Azedu.az

Uğurlu karyeranın başlanğıcı: Düzgün ixtisas seçimi necə olmalıdır?

Tələbə və şagird

1 Aprel 2025, 09:15
Uğurlu karyeranın başlanğıcı: Düzgün ixtisas seçimi necə olmalıdır?

Ali məktəbə qəbul olmaq hər bir abituriyentin arzusudur. Amma tələbə adını qazanmaq nə qədər önəmlidirsə, düzgün ixtisas seçimi də bir o qədər vacibdir. Doğru ixtisas və peşə seçimi insanların həyatında verdiyi ən əhəmiyyətli qərarlardan biridir. Peşənin insan həyatında rolu yüksəkdir. O, insanın gələcəyini təmin edir. Düzgün ixtisas və peşə seçimi uğurlu karyera üçün vacib şərtdir. Gənclərin karyerasında istədiyi uğuru qazana bilməmələrinin səbəblərindən biri də bacarıqlarına, şəxsi keyfiyyətlərinə uyğun olmayan və sevmədikləri ixtisası seçimlərindən irəli gəlir. Hər bir gəncin peşəsini və bacardığı işi sevməsi mütləqdir. Peşə seçimini düzgün etməyən və sevmədiyi işdə çalışan insanın faydalılıq əmsalı yaxşı ola bilməz.

 

Seçilən peşə üçün düzgün təsəvvürün olmaması, hansı şəxsi keyfiyyətlərin tələb edildiyinin nəzərə alınmaması, əsasən də valideynlərin istək və arzularının təsiri gənclərin peşə seçimlərində yanlışlıqlara yol vermələrinə gətirib çıxarır. Valideynlər çox vaxt övladlarının potensial və bacarıqlarını, nəzərə almadan öz arzu və istəklərinə uyğun onları yönəldirlər. Belə halda isə övladlarının əvəzinə seçimi valideynlər etmiş olur. Valideynlərin fikirlərinə əsaslanarkən gənclər öz arzu, istək və bacarıqlarını nəzərə almırlar. Təbii ki, hər bir valideyn övladının yaxşılığını, gələcəkdə uğurlu peşə sahibi olmasını istəyir. Amma hərdən övladın fikrinə də hörmət etmək, onun arzu və istəklərini nəzərə almaq lazımdır. Əfsuslar olsun ki, bu gün əksər valideynlər öz övladlarını nə vaxtsa reallaşdıra bilmədikləri arzularını və ya prestijli peşəyə sahib olmalarını məcbur edirlər. Belə olan təqdirdə isə valideynlər unudurlar ki, övladı istədikləri kimi idarə etmək yaxşı nəticələr verməz. Əksinə, onun istəklərini öyrənib, meyl etdiyi sahəyə yönləndirmək daha məqsədəuyğundur.

 

Bəzi hallarda abituriyentlər ixtisas seçiminə səhlənkar yanaşır və topladığı bal hara uyğundursa, araşdırmadan, düşünmədən seçim edirlər. Bəzən isə tam əksinə hadisələr baş verir, abituriyent yüksək bal toplamasına rəğmən, universitetə qəbul ola bilmir.

 

Mütəxəssislərin fikrincə, abituriyentlər ixtisas seçimi edərkən yığdıqları balı və oxumaq istədikləri ixtisası əsas götürməlidirlər. Hər bir abituriyent seçə biləcəyi universitetləri, münasib ixtisasları qabaqcadan dəqiqləşdirməlidir. Həmçinin iş dünyasının hansı ixtisasa daha çox təlabatın olduğunu və etibar etdiyini də araşdırmaq lazımdır. Çünki bu, gələcəkdə məzun olacaq tələbələrə bilik və təcrübə ilə yanaşı, işəgötürən müəssisə tərəfindən verilən müsbət qiymət kimi də dəyərləndiriləcək.

 

Bəs 17-18 yaşındakı gənc gələcək ixtisasını necə müəyyənləşdirə bilir? Onlar ixtisaslarını nəyə əsasən seçirlər?

 

Gənclərin əksəriyyəti ixtisas seçərkən onun prestijli olmasını əsas tuturlar. Onlar istəyirlər ki, ixtisasları sosial tələblərə cavab versin. İş yeri seçimində digər amil olaraq əmək haqqını əsas götürən gənclər də az deyil. Lakin unutmamaq lazımdır ki, ixtisasa görə yox, vəzifəyə görə əmək haqqı ödənilir. Aydın olur ki, yüksək maaş üçün ixtisasın düzgün seçilməsi heç də əsas amil deyil. Ödəniş haqqı təkcə bilik və bacarıqlarla deyil, eyni zamanda, onun işləmə həvəsindən və işinə qarşı olan məsuliyyətindən də asılıdır. Növbəti amil kimi işin ağırlıq dərəcəsi götürülür. Bu isə ixtisasdan çox iş yerindən asılıdır. Yüksək professionallıq dərəcəsi işin daha da asanlaşdırılması deməkdir. Bəzi hallarda isə aparıcı motiv təhsilin mümkünlük dərəcəsidir. Belə insanlar mənimsənilməsi daha asan olan ixtisaslara yiyələnməyə çalışırlar. Misal üçün, yaşayış yerinə daha yaxın olan, münasib qəbul balı və s. bu kimi faktorları əsas götürərək gələcək ixtisaslarının seçimini edirlər. Təhsilin keyfiyyəti isə onun maddi dəyərindən deyil, onu tədris edən müəllimin professionallığından asılıdır. Bir qrup gənc isə ixtisas seçimində valideynlərin fikirlərini əsas götürürlər.

 

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyir ki, abituriyentlər hansı ixtisasda özlərini mütəxəssis kimi görmək istəyirsə, o istiqamətdə seçim etməlidirlər. Valideynlər də ixtisas seçimində övladlarının istəyini nəzərə almalıdırlar: "Mən həmişə bununla bağlı müraciət edirəm. Yenə də valideynlərə üzümü tutub deyirəm ki, uşaqların istəklərini öyrənin. Ondan sonra birgə seçim edin, çünki abituriyentin fikrinin əsas götürülməsi çox vacibdir".

 

Təhsil eksperti Elçin Əfəndinin sözlərinə görə, ixtisaslaşma dövrü elə bir mərhələdir ki, bu imtahan verənlər üçün ən strateji nöqtədir və bu zaman abituriyentlərlə yanaşı, valideynlər də çox diqqətli olmalıdır. İxtisas seçimi özbaşına verilən qərarla edilməməlidir. Əgər biz nəzərə alsaq ki, abituriyentlər 4 il ərzində məhz həmin ixtisası oxuyacaqlar və onların gələcək karyera imkanları məhz bu ixtisasdan asılıdır, demək olar ki, bu prosesin ən məsuliyyət tələb edən mərhələsi məhz ixtisas seçimidir: "Müşahidələrimə əsasən onu deyə bilərəm ki, bu zaman bir çox abituriyentin məqsədi yalnız ali təhsil müəssisəsinə qəbul olmaq olur. Bu, hardasa 70, 80 faiz imtahan verənin hədəfidir. Yerdə qalanlar isə konkret olaraq bilirlər ki, onlar hansı ixtisası istəyirlər və yaxud hansı ixtisasa qəbul olacaqlar".

 

E.Əfəndinin dediyinə görə, proses zamanı valideynlərin çoxu, övladlarının topladığı baldan yüksək ixtisasları seçirlər: "İxtisas seçiminə gələn valideynlərin böyük bir hissəsi övladlarının daha prestijli və perspektivli ixtisaslara qəbul olmasını istəyirlər. Halbuki uşağının topladığı bal həmin ixtisaslara qəbul olmaq üçün kifayət etmir. Bu sahələri ixtisas seçimində yazdıqda, nəticə heç də ürəkaçan olmur".

 

Təhsil eksperti Etibar Əliyev hesab edir ki, ixtisas seçimində ən önəmli faktorlardan biri abituriyentin topladığı balın miqdarıdır. Çünki abituriyent ixtisas seçimindəki sıralamanı topladığı bala uyğun olaraq müəyyənləşdirir: “Yüksək bal toplayan tələbələrdə ixtisas seçimi çətinlik yaratmır. Yəni onlar hansı ixtisası öz potensiallarına uyğun hesab edib seçirlərsə, həmin ixtisasa da qəbul olmaq ehtimalları çox olur. 600 və 700 bal toplayan abituriyentlər hansı sahənin mütəxəssisi olmaq istəyirlərsə buna asanlıqla yiyələnə bilirlər. Ballar aşağı düşdükcə isə heç şübhəsiz abituriyentlər ciddi seçim qarşısında qalırlar. Aşağı bal toplayan abituriyentlər böyük risk altında olur və onların əsas məqsədi istədiyi ixtisası seçmək yox, hansı ixtisas olursa olsun universitetə qəbul olmaq olur. Abituriyentin balı aşağı düşdükcə seçdiyi ixtisaslarda mütəxəssis olma ehtimalı azalır və bu ixtisas üzrə təhsilini davam etmək istəyinə mənfi təsir göstərir”.

 

Ekspertin dediyinə görə, abituriyent öncə topladığı baldan bir az yuxarı bal tələb edən ixtisasları yazmalıdır. Bundan sonra isə ideal seçim sırası edilməlidir. Burada da əsas olaraq abituriyentin istəyi ön planda olmalıdır. Ümumiyyətlə, abituriyent oxumaq istəmədiyi ixtisasları seçməməlidir: “İxtisas seçərkən diqqət edilməli əsas məsələlərdən biri də ixtisaslar üzrə plan yerlərini, müsabiqədə iştirak edən abituriyentlərin topladıqları balların paylanması üzrə saylarını, öz fərdi imtahan göstəricilərinin bu sıralanmadakı yerini müəyyən edərək ona əsasən kodlaşdırma aparılmalıdır. Burada ən çox istifadə edilən forma ötən illərin tələbə qəbulu müsabiqəsində ayrı-ayrı ixtisaslar üzrə formalaşmış keçid ballarını nəzərə alaraq seçim etməkdir”.

 

Təhsil eksperti Nadir İsrafilovun fikrincə, gələcəkdə karyera qurmaq istədikləri sahəni seçmək, yüksək bal toplamaqdan daha çətindir. Yüksək bal toplayan abituriyentlər seçimlərini konkretləşdirib, diqqətlə ixtisaslarını kodlaşdırmalıdırlar. Balı az olanlar isə yiyələnmək istədikləri peşəyə yaxın olan sahələri seçməlidirlər ki, gələcəkdə özlərini seçmək istədikləri ixtisas üzrə daha da inkişaf etdirə bilsinlər. O da etiraf olunmalıdır ki, qərarsız tələbələrimiz hələ də az deyil.  Onlar yüksək bal toplamağına baxmayaraq, hansı ixtisası seçməsində hələ də çətinlik çəkir və tərəddüd edirlər. Çünki əvvəlcədən qarşısına məqsəd qoymayıb. İlk növbədə qarşıya məqsəd qoyulmalıdır, məqsədə müvafiq də seçim edilməlidir. Bu sahədə çətinlik çəkənlərin isə müəllimlər və valideynlərin yardımına ehtiyacları var. N.İsrafilov gənclərə ali məktəbə qəbula hansısa bir diploma sahiblənmə vasitəsi kimi baxmamalarını tövsiyə edir: "Bir il, iki il gec olsun, ancaq seçdikləri ixtisas ürəklərincə olsun. Seçdikləri ixtisasa özlərində bir bağlılıq hiss etsinlər. Yalnız bu halda işini bilən, işini sevən peşəkar mütəxəssisə çevrilmək olar".

 

XXI əsr bütün sahələrdə texnoloji inkişaf əsridir. Bu dövrün tələblərinə uyğun ixtisaslar seçilməsi, mütəxəssislər hazırlanması olduqca vacibdir. Tez-tez qeyd olunduğu kimi, gələcəyin ən çox tələb olunan ixtisasları informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, kompüter mühəndisliyi ixtisaslarıdır. Sadalanan ixtisaslar üzrə mütəxəssislərə indi də tələbat çoxdur. Gələcəkdə bu tələbat daha da artacaq. Dünyanın aparıcı universitetlərində artıq neçə illərdir ki, sözügedən ixtisaslar üzrə mütəxəssislər hazırlanır. Azərbaycanda sözügedən ixtisaslar üzrə peşəkar kadr hazırlayan universitetlərdən biri də Azərbaycan Dövlət İqtisad Universitetidir (UNEC). UNEC həm də əmək bazarında ən çox tələb olunan, gələcəyin ixtisasları sayılan İT (İnformasiya texnologiyaları) üzrə İnformasiya texnologiyaları, İnformasiya təhlükəsizliyi, Kompüter mühəndisliyi üzrə sözün əsl mənasında peşəkar kadrlar yetişdirir.

