Aprelin 24-də Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın aidiyyəti hissəsinin icrası məqsədilə Ədliyyə Akademiyası və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Korrupsiyaya qarşı mübarizə və dövlət qulluqçularının etik davranış qaydaları” mövzusunda təlim keçirilib.
Bu barədə nazirlikdən AzEdu.az-a bildirilib.
Qeyd olunub ki, təlimin məqsədi dövlət qulluqçularının etik davranış normaları, korrupsiyaya qarşı mübarizə mexanizmləri və şəffaf idarəetmə prinsipləri, habelə bu sahədə praktiki bacarıqların təkmilləşdirilməsi, antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı məlumatlılığın artırılmasıdır.
Ədliyyə Akademiyasında keçirilən tədbirin açılışında çıxış edən Akademiyanın prorektoru Elçin Xələfov korrupsiyaya qarşı mübarizədə maarifləndirmənin vacibliyini vurğulayıb. O, bu sahədə keçirilən təlimlərin əhəmiyyətinə toxunaraq qeyd edib ki, maarifləndirmə tədbirləri yalnız Akademiya çərçivəsində deyil, digər qurumlarla əməkdaşlıq şəklində də həyata keçiriləcək. Elçin Xələfov həmçinin artıq anti-korrupsiya mövzusunda dərsliyin hazırlandığını bildirib və gələcəkdə hüquqi maarifləndirməyə dair müxtəlif tədbirlərin keçirilməsinin planlaşdırıldığını qeyd edib.
Daha sonra Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Elvin Rüstəmov çıxış edərək bildirib ki, son illərdə bu sahədə qanunvericilik daha da təkmilləşdirilib, korrupsiyaya qarşı mübarizəyə yönəlik hüquqi baza möhkəmləndirilib və müvafiq qurumlar yaradılıb. Elvin Rüstəmov vurğulayıb ki, korrupsiyaya qarşı mübarizə təkcə hüquqi müstəvidə deyil, həm də ictimai, mədəni və təhsil sahələrində kompleks şəkildə aparılmalıdır. Bu istiqamətdə etik davranış normalarının gücləndirilməsi, vətəndaşların maarifləndirilməsi əsas prioritetlərdəndir. Elm və Təhsil Nazirliyi də bu sahədə mühüm addımlar atıb. Nazirlik tərəfindən təşkil olunan 1800-dən çox maarifləndirmə tədbiri 75 min nəfəri əhatə edib. Bu tədbirlər, xüsusilə təhsil işçiləri və gənc nəslin etik dəyərlərə əsaslanan davranış modeli formalaşdırmasına yönəlib.
Qeyd olunub ki, təhsil sisteminə olan inam, eyni zamanda dövlətə olan güvənin formalaşmasına böyük təsir göstərir. Məhz bu səbəbdən, təhsildə şəffaflığın təmin olunması, korrupsiyanı istisna edən yanaşmaların tətbiqi, cəmiyyətin sağlam inkişafı üçün vacibdir.
Elm və Təhsil Nazirliyinin əməkdaşlarının iştirak etdiyi təlimdə mövzular Ədliyyə Akademiyasının əməkdaşları tərəfindən tədris edilib. Təlim zamanı təhsil prosesində yaranan etik dilemmalar və onların deontoloji həll yolları, korrupsiya hüquqpozmaları və onlara qarşı mübarizənin xarakterik xüsusiyyətləri barədə məsələlərə toxunulub, Ədliyyə Akademiyasının fəaliyyət istiqaməti və Akademiyanın Hüquqi təminat bölməsi tərəfindən vətəndaşlara göstərilən hüquqi yardım barədə məlumat verilib.
Ədliyyə sahəsində idarəetmə kafedrasının müəllimi, təlimçi Fərdin Xəlilov “Təhsil prosesində yaranan etik dilemmalar və onların deontoloji həll yolları” mövzusunda maarifləndirici çıxış edib. Fərdin Xəlilov etik davranış prinsiplərinin yalnız iş mühitində deyil, həm də təhsil prosesində nə qədər vacib rol oynadığını vurğulayaraq, bu sahədə deontoloji yanaşmanın əhəmiyyətini diqqətə çatdırıb.
Daha sonra təlimçi, Ədliyyə Akademiyasının Ədliyyə işçilərinin tədrisi fakültəsinin baş məsləhətçisi Nuridə Əlizadə korrupsiya hüquqpozmaları və onlara qarşı mübarizənin xarakterik xüsusiyyətləri barədə ətraflı məlumat verib. O, “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanuna edilmiş son dəyişiklikləri iştirakçıların diqqətinə çatdıraraq korrupsiya riskləri və bu risklərin idarə olunması mexanizmləri barədə ətraflı danışıb.
Elm və Təhsil Nazirliyinin Daxili Nəzarət şöbəsinin rəisi Kamran İsmayılov çıxışında qurumların fəaliyyətində korrupsiya risklərinin idarə edilməsinin vacibliyini vurğulayıb. Kamran İsmayılov qeyd edib ki, risklərin idarəolunması qurumlara hadisə baş verməzdən əvvəl preventiv tədbirlərin daha aydın mənzərəsini görməyə şərait yaradır. Bundan başqa korrupsiya faktı baş verdikdə ona qarşı reaksiyanın hədəfə yönəlmiş konkret addımlarını müəyyənləşdirməyə imkan verir. Bu və digər yeniliklər zaman keçdikcə korrupsiya risklərinin minimuma endirilməsi üçün mühüm əhəmiyyət kəsb edir.
Digər təlimçi, Ədliyyə Akademiyasının Tədris şöbəsinin rəisi Zeynəb Qənbərova çıxışı zamanı Akademiyanın əsas fəaliyyət istiqamətləri və Hüquqi təminat bölməsi tərəfindən vətəndaşlara göstərilən hüquqi yardım barədə məlumat verib. O, həmçinin Akademiya ilə universitetlər arasında əməkdaşlıq əlaqələrinin qurulmasından bəhs edərək, hüquq fakültəsi tələbələri üçün təşkil olunan kliniki kursların əhəmiyyətini vurğulayıb.
Təlim interaktiv və qarşılıqlı fikir mübadiləsi formasında aparılıb, dinləyiciləri maraqlandıran suallar cavablandırılıb. Sonda təkliflər irəli sürülüb və təlim iştirakçılarına şəhadətnamələr təqdim edilib.