Azedu.az

Yüksək təhsil haqqı: Tələbələrə semestr nəticələrinə uyğun güzəşt edilsin - TƏKLİF 

Tələbə və şagird

25 Noyabr 2024, 13:12
Yüksək təhsil haqqı: Tələbələrə semestr nəticələrinə uyğun güzəşt edilsin - TƏKLİF 

“Təhsil haqlarında güzəşt etsək təhsil sisteminə müsbət təsir edər və tələbələr arasında daha çox rəqabət yaradaraq, təhsil keyfiyyətini artırar”

 

Bu sözləri AzEdu.az-a açıqlama verən təhsil eksperti Ramin Nurəliyev qeyd edib.

 

Ekspert qeyd edib ki, bir sıra ölkələrdə təhsil haqqı mövzusunda tələbələrə fərqli istiqamətlərdə güzəştlər edilir:

 

"Ölkəmizdə təhsil haqqı ilə bağlı Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri ilə müqayisə etdikdə, qiymətlər arasında böyük bir fərq olmadığını müşahidə edə bilərik. Lakin, Avropa, Amerika və Kanada ilə müqayisə etdikdə, təhsil haqqı daha aşağıdır.

 

Bununla yanaşı, təhsil haqları məsələsində əsas fərq güzəştlərin tətbiqindədir. Xarici ölkələrdə təhsil haqları ilə bağlı fərqli güzəşt metodları mövcuddur. Bu güzəştlər əsasən iki istiqamətdə həyata keçirilir. Birinci istiqamət, tələbənin sosial vəziyyəti və ya valideynlərindən birinin itirilməsi ilə bağlı tətbiq olunan güzəştlərdir. Həmçinin, tələbə orta məktəbdə yüksək nəticələr göstəribsə (məsələn, nümunəvi şagird olubsa və ya olimpiadada iştirak edibsə), o zaman təhsil haqqında müəyyən güzəştlər tətbiq olunur.

 

İkinci güzəşt istiqaməti isə daha maraqlıdır. Məsələn, tələbə birinci kursda yüksək qiymət tələb edən bir ixtisas üzrə ödənişli təhsil alır və semestr imtahanlarında 100 baldan 89 bal toplayarsa, universitet növbəti tədris ili üçün təhsil haqqında güzəşt edir.

 

Bu cür güzəştlər tələbələr arasında sağlam rəqabət yaradır və bu prosesi ölkəmizdə də tətbiq etmək mümkündür. Misal olaraq, əgər ortalama təhsil haqqı 200 manatdırsa, tələbə semestr imtahanında 80-90 bal arası nəticə göstərərsə, ona 15% güzəşt tətbiq oluna bilər. 90-100 bal arası nəticə göstərən tələbələrə isə 30-40% güzəşt edilə bilər. Bu cür güzəştlərin tətbiqi təhsil sisteminə müsbət təsir edər və tələbələr arasında daha çox rəqabət yaradaraq, təhsil keyfiyyətini artırar”.

Şok açıqlama - İran hər an vurula bilər
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox