Azedu.az

Şair Ramaldanov: Bütün ixtisaslarda əsgərlər üçün xüsusi bölmələr yaradılmalıdır

Tələbə və şagird

18 Oktyabr 2024, 11:18
Şair Ramaldanov: Bütün ixtisaslarda əsgərlər üçün xüsusi bölmələr yaradılmalıdır

Xəbər verdiyimiz kimi, intellektual cəhətdən fərqlənən gənclər həqiqi hərbi xidməti Milli Müdafiə Universitetinin İntellektual qabiliyyətli bölmələrində keçəcəcklər.

 

Bəs, görəsən, yeni qərarın təhsilə, eləcə də hərbiyə nə kimi faydaları olacaq?

 

Mövzu ilə bağlı ehtiyatda olan polkovnik, Qarabağ müharibəsi və Silahlı Qüvvələrin veteranı, hərbi ekspert Şair Ramaldanov AzEdu.az-a açıqlama verib.

 

Ekspert bildirib ki, bu gün kompüter proqramçısının, həmçinin informasiya texnologiyaları (IT) mütəxəssisinin səngərdə avtomat tutub, atıcı kimi xidmət etməsi o qədər də düzgün deyil:

 

“Azərbaycan Ordusunda daim axtarışlar, təkmilləşmələr gedir. Ordumuzdakı rəqəmsal texnologiyalar intellektual potensiallı kadrlar tələb etdiyi üçün bu şəxslərin hərbidə məqsədyönlü istifadəsi müsbət addımdır.

 

İntellektual qabiliyyətli bölmələrin yaradılması barədə bir müddətdir söhbətlər gedirdi. Bu baxımdan belə bir qərarın qəbul edilməsi mənim üçün gözlənilməz olmadı.

 

Hərbi sahə bir qədər özəldir. Ancaq buna baxmayaraq kompüterlərdə müəyyən proqramların yaradılması üçün mütləq IT mütəxəssisləri olmalıdır. Hərbidə kiberterrorizm, kibertəhlükə hallarının yaranmasından sığortalanmaq üçün peşəkar kibertəhlükəsizlik heyətinin işə cəlb olunması vacib idi.

 

Milli Müdafiə Universitetini nəzdində belə bir qrupun yaradılması, xidmətin səngərdə yox, məhz orada keçilməsi, eləcə də IT sahəsi üzrə Müdafiə Nazirliyi tərəfindən qarşıya qoyulan tapşırıqların əsgərlər tərəfindən yerinə yetirilməsi çox yaxşı addımdır.  

 

Həmçinin, əsgərlərin orada tədqiqatlar aparmaq imkanları da yaradılacaq. IT ixtisasında təhsil alanların bəziləri gələcəkdə elə hərbi sistemdə xidməti davam etdirəcəklər. Çünki xidmət zamanı fəaliyyətindən asılı olaraq özünü hərbi perspektivdə görənlərin sonradan müəyyən vəzifələrdə xidmət etmələri istisna olunmur.

 

IT elə bir sahədir ki, o daim yenilənir. Dünənki yanaşmalar bu gün hansısa formaya keçə bilir. IT-də oxuyanların bir müddət öz sahələrindən ayrılması biliyin itkisinə gətirib çıxarır. Bu baxımdan gənclərin informasiya texnologiyaları sahəsində hərbi xidmətə cəlb edilməsi onların kadr kimi inkişafına nail olmaqdır.

 

Əvvəla həmin əsgərlər üçün baza yaradılır. Hansı ki, onlar müəyyən bazada öz peşələrini praktiki şəkildə öyrənirlər.

 

Hərbidə istifadə olunan proqramlar, eləcə də IT sistemi ən qabaqcıl yanaşmalara söykənir. Belə olduqda, əsgərlər yeni tələblərə, proseslərə cəlb olunaraq bilik və bacarıqlarını artıra bilirlər.

