“Emin Əmrullayev ictimaiyyət üçün qaranlıq qalan məqamlarla bağlı rahatlıqla suala cavab verə bilən sadə və təvazökar bir nazir kimi tanınır”.
Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil, ixtisas seçimi və gələcək karyera üzrə ekspert Ramin Nurəliyev bildirib.
Ekspert qeyd edib ki, son 20 il ərzində Elm və Təhsil nazirlərini müqayisə etdikdə, həqiqətən də iş görmək qabiliyyətinə malik bir nazir kimi Emin Əmrullayevi tanıyır:
“Niyə belə düşünürəm? Əsasən bir neçə səbəb var. Düzdür, Emin Əmrullayevin həyata keçirdiyi layihələrin bir hissəsi əvvəlki nazirlərdən qalan layihələrdir və o, sadəcə onların tamamlanmasını təmin edir. Lakin elə layihələr də var ki, tamamilə Emin müəllimin təşəbbüsü və ideyası ilə irəli sürülüb. Mən bu layihələri uğurlu hesab edirəm. Nazir olaraq onun çox gözəl bir ənənəsi var: ictimaiyyətlə açıq görüşlər təyin edir, mətbuat nümayəndələrini bir araya gətirərək sualları cavablandırır. Əvvəlki nazirlərdə bu cür addımları müşahidə etməmişdim”.
Ramin Nurəliyev əlavə edib ki, Emin Əmrullayev bu xüsusiyyətlərinə görə sadə və təvazökar bir nazir kimi cəmiyyət arasında tanınır:
“Elm və təhsil sahəsində kimin nazir olması fərq etməz, cəmiyyət hər zaman müəyyən narazılıqlar səsləndirəcək. Niyə? Çünki təhsilimiz bir qədər 'yaralıdır'. Cəmiyyətimizdə belə bir psixoloji yanaşma formalaşıb. Deyirik ki, təhsil ödənişsizdir – bəli, bu gün ümumi təhsil məktəblərində şagirdlər icbari şəkildə pulsuz təhsil alır. Lakin yuxarı siniflərdə, xüsusilə də universitetə qəbul mərhələsində, məktəblərin şagirdlərə kifayət qədər dəstək verə bilməməsi və tələbləri qarşılamaması valideynləri əlavə xərclərə məcbur edir. Bu isə təhsilə olan ümumi münasibəti mənfi istiqamətə dəyişir”.
Ekspert bildirib ki, bu gün yuxarı sinif şagirdlərinin 90 faizə qədəri repetitor yanına gedir:
“Bu da təbii ki, ödənişli əsaslarla baş tutur. Əgər valideyn övladının təhsil alması üçün cibindən pul xərcləyirsə, təbii olaraq narazılığını da bildirəcək. Hesab edirəm ki, əgər Emin Əmrullayev bu problemi həll edə bilsə, tarixdə iz qoyan bir nazir kimi yadda qalacaq. Bu məsələ köklü şəkildə həll olunmalıdır. Amma bu, asan məsələ deyil”.
Ramin Nurəliyev qeyd edib ki, hazırda yuxarı siniflərin proqramı ali məktəbə qəbul proqramına uyğun deyil:
“Məsələn, 10-cu sinifdə Azərbaycan dili proqramını götürsək, qəbul imtahanlarında düşən sualların 5-10 faizi yalnız 11-ci sinifdə tədris olunur. 10 və 11-ci sinif birlikdə götürüldükdə isə bu, maksimum 15 faizə çatır. Digər fənlərdə də vəziyyət oxşardır. Qəbul imtahanları Azərbaycan dili fənni üzrə 5-ci sinifdən başlayır və ümumi tədris prosesi 7 ilə yayılır. Şagird aşağı sinifdə keçdiyi dərsləri zamanla unudur və bu səbəbdən repetitor yanına getməyə məcbur qalır. Əgər bu problemin həlli tapılarsa, təhsil sahəsində böyük bir uğur əldə edilmiş olar”.
Ekspert vurğulayıb ki, əvvəlki illərlə müqayisədə bugünkü təhsil sistemi arasında ciddi fərqlər mövcuddur:
“Bəzi insanlar, xüsusən də məlumatı az olan kütlə, təhsilin bərbad və pis vəziyyətdə olduğunu deyirlər. Amma fakt budur ki, Elm və Təhsil Nazirliyi böyük bir qurumdur və bir sıra proseslər artıq elektron sistemlə tam şəffaf şəkildə həyata keçirilir. Məsələn, şagirdlərin məktəblərarası yerdəyişməsi tam elektronlaşdırılıb. Keçmişdə direktorların necə və hansı yollarla vəzifəyə gətirildiyini hər kəs bilirdi. Hazırda isə direktorlar mərkəzləşdirilmiş imtahan yolu ilə seçilir. Bu, böyük bir nailiyyətdir”.
O əlavə edib ki, bu gün ali təhsil müəssisələrində rüşvət halları minimuma endirilib:
“Universitetlərdə Bolonya sistemi tətbiq edilir və bu da ciddi bir inkişaf göstəricisidir. Bütün bu müqayisələri aparanda görürəm ki, Emin müəllim əvvəlki nazirlərlə müqayisədə daha uğurlu bir idarəçi kimi çıxış edir”.