Məktəblilərarası Milli Hakaton çərçivəsində həyata keçirilən açıq mərhələ - “Code Hour Challenge” uğurla davam etdirilir. Layihənin məqsədi məktəblilərin informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək, onların texnoloji düşüncə tərzini formalaşdırmaq və gələcəyin innovativ mütəxəssislərinin yetişdirilməsinə töhfə verməkdir.
AzEdu.az xəbər verir ki, Hakaton çərçivəsində iştirakçılara öyrədici və eyni zamanda əyləncəli tapşırıqlar təqdim olunur. İndiyədək iki mərhələ uğurla başa çatıb. Həmin mərhələlərdə şagirdlər rəqəmsal bacarıqlarını və alqoritmik təfəkkürlərini sınaqdan keçirmək imkanı qazanıblar. Nəticə etibarilə, 5-11-ci siniflər üzrə 400 mindən çox şagird bu prosesə qoşulub.
27 oktyabr tarixindən etibarən yeni mərhələlər - “Süni intellekt” və “İnformasiya təhlükəsizliyi” üzrə tapşırıqlar aktivləşdirilib. Bu mərhələlərdə 6-11-ci sinif şagirdləri iştirak edə bilərlər. Onlar bu sahələr üzrə biliklərini artırmaqla yanaşı, mərhələni uğurla tamamladıqları halda sertifikatla təltif olunacaqlar.
Əvvəlki mərhələlərdə iştirak etməmiş şagirdlər codehour.edu.az portalına daxil olaraq qeydiyyatdan keçə və yarışa qoşula bilərlər. Daha əvvəl iştirak etmiş şagirdlər isə mövcud hesabları ilə daxil olaraq yeni mərhələlərdə iştiraklarını davam etdirə bilərlər.