Azedu.az

Yüksək balın karyeraya təsiri: 700 bal toplayanların neçəsini vəzifədə görmüşük?

30 Oktyabr 2024, 15:06
Yüksək balın karyeraya təsiri: 700 bal toplayanların neçəsini vəzifədə görmüşük?

Universitetlərdə prestijli ixtisasların balı daha yüksəkdir. Ancaq əsas məsələ yekunda yaxşı karyera qurmaqdır.

 

Bəs, görəsən, qəbul balının karyeraya həqiqətən də təsiri varmı?

 

Mövzu ilə bağlı Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri AzEdu.az-a açıqlama verib.

 

Müsahibimiz bildirib ki, qəbul imtahanında toplanılan bal gələcək karyeraya təsir etmir:

 

“Ali məktəblərə qəbul imtahanında toplanılan bal gələcək karyeraya təsir edə bilməz. Balın karyeraya təsir etməsi təhsilə, qəbul prosesinə, eləcə də karyera adına məntiqsizlikdir.

 

Obrazlı müqayisə aparsaq prosesi daha aydın şəkildə təhlil edə bilərik.

 

I mərtəbədən II mərtəbəyə qalxmaq üçün liftdən istifadə etməliyik. II mərtəbəyə yüksəldikdən sonra orada hansısa işlə məşğul olmaq bizim seçimimizdir. Lift isə burada öz missiyasını həyata keçirib. Qəbul prosesi də liftin funksiyası ilə eyni işləyir. Müəyyən ixtisasla bağlı tələb olunan keçid balı ya toplanılır, ya da toplanılmır. Müvafiq balı topladıqdan sonra tələbə adını qazanıb, auditoriyaya daxil olduqdan sonra həmin bal lift kimi funskiyasını yerinə yetirib, aradan çıxır. Artıq növbəti mərhələdə tələbə-universitet ikilisi davam edir”.

 

Bizdə universitetə qəbul prosesi yetərincə qəliz və çətindir, eləcə də məktəbin nüfuzunu hədsiz dərəcədə zəiflədən mexanizmdir:

 

“Dövlət İmtahan Mərkəzinin (DİM) bazasında hər bir şəxsin dataları yerləşir. Həmin məlumatlarda şəxsin universitetə qəbul balı da göstərilir. Amma heç bir iş yerində HR-lar (insan resursları üzrə mütəxəssislər) universitetə qəbul nəticələrinə baxmırlar. Bu onlara maraqlı da deyil.

 

Abituriyent yox, tələbə kimi fikirləşmək istəyənlər: “Mən neçə bal topladım?” “Filankəs neçə bal toplamışdı?”,- kimi suallardan çıxmalıdırlar. Ümumiyyətlə tələbə topladığı balı unutmalıdır. Tələbənin zəhməti və fədakarlığı hesabına toplanılan bal  öz missiyasını yerinə yetirib, aradan çıxmalıdır. Biz: “Bu qədər bal toplamışam” yanaşmasını ləğv etməliyik.

 

Sevindirici hal oldur ki, əmək bazarında, eləcə də istehsalatın bəzi sahələrində hələ də, diplomun rəngi sorğu-sual predmetinə çevirilsə də, universitetə qəbul balı o qədər də öz sözünü demir”.

 

“Toplanan bal karyeraya yalnız bu mexanizmlə təsir edə bilər”,- deyə E.Nuri qeyd edib.

 

“Abituriyentin topladığı 650-700 bal ona böyük stimul verə bilər. Həmin motivasiya ilə o, universitet illərini uğurla başa vurub, karyera qurub, əmək bazarı üçün özünü digərlərinə nisbətdə daha bilikli və hazırlıqlı formalaşdırır. Balın tələbəyə 4-5 il ərzində verdiyi motivasiya karyeraya təsir edə bilər. Amma nəzərə almalıyıq ki, bu hər adamda olmur.

 

Qəbul prosesi tarixində indiyə qədər 90-a yaxın gəncimiz 700 bal toplayıb. Onların biz neçəsini tanıyırıq? Neçəsini yüksək dövlət postlarında, yaxud böyük iş adamı, sahibkar kimi görürük? Çox az bir qismini...

 

Belə qənaətə gəlirik ki, balın missiyası tələbə auditoriyaya daxil olana qədərdir. Amma biz hələ də bal prinsipindən asılı qalmışıq. Ümumiyyətlə qəbul prinsipləri, metodikası, modulu dəyişməyincə bu cür söhbətlər hələ çox olacaq.

 

Axı nəyə görə karyera planlamasında, əmək bazarında, istehsalat dünyasında topladığımız balı düşünməliyik? Bu balı düşünməyin özü belə ayıbdır.

 

Özünü əmək bazarının praktiki tələblərinə görə formalaşdıran insan, iş dünyasında diplomunun rəngindən çox,  xarici dili  və professional ofis proqramı biliyinin daha  vacib olduğunu, iş mühitinin tələb və təklif prinsipində müxtəlif proqramların, layihələrin idarə edilməsi, time menecment-in (vaxtın idarəolunması) universitetdə keçirilən bəzi fənlərdən önəmli olduğunu bilib, qəbulda topladığı balı çoxdan unudacaq.

 

Qəbul imtahanında toplanılan bal abituriyent səviyyəsində olan tələbənin yaddaşında ola bilər. Çox təəssüf ki, bu düşüncə hələ də mövcuddur. Bunun aradan qaldırılması mütləq vacibdir. Karyera, uğurlu iş əmək bazarında toplanılan baldan qətiyyən asılı ola bilməz”.  

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox