Azedu.az

Müəllim-şagird münasibətlərində soyuqluq: Kimdir günahkar?

Tələbə və şagird

Müəllimlər və elm adamları

26 Fevral 2025, 14:07
Müəllim-şagird münasibətlərində soyuqluq: Kimdir günahkar?

Son illər müəllim-şagird münasibətlərində qəribə bir soyuqluq müşahidə olunur. Ancaq, şagirdinə öz övladı kimi yanaşan, sevgi, qayğı göstərən, onun savadlı, bilikli insan kimi yetişməsi üçün can qoyan müəllimlər çoxdur. Bunun əksinə olaraq şagirdlərlə də yola getməyən kifayət qədər müəllim var.

 

Bəs görəsən, dəyişən nədir? Vaxtilə şagirdləri üçün biliyini, savadını əsirgəməyən müəllimlərmi dəyişib? Yoxsa zəmanə uşaqları?

 

Uzun illərdir pedaqoji fəaliyyət göstərən Sevil Rəhimova deyir ki, əvvəllər müəllimlərə böyük hörmət var idi. 40 il bundan qabaq həm şagirdlər, həm də valideynlər müəllimə böyük hörmətlə yanaşırdılar:

 

"O dövrdə müəllimlərə və onun şəxsiyyətinə pərəstiş edilirdi. Onlar haqda düşüncə və yanaşma tamam fərqli idi. Müəllim fikri və onun şagirdlərə verdiyi öyüd nəsihət həmişə üstün tutulurdu və bunndan nəticə çıxarılırdı. İndi nəinki müəllimin dərsinə qulaq asmırlar, heç onu saymırlar da. Bu gün müəllimə çox az hörmət edən şagird və valideynlər var. Bəziləri zəmanənin və insanların dəyişdiyini əsas gətirərərk özlərinə haqq qazandırırlar. Bu işdə müəllimləri günahlandırırlar. Müəllim öz savadı və davranışları ilə şagirdlərə və cəmiyyətə örnək olmalıdır. Bu gün belə pedaqoqlarımız kifayət qədər çoxdur. Doğrudur, müəllim adına xələl gətirən və bu ada kölgə salanlar olsa da bunu hamıya şamil etmək olmaz. Əsil müəllim şagirdlərinə bilik verməklə yanaşı onlara öz övladı kimi qayğı göstərməli və şagirdlərinin gələcək həyatda şəxsiyyət kimi formalaşmasına çalışmalıdır”.

 

Sevil Rəhimova indiki şagird və valideynlərin müəllimə münasibətinin fərqli olduğunu bildirir: “Əvvəllər uşaq dərsini oxumayanda, dəcəllik edəndə valideyninə şikayət edərdik, onlarda övladlarını tənbeh edərdi. İndi  vəziyyət dəyişib. Valideynlərə söz demək olmur. Onlar fikirləşir ki, müəllim şagirdə söz deməməlidir, ona irad bildirməməlidir. Düşünürəm ki, şagirdlərin müəllimlərə etdiyi hörmətsizliyin əsas günahkarı valideynlərdir. Çünki valideyn müəllimə necə hörmət edirsə, uşaqda eyni münasibəti göstərir. Müəllimə hörmətsizdik edən valideynin uşağından nə gözləmək olar? Şagirdlər evdə hansı tərbiyyəni görürlərsə onu da məktəbdə göstərirlər”.

 

AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov hesab edir ki, bircə peşə var ki, onsuz cəmiyyət mövcud ola bilməz, onsuz nəsillər arasında əlaqə kəsilər, heç bir inkişafdan, hətta insanlararası münasibətlərdən də söhbət gedə bilməz. Bu, müəllimdir. Müəllim  uşaqları və peşəsini dəlicəsinə sevən şəxsiyyətdir, yeni nəsli xalqın, vətənin gələcəyi üçün hazırlayan vətənpərvərdir, vətəndaşdır, ictimai xadimdir. Bəli, müəllimlik çox şərəfli peşədir, məsuliyyətli vəzifədir, şərəfi və məsuliyyəti eyni dərəcədə yüksək olan mürəkkəb bir sənətdir. Müəllimlik şərəfli işdir, çünki o, öz həyatını xalqın gələcəyinə həsr edir. Müəllimlik həm də məsuliyyətli işdir, çünki o, ən qiymətli kapital olan insanla işləyir, bu işdə isə səhvə yol vermək olmaz:

 

“Bu gün təhsil müəssisələrimizdə müəllim adını şərəflə daşıyan, öz peşəsinin vurğunu olan, həqiqətən şagirdlərin və tələbələrin qəlbində özünə əbədi abidə ucaldan, əsl vətəndaş və şəxsiyyət yetişdirən bacarıqlı, səriştəli müəllimlər az deyil. Onlar indi də fədakarlıqla çalışırlar. Sadalanan keyfiyyətə malik olan müəllimlərimiz bu gün də şagirdləri tərəfindən çox sevilir. Pedaqoji fəaliyyətin əsasını təşkil edən həlledici amil şagirdləri və öz peşəsini sevməkdir. Kimin ki, ürəyində uşaqlara məhəbbət hissi yoxdur,  müəllim işləməməlidir. Biz kimlərdən öyrəniriksə onları bizim müəllimlərimiz adlandırırıq, lakin hər öyrədən bu ada layiq deyil. Bu ada layiq olmaq üçün mənəviyyatda və təlimdə kamilliyə çatmaq lazımdır”.

 

Əməkdar elm xadimi, professor Şahlar Əsgərovun dediyinə görə, tarix boyu müəllim cəmiyyətdə hörmət, nüfuz sahibi olub. Bu bugün də belə olmalıdır. Unutmamalıyıq ki, millətə sevginin, ədalətin ruhu müəllimlərin əlindədir. Ürəyinin istisi, zəkasının nuru ilə ömrü boyu nəsil-nəsil vətəndaşlar yetişdirir müəllimlər. Bu və ya digər peşə sahibləri nail olduqları uğurlara görə daha çox öz müəllimlərinə borclu olduqlarını həmişə iftixarla qeyd ediblər. Bütün dövrlərdə müəllim peşəsinin əhəmiyyəti, şərəfliliyi, yüksəkliyi barədə müdrik kəlamlar söyləyiblər. Müxtəlif dövrlərdə yaşamış müdriklərin müəllim haqqında deyimləri göstərir ki, dövründən asılı olmayaraq, həmişə əsl müəllim milli sərvət kimi qəbul edilib. Bu hər zaman belə olmalıdır. Müəllim peşəsini vicdanla, sevgiylə yerinə yetirməli. Eyni zamanda şagird də öz müəlliminə hörmət və sevgi bəsləməlidir:

 

“Şagirdlər müəllimdən sevgi, qayğı görməlidirlər. Şagird müəllimin ona can yandırdığını, bilikli, savadlı olması üçün əlindən gələni etdiyini görəndə, o da buna qarşılıq olaraq müəlimini çox istəyir. Amma bəzən bunun əksini görürük. Bu səbəbdən də müəllim-şagir münasibətlərində belə soyuqluq yaranır. İndinin şagirdləri illər öncəkilər kimi deyil. Yeni nəsillə, hiperaktiv, sosiallaşmış, müasir dünyanın uşaqları ilə dil tapmaq bir qədər çətindir. Müəllimlik şərəfli, müqəddəs, eyni zamanda çətin və məsuliyyətli bir peşədir. Ona görə də müəllimliyi seçən hər bir kəs müəllimliyin tələb etdiyi qaydalara riayət etməlidir”.

 

Müəllim şagirdlərlə münasibətdə mülayimliyi və ciddiliyi uzlaşdırmalıdır. Uşaqlar valideynlərindən sonra ən çox ünsiyyətdə olduğu şəxs müəllimlərdir. Onlar günlərinin 5-6 saatını məktəbdə müəllimlərlə keçirirlər. Müəllimin yersiz bir hərəkəti, yanlış bir rəftarı, hətta kobud bir sözü, uşağın daxili dünyasını alt-üst edə bilər. Bu səbəbdən də müəllimlər şagirdlərlə münasibətdə  bu məqama xüsusi olaraq diqqət yetirməlidirlər. Müəllim elə davranış namayiş etdirməli, dərsi elə izah etməlidir ki, şagird ona sevə-sevə qulaq assın və nə isə öyrənsin. Müəllim bütün hallarda öz ləyaqətini,  alicənablığını, uşaqlara nümunə olmaq keyfiyyətlərini qorumağa çalışmalıdır. Bu zaman müəllim-şagird arasında soyuqluq yaranmaz.

