Magistratura təhsilinin bakalavrlar üçün bir sıra üstünlükləri vardır. Belə ki, magistratura proqramları sahə üzrə dərin bilik və bacarıqların inkişafına imkan verir ki, bu da daha yaxşı mütəxəssis olmaq və yüksək səviyyəli iş tapmaq üçün vacibdir.
Cəmiyyətdə belə bir fikir də mövcuddur ki, bəzi qızlar sadəcə diplom almaq, bəzi oğlanlar isə hərbi xidmətdən 2 il möhlət hüququ əldə etmək məqsədilə magistratura təhsilini seçirlər.
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Vüsal Kərimlinin sözlərinə görə, cəmiyyətin müəyyən məqamlarda haqlı olduğunu düşünmək olar, çünki magistratura təhsili bəzən sadəcə olaraq hərbi xidmətə 2 il gec getmək üçün seçilir.
"Amma düşünmürəm ki, məsələ tam budur. Dünyada baş verən proseslər göstərir ki, insanlar artıq başa düşürlər ki, bakalavr səviyyəsində təhsil kifayət etmir. Onlar həmçinin magistratura təhsilinin vacibliyini dərk etməyə başlayıblar. Magistratura, bakalavr təhsilindən fərqli olaraq, daha peşəkar bir təhsil növüdür və bu səbəbdən insanlar bu pilləyə üstünlük verirlər.
Lakin burada bir nüans var. Belə ki, bu, magistraturaya qəbul prosesinin müasir çağırışlara cavab verib-verməməsidir. Bu gün Azərbaycan ali təhsil sistemində magistratura təhsilinin qəbul mexanizmi reallıqları əks etdirmir. Bu, universitetlərin bu prosesdə daha aktiv rol oynamalarının vacibliyini göstərir. Bu məsələ artıq günün tələbinə çevrilib.
“Hesab edirəm ki, universitetlərə magistratura pilləsində öz tələbələrini seçmək hüququ verilməlidir”,- deyə ekspert fikrinə əlavə edib:
"Bu o demək deyil ki, tələbələr Dövlət İmtahan Mərkəzinin xətti ilə imtahan verməməlidir. Əksinə, imtahan verdikdən sonra ali məktəblər tələbələrlə müsahibələr keçirərək, onları öz sahələrinə uyğun seçə bilərlər. Beləliklə, universitetlər profillərinə uyğun, gələcəkdə öz sahələrində ixtisaslaşmaq istəyən tələbələri daha asanlıqla müəyyən edəcəklər. Bu həm də tələbələrə doğru ixtisas və universitet seçməkdə kömək edəcək.
Magistratura təhsilinin əhəmiyyəti getdikcə daha da artacaq, çünki texnologiyanın inkişafı ilə insanlar başa düşürlər ki, bakalavriat səviyyəsində əldə etdikləri biliklər tam yetərli deyil. Xüsusi proqramlar və MBA proqramları üzrə tələbələrin ən azından müəyyən təcrübə topladıqdan sonra təhsil almaları daha məqsədəuyğun və effektli olar. Azərbaycan universitetlərində MBA proqramlarına iş təcrübəsi olmadan qatılan tələbələrin çox olması da, öz növbəsində, onların özlərini daha yaxşı inkişaf etdirmələrinə maneə yaradır".