 
                                Oktyabrın 30-da Özbəkistanın Səmərqənd şəhərində Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatının (UNESCO) Baş Konfransının 43-cü sessiyasının açılış mərasimi keçirilib.
AzEdu.az xəbər verir ki, tədbirdə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, UNESCO-nun Baş direktoru Odri Azule, eləcə də UNESCO üzv dövlətlərinin yüksək səviyyəli rəsmi nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikasını konfransda xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Nümayəndə heyətinin tərkibində elm və təhsil nazirinin müavini Həsən Həsənli yer alır.
Konfrans çərçivəsində üzv dövlətlər tərəfindən UNESCO-nun növbəti dövr üçün prioritet istiqamətləri – təhsilin inklüzivliyi, mədəni irsin qorunması, iqlim dəyişikliyinə qarşı mübarizə və dayanıqlı inkişaf məqsədləri üzrə fəaliyyət planları müzakirə olunur.
Qeyd edək ki, UNESCO-nun Baş Konfransının 43-cü sessiyası 14 noyabr tarixinədək davam edəcək.