Azedu.az

Tələbə həyatının təhlili: Kirayə, qidalanma və büdcə planlaşdırılması

5 Dekabr 2024, 16:00
Tələbə həyatının təhlili: Kirayə, qidalanma və büdcə planlaşdırılması

Tələbəlik dövründə yemək hazırlamaq, maddi sıxıntılar və vaxt çatışmazlığı ən çox rastlanan problemlərdəndir. Kirayə həyatı tələbələrin yemək büdcəsini azaltmaq üçün sadə və ucuz yeməklərə üstünlük verməsinə səbəb olur. Eyni zamanda, kirayə haqqı və gündəlik xərclər onların büdcəsini doğru idarə etmələrini öyrətmiş olur.

 

Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı olaraq tələbələr arasında sorğu keçirdik.

 

Sorğunun nəticəsi olaraq tələbələrin gündəlik ehtiyacları, xərcləri və sosial həyatları barədə məlumat aldıq. 

 

Təhsilalanların çoxu qeyd edirlər ki, tələbəlik dövrü, həm çətin, həm də unudulmaz təcrübələrlə dolu olan bir mərhələdir. Sözsüz ki, Azərbaycanda bir çox gənc ali təhsil almaq üçün müxtəlif regionlara, şəhərlərə üz tutmalı olurlar. Kirayə həyatı tələbələri müxtəlif sosial və şəxsi inkişaf imkanları ilə tanış edərkən, eyni zamanda bəzi çətinliklərlə də qarşılaşdırır. Yeni insanlarla tanış olmaq və fərqli xarakterlərlə ünsiyyət qurmaq tələbələrə həm sosial, həm də şəxsi inkişaf baxımından faydalıdır. Lakin fərqli vərdişlər və dünyagörüşləri arasındakı ziddiyyətlər münaqişələrə yol aça bilər.

 

Emosional yük və dərslərin tələb etdiyi vaxt

 

Ailədən və doğma evdən uzaq olmaq tələbələr üçün çətin emosional təcrübə yaradır. Bu, xüsusilə tələbənin təhsil həyatının ilk illərində daha çox hiss olunur. Tələbələrin gündəlik həyatında dərslər, imtahanlar və sosial fəaliyyətlər arasında uyğunluq tapmaq çətinləşir. Bununla yanaşı, yemək hazırlamaq da tələbə üçün əlavə çətinliklər yaradır, çünki vaxtın məhdud olması və büdcənin az olması tələbələrin qida vərdişlərinə təsir edir.

 

Tələbələr ən çox bu yeməklərə üstünlük verirlər

 

Bir çox tələbə asan və ucuz yeməklərə üstünlük verir. Əsasən makaron, vermişel, kartof, bulqur, mərcimək supu və kotlet kimi yeməklər onların mətbəxində ön plandadır. Bu yeməklər həm maddi baxımdan sərfəli, həm də hazırlanması asandır. Tələbələrin yemək vərdişləri onların büdcələrinə uyğun olaraq formalaşır. Kirayə haqqı və gündəlik xərclər onların ən böyük maliyyə yükünü təşkil edir, bu da onları daha sadə və ucuz yeməklər seçməyə məcbur edir.

 

Tələbələrin büdcə idarəetməsi və xərclər

 

Bakı kimi böyük şəhərlərdə tələbələrin gündəlik xərcləri əsasən kirayə haqqı, nəqliyyat və yemək üzərində cəmlənir. Bir tələbənin aylıq xərci ortalama 600-800 AZN arasında dəyişir. Bu məbləğə yemək, nəqliyyat, dərs materialları və şəxsi xərclər daxildir. Xərcləri düzgün idarə etmək, tələbənin həyatında müvəffəqiyyətli olmağına kömək edəcək əsas bacarıqlardan biridir.

 

Tələbə həyatının məqsədi və motivasiya

 

Bütün bu çətinliklərə baxmayaraq, tələbələrin əsas motivasiyası öz ixtisaslarının peşəkarı olmaq və çəkdikləri əziyyətlərin qarşılığını layiqincə almaqdır. Tələbəlik dövrü yalnız təhsil mərhələsi olmaqla kifayətlənmir, həm də tələbələrin həyat məktəbi kimi fəaliyyət göstərir. Bu dövr, çətinliklərlə mübarizə aparmaq, sərbəst və doğru qərarlar qəbul etmək, həmçinin gələcəyi formalaşdırmaq bacarığı ilə tələbələrə dəyərli həyat dərsləri verir.

 

Nəticə olaraq, tələbə həyatı həm çətinlikləri, həm də fürsətlər ilə doludur. Tələbələr maddi sıxıntılara və gündəlik çətinliklərə baxmayaraq, gələcəklərinə yönəlmiş əzmkarlıq və bacarıqla həyat məktəbindən keçirlər.

Şok açıqlama - İran hər an vurula bilər
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox