Qəbul imtahanlarına hazırlaşan abituriyentlərin ən çox şikayət etdiyi mövzulardan biri də əlavə dərsliklərin, test və ya qayda kitablarının baha olmasıdır. Bu hall ilə rastlaşan şagirdlər dərs vəsaitlərini elektron şəkildə əldə etməyə məcbur olurlar. Sözsüz ki, dərslərin elektron cihazlardan öyrənilməsi onların diqqətlərini əsas istiqamətdən yayındıra bilər.
Maraqlıdır ki, hazırlıqlar üçün nəzərdə tutulan dərs vəsaitlərinin qiyməti niyə bahadır?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Elnur Hacıyev qeyd edib ki, dövlətin təhsil proqramına uyğun dərslikləri rəqəmsal platformalarda sərfəli qiymətə təqdim etməsi, sosial bərabərliyi artırmağa kömək edə bilər:
“Abituriyentlər üçün nəzərdə tutulan dərs vəsaitlərinin qiymətinin yüksək olmasının müəyyən səbəbləri var. Bu, istehsal və yayım xərcləri ilə əlaqəlidir. Alternativ yollardan istifadə etməklə abituryentlər üçün dərs vəsaitlərini ucuz və ya pulsuz əldə etmə imkanları yaratmaq mümkündür”.
Həmsöhbətimiz qeyd edib ki, dərs vəsaitlərinin “PDF” formatlarını endirimli və ya pulsuz təqdim etmək abituriyentlər üçün əlverişli olar:
“Bəzi ölkələrdə dövlət tərəfindən təhsil üçün nəzərdə tutulan bütün dərs vəsaitləri onlayn olaraq, yəni “PDF” və ya digər formatlarda, pulsuz paylanılır. Bununla yanaşı dərs vəsaitlərinin “PDF” formatlarında istifadəsinin müəyyən mənfi təsirləri də mövcuddur. Telefon və ya digər elektron cihazlarda dərs materiallarını oxumaq bəzən diqqət dağılmasına səbəb ola bilir. Bu da abituriyentin konsentrasiyasını itirməsinə və effektiv öyrənməsinə mane ola bilər.
Bundan başqa açıq mənbələr (open-source) dərs vəsaitləri hazırlayaraq abituriyentlərə təqdim edilə bilər. Bu dərs vəsaitləri yüksək keyfiyyətli və ödənişsiz olmaqla yanaşı hamı üçün əlçatan olar. Elektron kitabların çaplı versiyalarla müqayisədə daha ucuz olması nəzərə alınaraq, rəqəmsal dərs vəsaitlərinə daha çox yönəlmək daha məqsədəuyğundur.
Onlayn dərslər və dərs vəsaitləri: məsələn, videodərslər, interaktiv tədris platformaları və test sistemləri təqdim edən mənbələrin yaradılması abituriyentlərə daha əlçatan olar. Bu da dərs vəsaitlərinin qiymətini azaldıb, eyni zamanda dərs keyfiyyətini artıra bilər”.
Ekspert bildrib ki, abituriyentlər üçün ikinci əl satışlarının təşkili də qiymətləri aşağı sala bilər. Tələbələr vaxtilə istifadə etdikləri dərs kitablarını abituriyentlərə təklif edərək, onlara daha münasib qiymətə kitab alma imkanı verər:
“Rəqəmsal dərsliklər, videolar, oyunlar, simulyasiyalar və testlərin mövcudluğu abituriyentlərə daha maraqlı tədris imkanları yarada bilər. Bu tətbiqlər dərs proqramlarını, testləri və öyrənmə materialları yaradaraq istifadəçilərə birbaşa dərs keçməyə imkan verər. Bu cür interaktiv materialları telefon və ya tablet vasitəsilə oxumaq asandır və əlçatandır”.