 

Müəllim şagirdlərin şərəf və ləyaqətinə hörmət bəsləməli, onlara münasibətdə ədəbli davranmalıdır. Şagird də nümunəni müəllimdən götürməlidir. Şagirdlərin təhsilə marağının artmasında, tədris olunan fənlərin sevdirilməsində, bütövlükdə təlim və tərbiyəsində müəllim - şagird münasibətlərinin düzgün qurulması danılmazdır. Əgər şagird müəllimindən kobud davranış, yersiz sərtlik görsə, onun nə özünü sevəcək nə də tədris etdiyi fənni oxuyacaq. “Riyaziyyat müəllimim mənimlə yaxşı davranmadığı üçün bu fənni sevmədim və oxumadım” deyənlərin sayı az deyil. Müəlliminə hörmət və sevgidən müəllimlik peşəsinə yönələnlərin də sayı kifayət qədərdir. Şagirdin gələcək həyatı, fəaliyyəti, uğurları, hətta taleyi belə birbaşa müəllimdən asılıdır. 

 

Şagird Nurlan Səlimov isə deyir ki, savadı, biliyi ilə yaxşı dərs keçən və uşaqlarla normal davranan mehriban və qayğıkeş müəllimləri bütün şagirdlər sevir. Kobudluq edən, şiddət göstərən, həmişə qışqıran müəllimləri heç bir şagirt sevmir və ona hörmət göstərmir:

 

"Mən deyərdim ki, müəllimlə şagirdlər arasında yaranan problemin əsas səbəbkarı müəllimlərdir və onların şagirdlərə qarşı mənfi davranışlarıdır. Bəzi pedaqoqlar özlərini sinifin ağası kimi aparırlar. Normal dərs də keçmirlər. Onlara sual vermək istəyəndə şagirdləri acılayır və kobud rəftar edirlər. Ancaq bəzi müəllimlər də var ki, şagirdlərə daim öz övladı kimi qayğı göstərir. Bizim bir probilemimiz olanda onunla bölüşürük. Daim bizə dəstək olur,  nəsihətlər verir və bizə yol göstərir. Belə olanda bütün şagirdlər həmin müəllimi çox sevir ona daim hörmət edir".

 

Təhsil ekspert Elçin Əfəndinin fikrincə, son illər müəllimlərin nüfuzuna çox böyük zərbələr dəyib:

 

"Bu gün müəllimlərə qarşı çox böyük təzyiqlər var. Həm şagirdlər həm də valideynlər tərəfəindən onlara qarşı kobud rəftarın şahidi oluruq. Bu hal müəllimlərin nüfuzunu aşağı salır. Belə davranışları qəbul etmək olmaz. İndi siniflərdə çox az şagirdin dərsi dinlədiyini və müəllimlə dərsi müzakirə etdiyinin şahidi oluruq. Əsasən də yuxarı sinif şagirdləri dərsə laqeyid və müəllimlərə qarşı biganə yanaşırlar. Qeyd edim ki, son vaxtlar bəzi müəllimlər də şagirdlərə qarşı aqressiv hərəkətlər edirlər. Hər bir müəllim gözəl davranışları ilə şagirdlərə təlim-tərbiyə örnəyi olmalıdır. Kobudluq etməklə, onları acılamaqla hörmət qazanmaq olmaz. Müəllimlərimiz həmişə təhsil və tərbiyə örnəyi olmaqla şagirdlərin daim yaddaşında qalmalıdırlar".

 

Millət vəkili Ceyhun Məmmədovun fikrincə, müəllim şagirdi ilə həmişə səmimi olmalı ona doğma övladı kimi münasibət göstərməlidir. İndiki dövrdə məktəblərdə belə müəllimlərimiz çoxdur. Təəssüf ki, bunu bütün müəllimlər haqda demək olmaz:

 

"Müəllimlik müqəddəs peşədir. Onlar cəmiyyət üçün normal vətəndaş yetişdirən insanlardır. İlk tərbiyyə ailədən gəlir, sonra orta məktəblərdə davam etdirilir. Təhsil qurumlarının vətənpərvər insanların şəxsiyyət kimi yetişdirilməsində müstəsna rolu var. Bu yük də təbii ki, müəllimlərin üzərinə düşür. Düşünürəm ki, məktəb direktorları və müəllimlər hədəfə çatmaq üçün birlikdə çalışmalı və cəmiyyətimizə layiqli insanların yetişməsi üçün səy göstərməlidirlər".

 

Nərmin Qarazadə

Rusiya ilə Ukrayna arasında hücumlar şiddətləndi
Son xəbərlərDaha çox