 

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradovun dediyinə görə, bugünün tələbi artıq diplomlu, ali savadlı olmaq yox, dövrün tələblərinə uyğun ixtisasa sahib olmaqdır: "Müasirləşən dünya, məzunlardan yeni ixtisaslara sahib olmağı və sovet dövründəki ənənəvi ixtisaslardan mümkün qədər uzaq durmağı tələb edir. Bu ixtisaslar artıq dördüncü sənaye inqilabının proqramlarında da əsas xətt kimi keçir. Bu gün hər bir məzun bilir ki, ixtisas seçiminin düzgün aparılması gələcəyin təminatıdır. Diplom xatirinə oxuyub ali məktəbi bitirmək stereotipindən uzaqlaşmaq lazımdır.

 

Qərbin aparıcı analitik mərkəzlərinin bəzi hesabatlarına nəzər saldıqda maraqlı ixtisaslara rast gəlmək mümkündür. Şəxsən mənim qənaətimcə, ixtisas seçimində də bir planlama olmalıdır. Sirr deyil ki, bu gün Türkiyənin ali məktəblərində minlərlə tələbəmiz ən müxtəlif ixtisaslar üzrə təhsil alır. İxtisas seçərkən böyük əksəriyyət tibbi seçir. Belə baxanda burada qeyri-adi heç nə yoxdur. Ancaq məsələ ondadır ki, tibbə yaxın xeyli sayda yeni, gələcəyin ixtisasları var. Onlara da üstünlük verilməlidir. Məsələn, götürək dünyada geniş vüsət alan biomedikal mühəndisliyi. İnsan bədənindəki orqanizmlər qocalır, pozulur və biomedikal mühəndislər bunları bərpa etmək üçün elm və texnologiyanın yeniliklərindən istifadə edir. Eləcə də biomedikal mühəndislər bədəndə xərçəng xəbərdarlığı verən kimyəvi siqnalları axtarır, tibbi cihazlar, protezler icad edir, inkişaf etdirir, yeni dərmanlar, peyvəndlər yaradır və əməliyyatlarda köməkçi olacaq robotlar icad edirlər".

 

Rektor bildirib ki, kompüter oyunu dizaynı da əhəmiyyətli məsələlər sırasındadır. Bu sektor artıq 100 milyard dolları əhatə edir. Məzunlar oyun istehsalı, inkişaf etdirilməsi, dizaynı, proqramlaşdırması, kompüter qrafikləri və insan-kompüter qarşılıqlı əlaqəsi sahələrində çalışır. Eyni zamanda oyun studiyalarında və memarlıqda, tibdə, hüquqda və interaktiv simulyasiyanın istifadə edildiyi digər sektorlarda da işləyə bilirlər. Eləcə də bura ekoloji işlərdə davamlılıq ixtisasını da daxil etmək olar. Perspektivdə informasiya və virtual təhlükəsizlik də önə çıxır. İnformasiya təhlükəsizliyi tələbələri kompüter sistemlərini, şəbəkələri və fərdi kompüterləri viruslardan, kompüter piratlarından, terror hədələrindən, təşkilati casusluqlardan qorumaq üçün lazımlı texniki mövzuları öyrənir: "Günün və gələcəyin tələbi bizlərdən daha çevik olmağı, dünyaya inteqrasiyanı tələb edir. Diplom dalınca qaçmaq yox, yaxşı sənətə, yaxın gələcəyin ixtisaslarına yiyələnmək vacibdir. Günün tələbi budur".

 

Elçin Əfəndi hesab edir ki, gələcəyin ixtisasları informasiya texnologiyaları və təhlükəsizliyi, yaşıl enerji və sair ilə bağlı olanlardır: "Kompüter elmləri, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi ixtisasları nəinki bu günün, gələcəyin ixtisaslarıdır. Bu ixtisaslara çox ehtiyac var və gələcəkdə də olacaq. Hazırda beynəlxalq arenada karyera quran azərbaycanlıların yarısından çoxu bu ixtisasa yiyələniblər. Azərbaycanda da belə mütəxəssislərə tələb hər il artır. Kompüter ixtisaslarını müxtəlif proqram və kurslarda hər nə qədər öyrənmək mümkün olsa da, sistemli təhsil üçün universitet mühiti vacibdir".

