Azedu.az

"Azərbaycanda magistr təhsilinin səviyyəsi ilə qəbul tələbləri uyğunsuzdur"

Tələbə və şagird

Magistratura

16 Dekabr 2024, 09:05
"Azərbaycanda magistr təhsilinin səviyyəsi ilə qəbul tələbləri uyğunsuzdur"

“Azərbaycanda magistr təhsilinin səviyyəsi magistra qəbulun səviyyəsi ilə bərabər deyil. Yəni ki, bizdə magistra qəbul olmaq çətindi. Azərbaycanda magistr təhsil səviyyəsinə qəbul olmaq daha çox savad tələb edir, nəinki orada oxumaq".

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov qeyd edib.

151291

O, bildirib ki, Azərbaycanda magistr təhsilinin səviyyəsinin magistraturaya qəbul səviyyəsi ilə uyğunlaşmaması təhsil sistemində uzun müddətdir müzakirə olunan ciddi problemlərdən biridir:

 

“Magistratura təhsili dünyada tələbələrin daha ixtisaslı biliklər əldə etməsi, tədqiqat bacarıqlarını inkişaf etdirməsi və ixtisaslaşdıqları sahədə peşəkarlaşması üçün nəzərdə tutulmuş bir mərhələdir. Lakin ölkəmizdə bu proses qəbul imtahanlarının çətinliyi ilə müqayisədə daha az dəyərli nəticələr verir.

 

Azərbaycanda magistraturaya qəbul imtahanları yüksək bilik və məntiq qabiliyyətləri tələb edir. Tələbələr dil biliklərini, məntiq bacarıqlarını və ixtisas fənləri üzrə biliklərini nümayiş etdirməlidirlər. Bu, tələbələrin ciddi şəkildə hazırlaşmasını tələb edir və yüksək rəqabət mühiti yaradır. Qəbul prosesi ciddi akademik bilik və təcrübə tələb etdiyi halda, magistratura pilləsində təhsil çox vaxt bu səviyyəni kompensasiya edə bilmir. Nəticədə, tələbələrin gözləntiləri və real tədris prosesi arasında ciddi bir uçurum yaranır.

 

Magistratura təhsilinin məzmunu və keyfiyyəti də problemlidir. Magistr tədrisi əsasən nəzəri biliklərə əsaslanır və tələbələrin tədqiqat fəaliyyətləri ilə məşğul olmalarına şərait yaratmır.

 

Halbuki magistratura pilləsi tələbələrdən elmi məqalələr yazmağı, dərin tədqiqatlar aparmağı və yeni biliklər yaratmağı gözləyir. Təəssüf ki, bir çox hallarda dərs proqramları tələbələrin bu bacarıqları inkişaf etdirməsi üçün uyğun deyil. Nəticədə, tələbələr sadəcə nəzəri bilikləri əzbərləməklə kifayətlənir, tədqiqat üçün zəruri olan analitik və praktik bacarıqları isə inkişaf etdirmirlər”.

 

Həmsöhbətimiz vurğulayıb ki, magistratura təhsilinin keyfiyyətini artırmaq üçün sistemli islahatlar lazımdır:

 

“Bu problemin digər bir tərəfi isə tələbələrin müstəqil tədqiqat bacarıqlarını formalaşdırmaq üçün lazım olan dəstək sistemlərinin zəif olmasıdır. Universitetlərdə tələbələrin tədqiqat fəaliyyəti üçün yetərli resurslar mövcud deyil. Kitabxana və onlayn mənbələrə çıxış məhduddur, beynəlxalq elmi bazalara abunəlik çox azdır və tələbələrin elmi rəhbərlərlə işbirliyi zəif təşkil olunur.

 

Bu isə onların tədqiqat aparmaq həvəsini azaldır və nəticədə magistratura təhsili sadəcə diplom almaq üçün bir mərhələyə çevrilir. Müəllimlərin hazırlıq səviyyəsi də mühüm faktordur. Magistratura təhsilində dərs deyən müəllimlərin bir çoxu müasir elmi metodlardan uzaqdır. Onlar tələbələrin müasir dövrün tələblərinə cavab verən biliklər əldə etməsini təmin etməkdə çətinlik çəkir. Müəllimlərin böyük bir qismi tədqiqat təcrübəsindən məhrumdur və ya beynəlxalq elmi mühitdə iştirak etməyib. Bu isə tədrisin keyfiyyətinə birbaşa təsir edir.

 

Digər tərəfdən, magistr təhsilinin əmək bazarına uyğun gəlməməsi problemi mövcuddur. Azərbaycanda bir çox magistr məzunları iş tapmaqda çətinlik çəkir. Əmək bazarı tələb olunan praktiki bacarıqları və peşəkar bilikləri təqdim edə bilən məzunlar istəyir. Lakin magistratura təhsili bu bacarıqları təmin edə bilmir. Nəticədə, magistr pilləsi bir çox tələbələr üçün iş həyatına real təsir etməyən bir mərhələ kimi qəbul olunur.Magistratura təhsilinin keyfiyyətini artırmaq üçün sistemli islahatlar lazımdır. İlk növbədə, qəbul imtahanlarının məqsədləri və təhsil prosesi arasında uyğunluq yaradılmalıdır.

 

Tələbələrin qəbul prosesində yüksək səviyyəli biliklər nümayiş etdirməsi ilə yanaşı, bu biliklərin magistratura təhsili boyunca dərinləşdirilməsi təmin edilməlidir. Təhsil proqramları tələbələrin tədqiqat fəaliyyətinə yönləndirilməli, elmi məqalə yazmaq, tədqiqat layihələri hazırlamaq və praktiki bacarıqlarını inkişaf etdirmək üçün şərait yaradılmalıdır”.

 

K.Əsədov söyləyib ki, universitetlərdə tədqiqat mədəniyyəti inkişaf etdirilməlidir:

 

“Bunun üçün tələbələrin elmi rəhbərlərlə sıx əməkdaşlıq etməsi, beynəlxalq elmi mühitdə iştirak etməsi və resurslara çıxış imkanlarının artırılması vacibdir. Magistratura pilləsində müəllimlərin də hazırlanması müasir tələblərə uyğun olmalıdır. Onların beynəlxalq elmi tədbirlərdə iştirakı, yeni tədris metodlarının tətbiqi və tədqiqat bacarıqlarının artırılması təmin edilməlidir.

 

Əmək bazarı ilə əlaqələrin gücləndirilməsi də mühüm əhəmiyyət daşıyır. Universitetlər işəgötürənlərlə sıx əməkdaşlıq etməli, magistr proqramlarını bazarın real tələblərinə uyğunlaşdırmalıdır. Tələbələrə praktiki təcrübə qazanmaq üçün imkanlar yaradılmalı və onların əmək bazarına hazırlığı təmin edilməlidir.

 

Nəticədə, magistratura təhsili ölkədə ali təhsilin keyfiyyətini yüksəltmək və əmək bazarına daha bacarıqlı kadrlar təqdim etmək üçün əsas bir mərhələdir. Lakin bu məqsədə çatmaq üçün təhsil sistemində ciddi dəyişikliklər və yeniliklər həyata keçirilməlidir. Əks halda, magistratura pilləsi öz potensialını tam şəkildə reallaşdıra bilməyəcək və sadəcə formal bir mərhələ olaraq qalacaq”,- deyə fikrini tamamlayıb.

TƏCİLİ! Ukraynadan ƏKS-HÜCUM - Ruslar buradan geri çəkildi
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox