Azedu.az

"Şagirdləri ev tapşırığıyla yükləmək doğru deyil"

Tələbə və şagird

2 Oktyabr 2024, 10:28
"Şagirdləri ev tapşırığıyla yükləmək doğru deyil"

İki həftədən çoxdur ki, tədris prosesi başlayıb. Məktəb şagirdlər üçün hər nə qədər əyləncəli olsa da, müxtəlif fənlər üzrə ev tapşırıqlarını həll etmək də bir o qədər yorucudur.

 

Bəs, görəsən, şagirdlərə ev tapşırıqları verilərkən fənlər üzrə bölgülər necə aparılmalıdır?

 

Mövzu ilə əlaqədar təhsil üzrə mütəxəssis Qoşqar Məhərrəmov AzEdu.az-a açıqlama verib.

 

O, qeyd edib ki, şagirdlərə ev tapşırıqları həftədə ən az bir dəfə verilməlidir:

 

“Ev tapşırığı məktəbdən və müəllimdən asılı olaraq fərqlənə bilir. Xüsusilə dövlət məktəbində şagird auditoriyasını orta və aşağı təbəqənin uşaqları əhatə edirsə, bu halda istər-istəməz tapşırıq gözləntisi az olur. Əgər məktəb idman, yaxud incəsənət təmayüllüdürsə, burada da tapşırıqlar az olur. Amma bəzi dövlət məktəbləri var ki, onlar daha çox akademik yönə istiqamətləniblər. Valideyn övladını o məktəbə gətirərkən məhz akademik səviyyəni nəzərə alır. Bu baxımdan da müəllimlər şagirdlərə daha çox diqqət yetirirlər. Həmin məktəblərdə ev tapşırıqları həftədə bir neçə dəfə verilir.

 

Ev taprşırıqları sadəcə test həll etmək, sual yazmaqdan ibarət olmamalıdır. Onlar zəngin spektora malik olmalıdır. Burada şagirdlərə tədqiqat, təqdimat, hansısa eksperiment, videoların çəkilməsi, esse yazmaq, sual yazmaq, onları həll etmək və s. kimi seçimlər verilməlidir.

 

Bizim şagird və müəllimlərimiz bəzən elə anlayırlar ki, ev tapşırığı sualı həll etmək və dərsi öyrənməkdən ibarətdir. Amma bu belə deyil.

 

Xarici təcrübəmə və müşahidələrimə əsasən onu deyə bilərəm ki, Amerikada, Finlandiyada, Avstraliyada, Sinqapurda ev tapşırığı ən az həftədə 1 dəfə verilir və onun diferensiasiyasına diqqət yetirilir. Çünki uşaqların hər biri mövzunu eyni formada qavramırlar. Tapşırıqların diferensiasiyası isə müxtəlif tip öyrənənlərə xitab edir”.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox