Azedu.az

Şagirdlərdən telefon alınmalıdır - "Müəllimlərin videolarını çəkə bilirlər"

Tələbə və şagird

7 Noyabr 2024, 09:30
Şagirdlərdən telefon alınmalıdır - "Müəllimlərin videolarını çəkə bilirlər"

“Şagirdlərin məktəbdə smartfonlardan istifadə etməsi doğru deyil”

 

Bu sözləri AzEdu.az-a müsahibəsində təhsil eksperti Ramin Nurəliyev deyib.

148667

O, qeyd edib ki, valideynlərin övladlarına smartfon telefon verərək məktəbə göndərmələri həm məktəbin nizam-intizam qaydasına ziddir, həm də şagirdin özünə ziyandır:

 

“Təəssüf ki, şagirdlər smartfonlarla dərs zamanı bir-birinə hər hansısa tik-tok videoları göndərə, yaxud da müəllimlərin videolarını çəkə bilirlər.  İcazəsiz video qeydiyyata almaq isə həm nizam-intizam qaydalarına ziddir, həm də məsuliyyətə səbəb olaraq, inzibati xəta formalaşdırır.

 

Təkcə məktəbdə deyil, ümumiyyətlə uşaqların smartfon işlətməsi doğru deyil. Bu telefonlar internetə qoşula bildiyi üçün uşaqlar onlara aid olmayan bir çox məlumatlara daxil ola bilirlər.

 

Birinci növbədə burada məsuliyyət valideynin üzərinə düşür. Onlar smartfonlarla övladını məktəbə göndərməməlidirlər. Əgər göndərmək istəyirlərsə, uşaqlara sadə telefon ala bilərlər.

 

Hazırda sosial şəbəkələrdə qeyri-etik davranışdan tutmuş, tərbiyəvi xüsusiyyətlərə qədər lazımsız N sayda məlumatlar var. 6-7-8 siniflərdə oxuyan uşaqlar yaşlarına uyğun olmayan bəzi videoları və məlumatları bir-birləri ilə paylaşırlar. Bu da təbii ki, həm şagirdin tərbiyəsinə mane törədir, həm də dərslərdən yayınmasına səbəb olur.

 

Yuxarı siniflərdə abituriyentlər universitetə hazırlaşan vaxtlarda telefonun onlara nə qədər zərər verdiyinin şahidiyik”.

 

“Baxırsan ki, bəzi valideynlər 5-6-cı sinifdə oxuyan övladına son model telefon alıb, məktəbə göndərir”,-deyə müsahibimiz vurğulayıb:

 

“Uşağa son model telefon almaqla varlılığımızı göstəririk, yoxsa övladımızın bahalı telefon işlətməyini reklam edirik? Əgər belə bir niyyətimiz varsa da, bu yenə yalnışdır.

 

Valideynlərdən əlavə müəllimlərin özləri də şagirdlərə telefon üzərindən həll olunacaq tapşırıqlar verməməlidirlər. Bəzi yuxarı siniflərə dərs keçib, repetitorluq fəaliyyəti ilə məşğul olan müəllimlər var ki, telefondan pdf-lər göndərib, tapşırıqlar verirlər. Xüsusən də bunu ingilis dili müəllimləri edirlər.

 

Bu gün hər bir ixtisas üzrə, hər bir fənn üzrə saysız-hesabsız dərsliklər var. Buna görə də şagirdlərə daha çox kitablardan tapşırıqlar verilməlidir. Bu onların həm kitab oxuma ənənələrini formalaşdıracaq, həm də vaxtlarını daha düzgün idarə etmələrinə yardımçı olacaq.

 

Valideynlərə tövsiyəmiz uşaqlarına smartfon verməmələridir. Əgər telefon alıblarsa, o zaman diqqətli olsunlar. Onların hansı linklərə, hansı saytlara daxil olduqlarına nəzarət etsinlər, vaxtlarını nəyə sərf etdiklərini müşahidə etsinlər.

 

Müəllimlərdən də istəyimiz odur ki, smartfon telefonlarla bağlı tapşırıqları uşaqlara verməsinlər. Əgər xarici dildən dinləmə tapşırıqları varsa, onları da öz telefonlarından şagirdlərə dinlətsinlər, ya da valideynlərin olduğu qruplara göndərsinlər”.  

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox