14-cü Futzal üzrə Universitetlərarası Avropa Çempionatının qalibi olan Azərbaycan İdman Akademiyasının komandası ilə AFFA-da görüş keçirilib.
AzEdu.az xəbər verir ki, görüşdə elm və təhsil nazirinin müavini, Azərbaycan Tələbə Futbol Federasiyasının prezidenti Firudin Qurbanov, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) icraçı vitse-prezidenti Sərxan Hacıyev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Fərid Mənsurov çıxış ediblər.
Çıxışçılar komandamızın qələbəsini tarixi bir hadisə kimi dəyərləndirərək bütün komanda üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) icraçı vitse-prezidenti Sərxan Hacıyev çıxışında komandamızın yarışda güclü İspaniya və Fransa komandalarına qalib gəlməsini xüsusi vurğulayıb və AFFA-nın prezidenti Rövşən Nəcəfin təbriklərini çatdırıb.
Görüşün sonunda AFFA tərəfindən komanda üzvlərinə hədiyyələr təqdim olunub, xatirə fotosu çəkdirilib.
Xatırladaq ki, Azərbaycan İdman Akademiyasının komandası 17-25 iyul tarixində Xorvatiyanın Zaqreb şəhərində keçirilən 14-cü Universitetlərarası Avropa çempionatında ölkəmizi təmsil edib. Komandamız qrup mərhələsində İsveçrə komandasına (5:1), Xorvatiya komandasına (6:2) qalib gələrək 1/4 finalda Fransa komandası üzərində 5:4, yarımfinalda İspaniya komandasına 5:1, finalda İspaniyanın Valensiya Universitetinin komandasına 7:2 hesabı ilə qələbə qazanaraq Avropa çempionu adına layiq görülüb.
Komandanın Avropa Çempionatında iştirakı Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının, Azərbaycan İdman Akademiyasının dəstəyilə həyata keçirilib.