Son zamanlar cəmiyyətdə belə bir məsələ gündəmə gətirilir. Belə ki, bəzi müəllimlər qeyd edirlər ki, şagirdlər 5-6-7-ci sinifdə oxumasına baxmayaraq hələ də ibtidai sinif materiallarını tam mənimsəməyiblər.
Belə olduqda müxtəlif fənn müəllimləri dərs saatında məcbur qalır ki, tədris etdiyi fəndən əlavə ibtidai sinif materiallarını yenidən şagirdə izah etsin. Təbii ki, bu da müəllimlər tərəfindən birmənalı qarşılanmır.
Bu gün ibtidai təhsilin bünövrəsinin yaxşı qurulmasında müəllimlərin, şagirdlərin, eləcə də valideynlərin üzərinə düşən öhdəlik nələrdir?
Məsələ ilə bağlı AzEdu.az-a açıqlama verən “Əməkdar müəllim”, sabiq deputat Sona Əliyevanın sözlərinə görə, belə bir halın olması ümumiyyətlə yolverilməzdir, bu həmin məktəbdə tədris keyfiyyətinin aşağı və idarəetmənin zəifliyinin göstəricisidir:
“İbtidai təhsil hər bir şəxsin gələcək təhsilinin təməlini təşkil edir, məhz ibtidai təhsilimizdə öyrəndiyimiz əsas bilik, bacarıq və səriştələr həyat boyu uğur qazanmağımız üçün zəruridir. Bu təhsil pilləsində öyrənilənləri akademik göstəricilərlə qiymətləndirmək, sadəcə texniki prosesdir, bu həmdə əsas həyat bacarıqlardır.
Bu kimi neqativlərə yol verən, bu səviyyədə təhsil-tədris qurulmasına şərait yaradanlar isə sadəcə vicdansızdırlar. Müəllimlərə isə tövsiyəmiz mütləq şəkildə öyrənmə prosesini gündəlik yaşamla və həyat təcrübəsi ilə əlaqələndirmələridir.
Çünki təhsil alan hər bir uşaq anlamalıdır ki, təhsilin mahiyyəti nədir, və ona keçilən fənləri niyə öyrənməlidir, bu bilik və bacarıqlar ona necə və harada lazım olacaq?”.
Həmsöhbətimiz qeyd edib ki, ibtidai təhsildə təkrara daha çox vaxt ayrılmalıdır:
“Əlbəttə ki öyrədici interaktiv oyunlar, əyləncəli mobil tətbiqlərin mövcudluğu, ümumiyyətlə rəqəmsal texnologiyadan istifadə tədrisə olan marağı daha da artıra bilər. Bu kimi vasitələr uşaqlara öyrəndiklərini tətbiq etməyə və təkrarlamağa imkan verir.
İbtidai təhsildə düşünürəm ki, təkrara daha çox vaxt ayrılmalı, öyrənilən bilik və bacarıqların uzunmüddətli yadda saxlanılması üçün çalışılmalıdır. Valideynləri də unutmaq olmaz, onlara da övladları ilə məşğul olmaları üçün müvafiq tövsiyələr verilməlidir.
Ümumiyyətlə təhsil sadəcə biliyin ötürülməsi vasitəsi olmamalıdır, təhsil insan həyata hazırlayan və ona həyatı əhəmiyyətli bilik və bacarıqların həm də tətbiqini öyrədən proses çevrilməlidir”.