər. Bu bacarıqlar yalnız universitet həyatında deyil, gələcək karyera mərhələlərində də ciddi şəkildə tələb olunur.
Sərbəst işlər tələbələrə akademik dildə yazmağı, fikirlərini sistemli şəkildə ifadə etməyi və əsaslandırmağı öyrədir. Əgər bu işlərin müdafiəsi də təşkil olunursa, tələbənin özünüifadə və təqdimat bacarıqları da inkişaf edir”.
Ekspert qeyd edib ki, sərbəst işlərin hazırlanması tələbənin öz işini planlamasını, verilmiş vaxt çərçivəsində işi təhvil verməsini və məsuliyyət daşımasını tələb edir:
“Bu vərdişlər isə istənilən müasir mütəxəssisin əsas xüsusiyyətlərindəndir. Nəzəri baxımdan sərbəst işlər mühüm əhəmiyyət daşısa da, təəssüf ki, praktikada bu proses bəzən tamamilə formal xarakter daşıyır. Son illər ərzində müşahidə olunan narahatedici tendensiyalardan biri də tələbələrin böyük əksəriyyətinin sərbəst işlərini ödəniş müqabilində başqa şəxslərə yazdırmasıdır. Bu hal yalnız akademik etikaya zidd deyil, həm də təhsilin keyfiyyətinə və mahiyyətinə ciddi zərbə vurur.
Əgər tələbə özü sərbəst şəkildə yazmırsa, deməli, nə tədqiqat bacarığı formalaşır, nə də mövzu ilə bağlı real bilik əldə olunur. Belə olan halda isə sərbəst iş sadəcə “bal almaq üçün” formallığa çevrilir. Bu, həm müəllimlərin, həm də təhsil müəssisələrinin məsuliyyətini artıran ciddi problemdir.
Bəzən bu məsələ ilə bağlı belə fikirlər də səslənir ki, sərbəst işlərin faydası yoxdur və onları ümumiyyətlə tədrisdən çıxarmaq lazımdır. Lakin bu yanaşma problemin kökünə yox, nəticəsinə yönəlmiş addımdır. Əslində sərbəst işləri ləğv etmək yox, onları funksional və nəticəyönümlü hala gətirmək lazımdır”.
Həmsöhbətimiz qeyd edib ki, bunun qarşısını almaq üçün bir neçə vacib addım atılmalıdır:
“Akademik dürüstlük və plagiatla mübarizə mexanizmləri gücləndirilməlidir. Hər bir sərbəst iş antiplagiat sistemləri vasitəsilə yoxlanmalı, müəlliflik məsələsinə ciddi yanaşılmalıdır.
Sərbəst işlərin yazılmasına dəstək və məsləhət sessiyaları təşkil olunmalıdır. Tələbəyə işin strukturu, yazı qaydaları və tədqiqat metodları izah edilməlidir ki, o, bu prosesi özü icra etməyə həvəslənsin”.
"Qiymətləndirmə sistemi yenidən qurulmalıdır",- deyə Ə.Həsənli qeyd edib:
“Təkcə yazılı iş yox, onun şifahi təqdimatı və əsaslandırılması da qiymətləndirilməyə daxil edilməlidir. Bu, tələbənin işi başqasına yazdırmasının qarşısını almaqda effektiv vasitə ola bilər. Tələbələrə akademik etik prinsiplər, dürüstlük, plagiatın fəsadları və öyrənmənin şəxsi məsuliyyət olduğu aşılanmalıdır.
Sərbəst işlər düzgün tətbiq olunduqda tələbənin inkişafına real və müsbət təsir göstərən bir tədris alətidir. Lakin bu potensialın gerçəkləşməsi üçün mövcud problemlər aradan qaldırılmalı, prosesə nəzarət gücləndirilməli və keyfiyyətə yönəlik addımlar atılmalıdır. Təhsil sistemində formaçılıq yox, məzmuna əsaslanan yanaşmalar əsas götürülməli, tələbənin işə verdiyi əmək dəyərləndirilməli, qeyri-etik halların isə qarşısı ciddi şəkildə alınmalıdır.
Əks halda, sərbəst işlər təhsilin inkişafına yox, onun formal və qeyri-səmərəli məcraya yönəlməsinə xidmət edəcək”.