Türkiyədə baş verən zəlzələ nəticəsində artıq minlərlə yaralı və həyatını itirən şəxs var. Rəsmi məlumatlarda hələ ki, onlar arasında azərbaycanlı tələbələrin olmadığı bildirilir. Qeyd edək ki, qardaş ölkədə 26700 azərbaycanlı təhsil alır.
AzEdu.az Türkiyənin Ankara və İstanbul şəhərlərindəki tələbələrimizlə əlaqə saxlayıb. Onlar bildirib ki, zəlzələ həmin şəhərlərdə hiss olunmayıb, vəziyyətləri yaxşıdır və narahatçılığa əsas yoxdur.
Türkiyənin Bursa Uludağ Universitetində təhsil alan tələbəmiz Fatimə Məmmədova isə qeyd edib ki, hazırda ölkəmizə dönə bilməyən tələbələrimiz də var:
“Təhsil aldığım şəhərdə azərbaycanlı tələbələr çoxdur. Onu deyə bilərəm ki, zəlzələ ətraf şəhərlər olan Ankara və Samsunda Bursaya nisbətən daha çox hiss olundu.
Mənim isə şansım onda gətirdi ki, uçuşlar dayandırılmamış ölkəmə qayıda bildim. Hazırda, Türkiyədə təhsil dayandırılıb. Tələbələrin Azərbaycana qayıda bilməməsinin bəzi səbəbləri var. Buna səbəb müəyyən şəhərlərdə uçuşların məhdudlaşdırılması və ya ləğv olunmasıdır”.