 

Millət vəkili Ceyhun Məmmədov deyir ki, müəyyən ixtisaslar var ki, abituriyentlər onlara maraq göstərir, amma hazırda əmək bazarında həmin ixtisaslara önəm verilmir və tələbat yoxdur. Bu səbəbdən də gənclər ixtisas seçimi zamanı diqqətli olmalıdır. Bazarın tələblərini nəzərə almalı, yeni ixtisaslar istiqamətində seçimlərə üstünlük verilməlidir. Ali təhsil almağa, oxumağa potensialı, həvəsi olmayanlar isə peşəyə yönəldilməlidir: "Hər bir valideyn istəyir ki, övladı ali təhsil alsın. Amma hansısa gəncin oxumağa həvəsi, potensialı yoxdursa, onu peşəyə yönləndirmək lazımdır. Gənclər əsasən informasiya texnologiyaları, informasiya təhlükəsizliyi kimi ixtisaslara  üstünlük verməlidir. Dünyadakı yeni çağırışlara hazır olmalıyıq".

 

Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov vurğulayıb ki, düzgün ixtisas seçmək üçün ilk növbədə ötən illərin qəbul ballarına, plan yerlərinin sayına diqqət etmək lazımdır. Eyni zamanda abituriyentin yığdığı bal onun seçmək istədiyi ixtisasın bir il öncə olan keçid balı ilə uyğunluq təşkil edərsə, bu zaman həmin ixtisas üzrə təhsil ala bilmək imkanı daha artmış olur: "Bəzən olur ki, ixtisas seçimi etdikdə abituriyentlər öz talelərini şansa buraxırlar. Lakin belə olanda bəzən nə qədər yüksək bal toplasa belə, abituriyent ali məktəbə qəbul olmaya bilir. Bunun səbəbi isə ixtisasın düzgün seçilməməsi və balının olduqca yüksək olmasıdır. Hətta keçid balı bu il 600 olan ixtisasın növbəti ildə keçid balı 650 ola bilər. Həmçinin həmin ixtisas üzrə müraciət edənlərin sayı çox ola bilər. Eyni zamanda abituriyentlər ixtisas seçimi etdikdə mütləq gələcəklərini, bu ixtisas üzrə iş tapa bilmək potensialını da nəzərə almalıdırlar. Lakin yenə də düzgün ixtisas seçməklə bağlı dəqiq bir proqnoz vermək olmur. Əlbəttə ki, gələcəyin ixtisasları olaraq İT, müasir rəqəmsallaşma və s. üstünlük vermək lazımdır. Eyni zamanda elə ixtisaslar var ki, bir neçə ixtisasın kəsişməsindədir. Mütləq ixtisas seçimi etdikdə müasir texnologiyaların da inkişafını nəzərə almaq lazımdır. Xüsusilə hazırkı dövrdə inkişaf o qədər sürətlidir ki, 5 ildən sonra bu inkişafın tempi daha yüksək səviyyədə olacaq. İndi inkişaf elə bir səviyyədədir ki, insan bir ixtisası mənimsəyib, ömrünün sonuna qədər o ixtisas üzrə çalışa bilməyəcək. Bu isə ən azı 5 ildən bir ixtisas yenilənməsinə səbəb olur. Təbii ki, ixtisas dəyişiminin belə bir sürətlə həyata keçirilməsi də müsbət haldır. Çünki bu, insanın ömrü boyu təhsil alması, inkişaf etməsinə səbəb olur. Bunlardan əlavə şəkildə ixtisas seçimi ilə bağlı başqa bir proqnoz vermək mümkün deyil. Amma bütövlükdə inkişaf meyli haradırsa, onu müəyyənləşdirmək lazımdır. Yeni nəsil gənclər isə tamamilə fərqlidir. Çevik, məntiqi düşüncəyə sahib olan gənclər təbii ki, düzgün qərar qəbul edərək, yeni ixtisasları mənimsəməkdə çətinlik çəkməyəcəklər".

 

Nərmin Qarazadə

Şok açıqlama - İran hər an vurula bilər
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox