Bir neçə müddətdir sonuncu kurs tələbələrinin istehsalat təcrübəsi başlayıb. Təcrübə müddətində onlar ixtisaslarına müvafiq müəssisələrə göndərilirlər. Bəzi tələbələr sonralar həmin qurumlarda işə qəbul olunurlar.
Bəs görəsən, tələbələr istehsalat təcrübəsini maksimum necə dəyərləndirə bilərlər? Hansı bacarıqlarını inkişaf etdirsələr, işə qəbul şansları daha çox artar?
Mövzu ilə bağlı təhsilin idarə olunması üzrə mütəxəssis, xarici ölkədə yaşayan ekspert Qoşqar Məhərrəmov AzEdu.az-a açıqlama verib.
Ekspert bildirib ki, təbrübəçilər sərt və yumşaq bacarıqlarını inkişaf etdirərək, məzun olmadan işlə təmin oluna bilərlər:
“Bacarıqlar iki kateqoriyaya, hard skills (Sərt, möhkəm bacarıqlar) və soft skills, yəni (yumşaq bacarıqlara) bölünür. Sərt bacarıqlar deyəndə namizədin texniki bacarıqları nəzərdə tutulur. Burada peşə ilə əlaqədar texniki məsələlər üsul, üslub, texnologiya, strategiya, metodologiyalar nəzərdə tutulur. Yumşaq bacarıqlara isə ünsiyyət, münasibət, liderlik, komanda işi, vaxtın idarə olunması, natiqlik kimi səriştələr daxildir. Bu xüsusiyyətlərə malik insanın iş tapma ehtimalı yüksəkdir.
Təcrübə müddətində nəzərə almaq lazımdır ki, təcrübə keçirilən yerdə işçiyə ehtiyac varmı? Əgər işçiyə ehtiyac varsa və təcrübəçi də həmin ehtiyacı qarşılayacaq potensialdadırsa, o zaman əlbəttə ki, onu işə götürəcəklər.
Tələbələr universitet boyunca sərt və yumşaq bacarıqlarını inkişaf etdirməli, təcrübə müddətində özlərini göstərməli və vakant yer olduğu təqdirdə işçi kimi müraciət etməlidirlər. Universitet məzunu olmadan işlə təmin olunmaq bu cür mümkündür. Amma şərt deyil ki, insan istehsalat müddətində təcrübədə olduğu qurumda iş tapsın. Tələbələr başqa yerlərə də CV göndərərək müraciət edə bilərlər. Dövr səriştə dövrüdür. Onu isə isbat etmək mümkündür. Bəzi yerlərdə namizədə deyirlər ki, “filan problemi həll et”, “Müsahibədə sahən üzrə bacarığını bildir” və s. Yəni artıq diplom dövrü köhnədə qaldı. İndi səriştə dövrüdür. Səriştəni isə isbat etmək mümkündür. Məhz bu səbəbdən universitet məzunu olmadan işlə təmn olunmaq olur”.