“Olimpiadalar hər il böyük maraqla keçirilir və olimpiada qalibi olmaq həmyaşıdlarından seçilmək deməkdir".
AzEdu.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev 2024–2025-ci tədris ili üzrə Respublika Fənn Olimpiadalarının qaliblərinin mükafatlandırılması mərasimində səsləndirib.
Nazir çıxışında qalibləri təbrik edərək bildirib:
“Siz həmyaşıdlarınızın cəmi 0.1 faizini təşkil edirsiniz. Bu, böyük məsuliyyətdir və hər zaman yadda saxlanmalıdır. Qazandığınız bu nailiyyət yalnız fərdi uğur deyil, həm də ictimai məsuliyyətdir. Siz malik olduğunuz fitri istedadla təkcə özünüz üçün deyil, həm də cəmiyyət və Vətən üçün faydalı işlər görməlisiniz".
Emin Əmrullayev bildirib ki, əvvəlki illərdə Respublika Fənn Olimpiadalarında cəmi 1000 nəfər iştirak edirdi:
“Hazırda bu göstərici 80 min nəfərə çatıb. Bu, olduqca sevindirici bir göstəricidir. İstedadlı şagirdlərlə işləmək və onların inkişafına dəstək göstərmək əsas istiqamətlərdən biridir. Son bir-iki ildə IV siniflərin sonunda monitorinqlər həyata keçirilir. Bu da o deməkdir ki, artıq 100 mindən çox şagirdin bilik və bacarıqları qiymətləndirilir. Çünki ibtidai təhsilin sonunda biz şagirdlərin gələcək potensialını əvvəlcədən müəyyən edə bilirik”,- deyə nazir əlavə edib.
Qeyd edək ki, Respublika Fənn Olimpiadalarında şagirdlər ümumilikdə 95 qızıl, 170 gümüş və 249 bürünc medal qazanıblar.