 

Zaman keçdikcə nəinki IT, eləcə də digər sahələr üzrə ali təhsili olan savadlı gənclərin orduda və silahlı qüvvələrdə öz ixtisası üzrə hərbi xidmət keçilmələri çox yaxşı olar. Onların bakalavr təhsilindəki savadını məhz hərbi xidmətdə məqsədyönlü şəkildə istifadə etmələri dövlətə və silahlı qüvvələrə daha çox xeyir gətirə bilər”.

 

Müsahibimiz bildirib ki, Milli Müdafiə Universitetində hərbi xidmət keçdikdən sonra əsgərlər artıq təcrübəli kadr kimi əmək bazarına daxil olacaqlar:

 

“Hələ ki, proses IT sahəsində yüksək intellektli tələbələr üçün nəzərdə tutulub, amma ola bilsin ki, gələcək illərdə bütün ixtisaslar üzrə bölmələr yaradıldı.

 

Hazırda müdafiə sənayesində cürbəcür təmir və istehsal sahələri var. Düşünürəm ki, bakalavr savadı olan gənclər hərbi xidmətlə bərabər məhz Müdafiə sənayesində hərbi yönlü produktun istehsalında öz xeyirlərini verə bilərlər.

 

Biri var ki, şəxsin savadı olmasın, o zaman o, hərbi xidmətə gedib atıcı kimi hazırlanır, silah götürüb səngərdə xidmət keçir. Biri də var ki, ali savadlı uşaqdır, müəyyən sahədə özünü inkişaf etdirib. Bu zaman onun savadını uyğun olan sahə üzrə hərbi xidmətdə istifadə etmək olar”.

 

“Azərbaycan Tibb Universitetini (ATU) bitinlərin böyük bir hissəsinin biliyi hərbi sahədə istifadə olunmur”,-deyə Ş.Ramaldanov vurğulayıb:

 

“Tibb Universitetinin məzunları da əsgər kimi hərbi xidmətə gedirlər. Ancaq onların həkim kimi faydaları, səngərdə silah tutmalarından daha üstün ola bilər. Bəzi hallarda görürük ki, tibb məzunları əsgərlikdə öz müraciətləri əsasında hərbi həkim kimi çalışırlar. Amma bu proses rəsmi olaraq qanunlaşdırılarsa, o zaman bütün məzunlar hərbidə tibb sahəsi üzrə öz faydalarını verə bilərlər. Lakin problem odur ki, hərbidə orta və tibbi personallar bütün ştatları tutub. Bu görə də əsgərlərə həmin bölmələrdə yer olmur. Necə ki, IT üzrə qanun yaradılıb, eləcə də digər ixtisaslar, xüsusən də tibb üzrə qanun yaradılarsa, tələbələr universiteti bitirib, öz sahələri üzrə xidmət edərlər.

 

Ümumiyyətlə Silahlı Qüvvələr və Müdafiə Sənayesi bir-birinə bağlı sahələrdir. Müdafiə Sənayesi Nazirliyi ali savadlı mütəxəssisləri öz işində istifadə edə bilər”.

 

Qeyd edək ki, Azərbaycan Ordusunda yeni yaradılan İntellektual qabiliyyətli bölmələrdə Dövlət İmtahan Mərkəzinin ali təhsil müəssisələrinə qəbul imtahanından bütün ixtisaslar üzrə 600 və yuxarı bal toplamış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmiş “Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydası”nın şərtlərinə uyğun olan qaliblər, həmçinin cari təqvim ilindən əvvəlki təqvim ilinin nəticələrinə görə beynəlxalq reytinqi (“Times Higher Education (THE) World University Rankings” və ya “Academic Ranking of World Universities” (Shanghai)) 500-cü yerdən aşağı olmayan sırada yer alan xarici ali təhsil müəssisəsinin bakalavriat və ya magistratura proqramlarının məzunları olan çağırışçılar xidmət edəcəklər.

 

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox