Bu gün Azərbaycanda Elm Günüdür. Təsadüfi deyil ki, bu gün həm də Azərbaycan Milli Elmlər Akademiyasının yaradıldığı gündür. Elmin inkişafı alimlərdən, filosoflardan və elm adamlarından bilavasitə asılıdır.
Beynəlxalq Elm Günü ilə bağlı AzEdu.az-a danışan sabiq deputat, fəlsəfə üzrə fəlsəfə doktoru Etibar Əliyev qeyd edib ki, bu gün elm səviyyəsi üzrə dünya reytinqində ilk sırada duran dövlətlər elmə ən çox vəsait ayıran ölkələrdir:
“Dünya ölkələri üzrə elmin səviyyəsini ölçmək üçün müəyyən indekslər, reytinqlər var. Bu reytinqlərdə elmi tədqiqatların aktivliyi üzrə ölkələrin sıralanmasına da rast gəlirik. Şübhəsiz ki, bu reytinqlərin ilk sıralarında duran ölkələr elmə böyük vəsait ayırmış dövlətlərdir.
İkinci Dünya Müharibəsindən sonra əksər elm sahələri üzrə Nobel mükafatçıları Amerika alimləri olub. Onlar Massaçusetsdə, Stenfordda, Harvarda çalışırlar. Təsadüfi deyil ki, o universitetlərin büdcəsi Azərbaycanın büdcəsindən üç dəfəyə qədər çoxdur. Büdcə çoxluğu tədqiqat aparmaq üçün həmin ölkələrə müstəsna fayda verir. Azərbaycanda isə elmə ayrılan vəsait 0,2 faizdir. Amma bir məsələ də var ki, biz elmə ayrılan vəsaiti artırıb, qısa müddətdə çox böyük uğurlar əldə edəcəyimizi ümid edə bilmərik. Çünki indi alim potensialı və gənclərin elmə marağı bunu söyləməyə heç bir əsas vermir. Bizim yeganə çıxış yolumuz ən istedadlıları ortaya çıxarıb, dünyanın aparıcı universitetlərində təhsillərini davam etdirmələrinə şərait yaratmaqdır. Həmin insanları uşaq yaşlarından başlayaraq aşkarlayıb, qayğı göstərmək lazımdır. Dünyada da bu mexanizm belədir. Orta məktəb yaşından istedadlıları seçib, dövlətin qayğısına buraxırlar. Müəyyən dövrdən sonra həmin uşaqlar məhsuldar fəaliyyətə başlayırlar və gənc nəslin yetişməsində öz töhfələrini verirlər.
Pakistanlı Nobel mükafatı laureatı, fizik Əbdus Salam 300-dən çox pakistanlı fizik və riyaziyyatçı yetişdirib. Biz indi də dünyanın əksər tədqiqat laboratoriyalarında pakistanlı fiziklərə, kimyaçılara, riyaziyyatçılara rast gəlirik. Bizdə isə ancaq özünü öymə var. Detektiv yazan yazıçı deyir ki, mənim 60 cild əsərim var. 60 cildin varsa və ondan 3 milyon çap olunubsa, 1 dollardan satdıqda 3 milyon qazanc əldə edilir. Həmin qazancın hansı hissəsi gənc nəslə xərclənib?”.
“Xeyli akademiklərimiz var ki, saxta elmlə məşğul olurlar”, – deyə E. Əliyev qeyd edib:
“Dünyanın inkişaf etmiş ölkələri riyaziyyat, fizika, informatika sahəsində başqa ölkələrin ən istedadlılarını seçib götürürlər. Onlara təhsil verirlər, ölkə üçün insan kapitalı hazırlayırlar. Amma biz buna barmaqarası baxırıq. Hələ indi belə, xeyli akademiklərimiz var ki, saxta elmlə məşğul olurlar. Dissertasiya yazdırırlar, elmə aidiyyəti olmayan adamları elmə gətirirlər. Bunlar hamısı elmə ləkədir. Çıxış yolumuz odur ki, gənc istedadları seçib, onların təhsillərinə xüsusi qayğı göstərib, elmə gəlmələri üçün yaşıl işıq yandıraq. Onsuz da bu istiqamətdə xeyli vaxt itirmişik, amma yenidən bu işlərə başlamaq üçün gec deyil.
Azərbaycanda elmin populyarlaşdırılması işi həddindən artıq zəifdir. Fərz edək ki, böyük alimlər 27-30 yaşında doktorluq müdafiə ediblər. Bunu böyük bir iş imiş kimi hər kəsə göstərməyə çalışırlar, amma sonra özləri şeir yazırlar. Riyaziyyatçı, kimyaçı, fizik – hamısı şeir yazır. Öz sahələri üzrə bir dənə elmi populyar ədəbiyyat yazan, bir alim yetişdirən yoxdur. Bir universitetimizin rektoru var ki, riyaziyyatçıdır, amma şeir yazır, bizneslə məşğuldur. Bu, elm deyil, onlar elmdən üz döndəriblər. Ona görə də düşünürəm ki, elmin inkişafı barədə xüsusi proqram qəbul olunmalıdır. Bu proqramla elmin populyarlaşdırılması işi aparılmalıdır. Bu gün bir elmi populyar ədəbiyyata rast gəlinmir ki, uşaqlar ona maraq göstərsinlər. Uşaq yaşlarından dünyanın böyük alimlərini elmə gətirən məhz bu cür ədəbiyyatlar olub”.