Hazırda Milli Məclisin Elm və Təhsil Komitəsi, deputatlar tərəfindən "Ali təhsil haqqında" qanun layihəsinin müzakirəsi aparılır. Belə ki, qanunun yaxın müddətdə qəbul olunacağı qeyd edilir.
Bəs, görəsən, qanun nə zaman qəbul ediləcək?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama millət vəkili Ceyhun Məmmədov qeyd edib ki, qanun tam hazır vəziyyətdədir:
““Ali təhsil haqqında” qanunun qəbul olunması ilə bağlı dəfələrlə müzakirələr edilib. Hətta qanunla bağlı Dövlət İmtahan Mərkəzi, ali təhsil müəssisələri ilə geniş müzakirələr aparılıb. Qeyd edə bilərəm ki, son variantın üzərində xeyli dəyişikliklər olub.
Bu gün qanun tam hazır vəziyyətdədir və qəbul edilə bilər. Bu məsələ daha çox Elm və Təhsil Nazirliyindən asılıdır. Düşünürəm ki, Elm və Təhsil Nazirliyi də qanunun qəbul edilməsində maraqlı olmalıdır. Yəni burada əməkdaşlıq olmadan, birgə addımlar atılmadan məsələnin həllinə nail olmaq qeyri-mümkündür.
Ötən sessiyalarda bu məsələ gündəliyə salınmışdı. Lakin qanun layihəsi hələ də qəbul edilməyib. Amma ümid edirik ki, həmin məsələ ya payız, ya da ki, yay sessiyasında yenidən diqqətdə saxlanılacaq. "Ali təhsil haqqında" qanun layihəsinin edilməsi çox önəmlidir. Bir neçə dəfə çıxışlarımda qeyd etmişəm ki, qanunda bizi düşündürən və təhsilimiz üçün önəmli olan xeyli məsələlər və məqamlar yer alır”.
Deputat qeyd edib ki, “Ali təhsil haqqında” qanun Azərbaycan təhsil sisteminə böyük töhfə verəcək:
“Bu gün təhsilimizin qarşısında bir sıra çağrışlar var. Məsələn, doktoranturanın iki mərhələdən ibarət olması Azərbaycan təhsilində ciddi problemlər yaradır.
Buna görə də doktorantura təhsil pilləsinin iki deyil, bir mərhələli olması daha yaxşı olardı. Çünki bu təhsil pilləsini başa vurmaq olduqca çətindir, qaldı ki, ikinci bir mərhələsini başa vurmaq. Odur ki, bu məsələ öz əksini mütləq tapmalıdır və doktaranturanın iki mərhələdən ibarət olması məsələsi gündəmdən çıxarılmalıdır. Dünyanın heç bir yerində heç kim iki dəfə doktorantura oxumur.
Burada universitetlərlə, ikili diplomlarla bağlı məsələlər də var. Düşünürəm ki, qanunda əksini tapan hər bir nüans bizim təhsil sistemimiz üçün son dərəcə önəmlidir. Ən qısa zamanda bu qanunun qəbul edilməsinə çalışmalıyıq. Bütün qurumların birgə əməkdaşlıq etməsi və bu məsələdə maraqlı olmaları vacibdir”.