Azedu.az

Tarix dərslikləri şagirdlərdə çaşqınlıq yaradır: “Mövzular yenidən araşdırılmalıdır”

Tələbə və şagird

Müəllimlər və elm adamları

17 Dekabr 2024, 11:30
Tarix dərslikləri şagirdlərdə çaşqınlıq yaradır: “Mövzular yenidən araşdırılmalıdır”

Bu gün həm ali məktəbə hazırlaşan abituriyentlər, həm də orta məktəb şagirdləri tarix fənnini öyrənməkdə çətinlik çəkirlər. Onların əsas bəhanəsi illərin çoxluğu və yadda saxlamağın çətin olmasıdır. Bundan əlavə, dərsliklərdə baş verən dəyişikliklər təhsilalanlar üçün əlavə çətinlik yaradır.

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən tarix müəllimi Kamran Quliyev bildirib ki, Azərbaycan tarix dərsliklərinə köklü dəyişikliklər edilməli, mövzular yenidən araşdırılmalı və obyektiv yanaşmalar ortaya qoyulmalıdır:

151386

“Tarixi xronoloji cəhətdən öyrənmək hər kəs üçün eyni səviyyədə olmur, çünki bu, əsasən yaddaşa əsaslanan bir sahədir. Lakin tarixi xronoloji ardıcıllıqla bilmək vacibdir. Bununla yanaşı, Azərbaycan tarixində bəzi mövzulara az yer ayrılır. Xüsusilə Cənubi Azərbaycanın tarixi ilə bağlı mövzular kifayət qədər geniş tədris olunmur. Məsələn, Nadir şahın imperiyasının parçalanmasından sonra yaranan xanlıqlar dövrü ilə bağlı Cənubi Azərbaycanın tarixinə çox az diqqət yetirilir. Bu mövzular şagirdlərə yalnız ümumi bir başlıq altında təqdim edilir. Lakin Şimali Azərbaycanın xanlıqlarına gəldikdə, hər bir xanlığa ayrıca dərs saatları ayrılır. Azərbaycan torpaqlarını Dərbənddən Zəncana qədər götürdükdə, həmin ərazilərin tarixi prosesləri şimal xanlıqları ilə paralel şəkildə öyrənilməlidir”.

 

K.Quliyev həmçinin qeyd edib ki, IX-XI əsr feodal dövlətləri bölməsində Şəddadilər dövlətinə geniş yer ayrıldığı halda, Şirvanşahlar dövləti, Sacilər, Salarilər və Rəvvadilər kimi daha uzun müddətli və Azərbaycanın birləşməsinə xidmət etmiş dövlətlərə nisbətən daha az diqqət yetirilir:

 

“Bu, bəlkə də müəyyən yerlipərəstlikdən irəli gəlir. Halbuki, Şirvanşahlar dövləti daha geniş coğrafi və tarixi təsirə malik olub, Sacilər və Salairlərin hakimiyyəti altında Azərbaycan ilk dəfə vahid şəkildə birləşdirilmiş, Rəvvadilər isə Azərbaycanın cənubunu idarə edən mühüm dövlətlərdən biri olmuşdur. Mövzuların dərsliklərdə sütun formasında təqdim edilməsi isə şagirdlər üçün yorucu olur. Bununla yanaşı, köhnə və yeni mövzular arasındakı fərqliliklər təhsilalanlarda çaşqınlıq yaradır. Hər hansı bir dəyişiklik həyata keçiriləcəksə, bu, uzunmüddətli plan əsasında edilməlidir. Məsələn, ümumi tarix dərsliklərində Qaraxanlı və Osmanlı dövlətlərinin yaranma tarixləri əvvəllər fərqli göstərilirdi, indi isə başqa bir tarix verilir. Bu kimi dəyişikliklər, tarixi öyrənməyə çalışan şagirdlər üçün çətinlik yaradır”.

 

Müsahibimiz əlavə edib ki, tarix dərsliklərində diqqət çəkən digər bir məsələ isə ədəbiyyatla bağlı şəxsiyyətlərə şagirdlərin səthi yanaşmasıdır:

 

“Bu mövzuların ədəbiyyat dərsliklərində də tədris edildiyini nəzərə alsaq, tarix dərsliklərindən çıxarılması daha məqsədəuyğun olardı.

 

Ümumilikdə, Azərbaycan tarixi dərsliklərinə köklü dəyişikliklər edilməli, mövzular yenidən araşdırılmalı və obyektiv yanaşmalar ortaya qoyulmalıdır. Bunun nəticəsində sabit və etibarlı bir tarix kitabı formalaşdırıla bilər ki, bu da təhsilalanlar üçün daha faydalı olar”.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox