Azedu.az

“Danışır təcrübə” layihəsinin qonağı professor Rafiq Əliyev olub

Elm və Təhsil Nazirliyi

16 Sentyabr 2025, 17:19
“Danışır təcrübə” layihəsinin qonağı professor Rafiq Əliyev olub

Elm və Təhsil Nazirliyi tərəfindən əməkdaşların davamlı inkişafının təmin edilməsi, liderlik və idarəetmə bacarıqlarının artırılması, müasir çağırışlara uyğun kadr potensialının formalaşdırılması məqsədilə həyata keçirilən “Danışır təcrübə” layihəsi uğurla davam edir. 

Bu barədə AzEdu.az Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Budəfəki görüşün qonağı Azərbaycan elminin görkəmli nümayəndəsi, qeyri-səlis məntiq və süni intellekt nəzəriyyəsi sahəsində dünya miqyasında tanınan alim, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Beynəlxalq bakalavr (BA) proqramlarının direktoru, professor Rafiq Əliyev olub.

Professor Rafiq Əliyev tədbirdə “Süni intellekt və qeyri-səlis məntiq: nəzəriyyədən tətbiqə” mövzusunda geniş təqdimatla çıxış edib. Çıxış zamanı o, süni intellektin nəzəri əsasları, tarixi inkişaf mərhələləri, mövcud tətbiq sahələri və bu texnologiyaların cəmiyyətə, iqtisadiyyata və elmə təsirləri barədə dərin elmi yanaşma ilə məlumat verib. Rafiq Əliyev həmçinin qeyri-səlis məntiqin süni intellekt sistemlərindəki rolu, bu yanaşmanın mürəkkəb qərar qəbuletmə proseslərində və qeyri-müəyyən şəraitdə idarəetmədə necə tətbiq olunduğunu izah edib.

Rafiq Əliyev öz çıxışında bildirib ki, qeyri-səlis məntiqə əsaslanan sistemlərin sənayedə, iqtisadi modellərdə və texniki qərar qəbuletmə mexanizmlərində tətbiqi bu gün inkişaf etmiş ölkələrin real iqtisadi gəlirlərinə ciddi təsir göstərməkdədir. Onun sözlərinə görə, Azərbaycanda bu sahənin inkişafı üçün həm nəzəri baza, həm də mütəxəssis potensialı mövcuddur və bu istiqamətdə dövlət və akademik dairələr arasında əməkdaşlıq gücləndirilməlidir.

Tədbir sual-cavab formatında davam edib. İştirakçılar süni intellektin gələcək perspektivləri, etik məsələlər, rəqəmsal transformasiya, idarəetmədə avtomatlaşdırmanın rolu və digər aktual suallar ətrafında fikir mübadiləsi aparıblar.

“Danışır təcrübə” layihəsi çərçivəsində keçirilən bu görüş iştirakçılar üçün həm nəzəri, həm də praktik biliklərin artırılması baxımından faydalı platforma rolunu oynayıb.

Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə
Son xəbərlərDaha çox